QƏLBLƏRİN FƏTHİ İLƏ GERÇƏKLƏŞƏN TƏQVA ÖRNƏKLƏRİ
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:
"(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə (müsəlmanların fütuhatının başlanğıcını qoyan, Kəbənin yerləşdiyi Məkkə şəhərinin, habelə bir çox başqa məmləkətlərin fəthinə səbəb olacaq Hüdeybiyyə sülhü ilə) açıq-aşkar bir zəfər bəxş etdik!
Allah (bununla) sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq, sənə olan nemətini tamam-kamal edəcək və səni düz yola müvəffəq edəcəkdir! Allah sənə yenilməz qələbə verəcəkdir! Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə (Öz dərgahından) arxayınlıq (rahatlıq və mənəvi möhkəmlik) göndərən Odur" (Fəth, 1-4).
Aləmlərin Rəbbi olan Uca Allaha həmd-sənalar, Onun Haqq Rəsulu olan Muhamməd əleyhissəlama salətu səlamlar olsun.
"Mən insanları və cinləri yalnız mənə (ibadət) qulluq etsinlər deyə yaratdım" - söyləyən Uca Allahın bu qulluğu gerçəkləşdirmək üçün Adəm övladlarına açdığı rəhmət və mərhəmət üfüqləri o qədər geniş və o qədər məzmunludur ki, bir məqalənin həcmində bunları layiqincə işıqlandırmaq mümkün deyildir. Lakin Rəbbimizin lütfünə sığınaraq yenə də bu məqamları canlandırmaq, İslam qardaşlığının yaşanmış olan ən ali hissləri ilə həmhal olmaq, iman nemətini qəlblərin qaranlıq güşələrini necə nurlandırdığına bizləri şahid edəcəkdir.
Mənim də bir yazar olaraq daxil olduğum heyətin ziyarət hədəfində İstanbul şəhəri var idi. Bu ziyarətin gerçəkləşməsinə xidmət göstərmiş bütün qardaşlarımıza dərin minnətdarlıq hisslərimizi ərz edərək onu bilrdirmək istəyirəm ki, heyətimizin bu qısa səfərdən aldığı təəssuratlar, ölçüyə gəlməz dərəcədə incə və dərin məqamları özündə birləşdirən mənəvi gözəlliklərlə zəngin idi. Ayaq basdığımız torpaqlar ilahi əmrlərin yer üzərində yaşanması naminə inanılmaz mücadilələrə səhnə olmuş və hətta bəzi mənbələrin bildirdiyinə görə o vaxtkı adı Konstantinopol olan indiki İstanbulun alınması üçün 30.000 səhabənin şəhid olaraq qoynunda uyuduğu mübarək bir diyara çevrilmişdir. Bu mübarək diyarın yetişdirmiş olduğu İslam ərlərinin mənəvi heybəti ilahi əmrlərin yaşanması yolunda qurulan cahan imperatorluğunun banisi Osman qazinin oğluna nəsihətlərində öz əksini tapmaqdadır:
"Oğul, vəsiyyətim burdur ki, Allah (c.c) buyruğundan başqa bir iş işləmə. Din işlərini hər şeydən önə al. Bir fərzin yerinə gətirilməsinə nail olmaq, din və dövlətin güclənməsinə səbəb olur. Bil ki, bizim məsləyimiz Allah yoludur və məqsədimiz də Onun dinini yaymaqdır. Oğul, mənim məmləkətimdə hər kim doğru yoldan və ədalətdən ayrılarsa, məhşər günü Peyğəmbərimizin şəfaətindən məhrum qalsın. Allahın (c.c) və qullarının haqqını gözlə. Səndən sonra gələcək nəsil səni özünə örnək alsın. Hər işində Allaha (c.c) sığın Ondan yardım istə və Ona yönəl!"
