BİR AYƏ
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (Bəqərə, 2/183).
Yaradana qarşı ibadət məsuliyyətini daşıyan insan üzərinə vacib olan bütün ibadətlərini əskiksiz yerinə yetirməlidir. Bu ibadətlərdən biri də məhz orucdur ki, Qurani-Kərimdə bir neçə yerdə ona təmas edilmişdir. Yuxarıda qeyd olunan ayeyi-kərimədə orucun iman gətirmiş insanlara xitab edilərək əvvəlki ümmətlərə də fərz olduğu kimi, fərz olduğu bəyan edilmişdir. Allah-Təala orucun vacib olduğunu buyurmaqla yanaşı, onun insan üçün hansı faydaların olduğunu da açıqlamışdır: Pis əməllərdən çəkinmək...
Həqiqətən, ibadətlərin ən əsas xüsusiyyəti pis əməlləri, xoşa gəlməyən işlərin qarşısını almaq, yaxşı əməllərə isə təşviq etmək mahiyyəti daşıyır. Oruc da daxil olmaqla bütün ibadətlər elə bir duyğu və ruh halı ilə əda edilməlidir ki, insan o ibadəti etməklə həm mənəvi həzz alsın, həm də etdiyi ibadəti onu bir insan kimi şəxsiyyətini formalaşdırsın. Belə bir düşüncədən məhrum və təcrid olunmuş bir ibadət anlayışı nə o insanın şəxsinə, nə də cəmiyyətinə fayda qazandırar.
Hicrətin ilk illərində Hz. Peyğəmbər (s.ə.s) ayda üç gün olmaqla nafilə oruc tuturdu. Hicrətin ikinci ilində qiblənin dəyişməsindən sonra Şaban ayının onunda bu ayə ilə ramazan orucu fərz qılınmışdır.
Dilimizdə “oruc” mənasına gələn “siyam, sovm” kəlmələri “nəfsi meyil etdiyi şeylərdən qorumaq və saxlamaqdır”. Beləliklə, oruc qalxandır, zirehdir. İnsanı bəd əməllərdən, mənfi hisslərdən qoruyandır. Elə bir qalxan ki, ətrafında nəfsə xoş gələn nə qədər ünsürlər olursa-olsun Allahın xatirinə insan ondan üz çevirər və Rəbbinin razı olduğu əməllərə tərəf meyl edər. Beləliklə, oruc insanın iradəsini möhkəmləndirən xüsisiyyətə malikdir.
Mömin insan digər möminlərin acısına, kədərinə və sevincinə şərik olmalı, onların sıxıntı və çətinliklərini özününkü kimi bilməli və yaşamalıdır. Belə keyfiyyətlərin insana qazandırmasında rol oynayan orucun əsas amillərindəndir.
Beləliklə, orucun əsas qayə və hədəfi meydana çıxır ki, bu da təqvadır. Qəlbləri oyandıran, dirildən, daima Allahı zikri ilə məşğul edən təqvadır.
Möminlər bu ayənin ehtiva etdiyi “Ey iman gətirənlər” şəklindəki xitabını dərindən dərk etməli, Allahın nəzdində təqvanın nə dərəcədə vacib olduğunun fərqində olmalıdırlar: “Ola bilsin ki, günahlarınızdan təmizlənib içinizdəki Allaha olan təqvanızı daha da artırasınız”.
Rəbbim bizi əmrlərinə itaət edən, nəhy və qadağalarından da çəkinənlərdən eyləsin!
ŞƏRHLƏR