ÖMRÜNÜ XİDMƏTƏ HƏSR EDƏN ADAM
Bir cümə günü sübh namazımızı qılıb, Astaranın Təngərüd kəndinə yola çıxdıq. Könlümüzdə hüzn, gözlərdə yaş var.
Hamının sevimlisi, ömrünü İslama həsr edən Feyzullah dayıya son borcumuzu yerin yetirəcəyik...
Bir neçə saat sonra Bakının 300 kilometrliyində olan Astaraya çatdıq. Yaşıl ağacların arasından keçərkən lövhədə Təngərüd kəndinin adını oxuduöum an qeyri-ixtiyari gözlərim doldu. Biz Təngərüdü onunla tanımışdıq. Nə vaxt gəlsək, bizi o qarşılayardı, amma indi onsuz qalmışdı buralar. Limon və portağal çiçəkləri sanki ətrini itirmişdi. Elə bil kəndin ruhu uçub getmişdi.
Həzrət Peyğəmbərin “Quran oxuyan mömin portağala bənzəyir” hədisini ən çox ona bənzədirdim nədənsə. Elə yaşadığı bölgə də portağal, limon və mandarinin məskəni idi onsuz da. Bəli, Feyzullah dayı ətri də, dadı da xoş portağal kimi idi. Onunla görüşdüyünüzdə müsbət tərəflərindən mütləq istifadə edərdiniz. Gətirdiyi portağallar da, mandarinlər də bambaşqa olurdu. Səmimiyyəti və hüzur halı sirayət edərdi verdiyi hədiyyələrə. Gətirdiyi limonla içdiyimiz çaylar şəfa olurdu.
Həyatını xidmətə həsr etmişdi. Kəndlərindəki məscidin tikintisində müstəsna xidmətləri olmuşdu. Camaatdan yığılan pullarla tikilən məscidə kimdən nə qədər almış, hara nə qədər xərcləmişdisə hamısını dəftərində qeyd etmişdi. Hətta məscidin tikintisi üçün pul verib, adını yazdırmadan yoldan keçən təvazökar bir adam üçün “filan nömrəli maşının sahibi filan qədər yardım etdi” yazmışdı. Danışdığı bir hadisəni birlikdə oxuyaq: Deməli, bir dəfə məscidin armaturlarını oğurlayırlar. Camaatdan yığdığı pullarla almış olduğu armaturların oğurlanması rəhmətliyi pis vəziyyətdə qoyur. Götür-qoy etdikdən sonra qələmi əlinə alıb başlayır yazmağa: “Əziz Təngərüd camaatı, dinimiz İslam, bizi yaradan Allah, Həzrət Muhamməd Onun Rəsulu... Rəbbimiz kitabında filan işləri əmr edir, pis əməllərdən çəkindirir”. Sonra bir-bir əmrləri və haramları saymağa başlayır. Nəhayət bunları əlavə edir: “Gördüyünüz kimi oğurluq da haram işlərdəndir, müsəlmana yaraşmaz. Allah qatında cəzası böyükdür. Məscidin həyətindəki armaturları kim götürübsə, xahiş edirəm qaytarsın. Həmin adamın kimliyi aramızda sirr olaraq qalacaq...” Əvvəllər kəndlərdə kinoklubların afişa lövhələri olurdu. Gedib həmin səhifəni ora asır. bir neçə gün sonra sübh namazına gələndə isə artıq armaturların gecəliklə gətirilib yerinə qoyulduğunu görür. Allah səmimi söylənən sözə beləcə təsir gücü verirmiş.
Çox səxavətli idi. Yoldan keçən qərib bir adam görsə, dərhal evə aparar, qonaq edər, qarnını doydurar, pulu yoxdursa cibimə pul da qoyub eleə göndərərdi. Hər cümə günü namazdan sonra ən az 10-15 nəfəri evinə aparar, süfrə açardı. İlk dəfə ona qonaq olduğumzu gün axşam qayıtmağı fikirləşirdik . Qalmağımız üçün israr etdi. Biz də getmək üçün israrlı idi. Nəhayət: “yaxşı, necə istəyirsiniz elə də olsun”,- dedi. Amma bu sözü elə demişdi ki, üzündən və səsinin tonundan incidiyi aydın hiss olunurdu. Daxilən bir qorxu bürüdü məni. Belə bir insanı incitdikdən sonra evə sağ-salamat çatacağımıza şübhə etdim və “yaxşı, Feyzullah dayı, qalırıq, sən deyən olsun”,- dedim. Uşaq kimi sevindi bu sözümə. Yaxşı ki, o gecə qalmışdıq. Çox söhbətlər etdik, bizi gəzdirdi. Astaraya, Xəzərin sahilinə apardı. Eyni otaqda yatdıq və o gecə səhərə qədər ayaqlarını uzatdığına şahid olmadım. Gizlincə təhəccüdə qalxmış, sonra da məscidə getmişdi. Onsuz da qış aylarında məscidə erkən gedər, namaza gələnlər dəstəmazlarını isti su ilə alsınlar deyə suisidəni qoşardı.
Həya sahibi idi. Etdiyi bir yaxşılığın bilinməsini istəməzdi. Yaxşılıqlarını üzünə söylədiyinizdə və ya təşəkkür etdiyinizdə az qala ikiqat olar, üzü qızarardı. Başını aşağı əyərdi.
Dəqiq və nizam-intizam sahibi idi. Azərbaycanın heç bir kəndində onun xidmət etdiyi məscid qədər səliqəli, intizamlı və təmiz bir məscid görə bilməzsiniz. Məscidin həyətindəki Qız Quran Kursunun və yanında oğlanlar üçün tikilmiş kursun ərsəyə gəlməsində və fəaliyyət göstərməsində böyük fədakarlıqları olmuşdu.
Məscidin həyətinə addımınızı atdığınız an özünüzü hüzurlu hiss edərdiniz. Nəvazişlə əkilmiş qızılgüllərin ətri və mənzərəsi sizi heyran edərdi. Harada bir əyrilik görsə, dərhal düzəldərdi. Görüşmək üçün vaxt təyin etsə, mütləq sözünə riayət edər, gedəcəyi yerə gecikməməyə çalışardı. Həmişə ağ və açıq rəngli köynəklər geyindiyini xatırlayıram.
Təvəkkül əhli idi. Borc götürüb xeyir işlərə xərcləyərdi. Bəzən dükanlara xeyli borcu olardı, amma yenə də “Allah Kərimdir” deyərdi. Kənddə və yaxın ətrafda elə bir xəstə olmazdı ki, ziyarətinə getməsin, elə bir cənazə olmazdı ki, namazını qılmasın. Hətta ona pislik edənlərə də şəfqətlə davranar, ziyarətlərinə gedərdi. Bir dəfə birlikdə oturmuşduq, oğlunu çağırıb belə dedi: “Filankəs xala xəstədi. Dünən ziyarətinə getmişdim, pulum yox idi, heç nə ala bilmədim. Ordan bir az banan al, onlara apar, atamın salamı var deyərsən”. Hər il Ramazan ayı boyunca məscidin həyətində iftar verərdi. Heç nə olmasa da, qarpız, pendir və çörəklə süfrə açardı. Eyni zamanda qənaət sahibi idi. Deyək ki, kimsə məscidə iftar üçün yardım etdi. O pulla təmtəraqlı süfrə açıb bir gün iftar verməkdənsə, bir həftə ərzində daha mütəvazi bir iftar verməyə çalışardı. Xeyir işlərdə düsturu belə idi: “Az olsun, amma davamlı olsun!”.
Dərd sahibi idi. Hər fürsətdə İslamı təbliğ edər, insanları pis əməllərdən çəkindirərdi. Onun səyləri nəticəsində Təngərüd kəndində və eşitdiyim qədər, yaxın kəndlərdə heç bir mağazada içki satılmazdı. Qapı-qapı gəzib, gözəl dillə başa salardı. Hər kəs də sözünü eşidərdi. Vücud olaraq zəif və cılız insan idi, amma söylədiyi sözün heybəti vardı. Çünki o ürəkdən söyləyərdi. Yeni tanış olduğu biri ilə beş dəqiqə söhbət edirdisə, o beş dəqiqənin bəlkə də dörd dəqiqəsi yaxşı əməllərə dəvət olardı. Ömrünün son günlərində yatdığı xəstəxanadakı həkimlərə, işçilərə də təbliğ etməyi yaddan çıxarmadı. Canının ağrı-acısı bir yana, insanlara nəsihət dərdi bir yana idi. Axşam ziyarətinə getmişdik, xəstəxana qapısında növbə tutan polisin “İrfan” jurnalı oxuduğunu gördük. Sən demə Feyzullah dayı veribmiş. Xəstəxanada müayinəyə gələn həkimdən namaz qılıb-qılmadığını soruşduqda yarızarafat, yarıciddi “Nə namazı? Biz ateist adamlarıq”,- sözünü eşidən kimi dərhal qolundakı təzyiq aparatını çıxardaraq: “Mənə ateist həkimin resept yazmasına qəlbim razı olmaz”,- deyərək etiraz edir. Xeyli isrardan sonra bir şərtlə razılıq verir. Kəlmeyi-şəhadəti bir kağıza yazaraq həkimə verir və gələn dəfə gələndə mənası ilə birlikdə əzbərləmək şərti qoyur. Sonrakı günlərdə isə namaz qılması üçün söhbətlər edir. Onun bircə dərdi vardı: din. İnsanların cənnət girə bilməsi üçün özünü həlak edərcəsinə çalışan Peyğəmbərə bənzəyirdi bu halı ilə.
Vəfa sahibi idi. Heç kimi unutmazdı. İnsanları xeyirlə yad edərdi. Azərbaycanda ilk dəfə Quran məalı hazırlayan mərhum alim Ziya Bünyadovu və Vasim Məmmədəliyevi ziyarət etmiş, belə bir xidmətlərindən ötrü minnətdarlığını bildirmiş və bağçasının məhsulundan pay gətirmişdi. Hər il bar mövsümündə Ziya Bünyadovu ziyarətə gedər, bağının məhsulundan ona pay aparardı. Bu ziyarətləri Ziya müəllimin vəfatından sonra da davam etdirirdi. Hətta mərhumun xanımı deyərmiş ki “Ay Feyzullah qardaş, Ziyanın sağlığında bu qapıya çox adam gəlirdi, amma vəfatından bir neçə ay sonra heç biri gəlmzə oldu. Sən yeganə adamsan ki, hələ də qapımızı döyür, bizi xəbər alırsan”.
Vəsiyyətini cibində gəzdirərdi. Kimə nə qədər borcu var, üzərindəki əmanətlər və s. hamısını yazmışdı bu vəsiyyətdə. Həmişə altmış üç yaşında vəfat etməsi üçün dua edərdi. Allah Rəsulundan artıq yaşamağı özünə rəva görmürdü. Duası məqbul biri olduğunu bilirdik və çox əndişə edərdik bu duasından ötrü. İstədiyi kimi də oldu, altmış üç yaşında bizə vida etdi...
Feyzullah dayı 22 may 2014-cü il tarixində bir cümə axşamı məğrib namazı ərəfəsində vəfat etdi. Çox sevdiyi cümə gününün səhəri onun üçün Şəbi-Arus olmuşdu. Cənazəsində hər sinifdən adam vardı. Yas çadırında yüksək rütbəli məmurdan, zəngin iş adamlarından tutmuşcəmiyyətin ən kasıb təbəqəsinə qədər hər kəsi görə bilərdiniz. Fərqli məzhəblərdən, fərqli düşüncədə olan insanlar vardı. Çünki o, hər kəsi Allah üçün sevərdi. Günaha və yanlışa olan nifrətini əsla günahkara və yanlışı edənə sirayət etdirməzdi...
O gün başlar yerə dikilmişdi, gözlər yaşlı idi cənazədə. Çünki o, hər kəsin Feyzullah dayısı idi. Mübarək cəsədini məzarlığa apararkən yol kənarındakı bir dükanın qapısında dayanan satıcı qadınların hönkür-hönkür ağlaması diqqətimi çəkdi. Bəlkə də içki satmasınlar deyə qapısını döydüyü və ya zaman-zaman sədəqə vermək üçün nisyə mal aldığı mağazalardan biri idi. Amma yenə də kəndi tərk etməsinə heç kim dözə bilmirdi. Birdən cənazəni saxladılar. Yolun kənarında duran xeyli yaşlı bir nənənin əsasın söykənərək cənazəyə tərəf gəldiyini gördük. Tabuta yaxınlaşıb nə isə pıçıldadı. Feyzullah dayı ilə sağollaşdıqdan sonra qoluna girənlərin köməy ilə yolun qarşı tərəfinə keçdi. Bəli, o, belə idi. Hər kəsi sevərdi, hər kəs də onu. Feyzullah dayının məktəbi yox idi, universiteti yox idi, böyük bir gücə sahib deyildi. Nə üçün bu qədər sevəni vardı? Demək ki, işin əsası Peyğəmbəri örnək almaq və həyatı Ona həsr etmək, Quran indeksli yaşamaqdı...
Rəhmətlik Feyzullah dayı çıxardığımız “İrfan” jurnalının könüllü bölgə təmsilçisi idi. Başsağlığı verib ayrılarkən oğlu Vahid eynən belə dedi: “Hər ay Bakıya gələcəyəm, atamın vəsiyyətidir, İrfan jurnallarını sahiblərinə çatdırmalıyam”. Bunu eşidib o isti gündə bumbuz olduq. Hicrət etməzdən əvvəl əlindəki əmanətləri sahiblərinə verməsi üçün Hz. Əlini vəzifələndirən Peyğəmbərdən dərs almış bir şəxsiyyət...
Feyzullah dayı, İndi sən cismən aramızda yoxsan, amma ən təmiz, ən səmimi xatirələrimizdəsən. Sevdiklərimizi oturtduğumuz qəlb süfrəmizin ən müstəsna yerlərindən biri sənindir. Yadındadırmı, xəstəxanaya ziyarətinə gəlmişdik, bizi portağala qonaq etmişdin. Rəbbim də səni cənnət meyvələrinə qonaq etsin!
Ruhuna bir Fatihə, üç İxlas...
ŞƏRHLƏR