İlahi rəhmətin bir hikmət təcəllisi olaraq yola çıxan heyətimizin üzvləri bir-birini daha yaxından tanımağa başladılar. Həyatımızın hər anına işləyən ilahi qüdrət naxışlarının idrakı iqlimində yaşanmağa başlayan bu yaxınlıq münasibətlərinin yaratmış olduğu qaynaşma, Qurani-Kərimin mübarək ayələri ilə həmhal olma hissiyyatı ilə zənginləşməkdə idi:
"Sizə ayələrini (möcüzələrini, dəlillərini) göstərən, göydən ruzi (hər şeyi göyərdən yağış) endirən məhz Odur. (Bu ayələrdən) ancaq (tövbə edib Rəbbinə) dönən (Ona şərik qoşmaqdan imtina edən) kimsə ibrət alar!" (Mömin, 13)- deyə buyuran Rəbbimizin hikmət dolu həyat səhnələrini artıq İstanbulda olarkən bizlərə daha qabarıq şəkildə yaşatması Osman qazinin oğluna nishətlərindəki müddəalar ilə eynilik təşkil etməkdə idi. Rəsulullahın şəfaətindən məhrum olma təhdidindən qorunmağa yönələn maddi və mənəvi ibrət süfrələri ilə qardaşlarının mənəvi aclığını dəf etməyə çalışan qonaq sahiblərinin hər an könlümüzdə Allaha və Onun rəsuluna hədsiz bir sevgi ilə bağlılıq yaratma həsrəti ilə çırpınmaları gözlər önündə idi. Könüllərdə qərar tutmuş kirlərin təmizlənməsinə yönələn bu qonaqpərvərliyin Rəsulullahın buyurduğu davranış ədəbi çərçivəsində cərəyan etməsi Azərbaycandan gələn heyətin Rəsulullahın əmanət etdiyi insanlar kimi ali bir dərcəyə layiq görülməsi ilə sıx bağlılıq təşkil edirdi. Bu bağlılığın ana xətti aşağıda izləyəcəmiz sətirlərdən daha aydın sezilməkdədir:
Əbu Harun əl-Abdi belə demişdir:
-Biz gənclər bilmədiyimiz bir şeyi öyrənmək üçün Əbu Səidin yanına gedərdik. O bizi görüncə sevinər və belə deyərdi: Ey Rəsulullahın bizə vəsiyyət və əmanət etdiyi insanlar, salam, xoş gəldiniz. Bu barədə Rəsululllah bizə belə buyurmuşdur:
"Dünyanın dörd bir tərəfindən insanlar gəlib dini gözəl şəkildə öyrənmək və onu tam dərk etmək üçün sizə tabe olacaqlar. Onlar sizin yanınıza gəldiyində onlara etina göstərin və daim xeyirxah davranın" (Tirmizi, Elm. 4/2640, İbn Macə, Müqəddimə, 17,22).
Demək qiymətimiz bu qədər dəyərli isə bu dərəcəni qorumaq onu yaşamaq və yaşatmaq hər birimizin ümdə vəzifəsi olmalıdır. Rəsulullahın: Ümmətimin məni anmaları və gözə əməlləri mənə göstərilir- deyə buyurması Uca Allaha qulluq ədəbinin həm qonaq sahibləri, həm də əmanət olan qonaqlar tərəfindən yüksək əxlaqi təməllər üzərində inşa etdirilməsini vacib edir ki, bunun da ən açıq örnəyini İstanbul səfərində hamımız yaşadıq. "Əməldə ədəb onun qəbuluna işarətdir"- deyə buyuran Ənəs bin Malikin və "Allahım (c.c), Sənə qulluq etmək istiqamətində mənə gözəl ədəb ehsan eylə"- deyən Xızır əleyhissəlamın kəlam və dualarını rəhbər tutan heyətimiz İslam qardaşlığının ruhları vəcdə gətirən təqva örnəklərini bu səfərdə isti-isti yaşamağa başlamışdı. Müsəlman olmadan öncəki qaranlıq durumlarını səhifələyən Heyət üzvlərimiz İslamla şərəfləndikdən sonra nail olduqları ağıl almaz gözəllikləri ayeyi-kərimənin məna dərinliyinə yüklənərək hamılıqla seyr etməkdə idilər:
"Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!" (Ali İmran, 103).
İstanbulun qonaqpərvər havası Etibar bəyin, Sahib bəyin, Yusif qardaşımızın və bütün heyət üzvlərimizin vücudlarını o qədər isindirmişdi ki, - "Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin" (Ali İmran, 133) ayəsinin məzmunu sanki yaşanmağa başlamışdı. Mənəviyyat dolu söhbətlər, ilahi rəhmətin coşub daşdığı qardaşlıq əlaqələri baş verən ən azacıq narazılıqları belə həmən aradan qaldırır və müttəqi sifətinin təcəllisini üzlərdə bəyan olmasına səbəb olurdu:
"O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər" (Ali İmran, 134).
Hələ səfərə çıxarkən qəlb qatılığından şikayət edən Etibar bəyin səfəri başa vurarkən göz yaşlarına qərq olan fərqli bir mənəviyyatla geri dönməsi səmimiyyət üzərində bina edilən İslam qardaşlığının insana qazandıracağı dəyərləri necə də gözəl şəkildə açıqlamaqdadır. Sahib qardaşımızın "Onlar qəzəblərini udar və insanların günahlarından keçərlər. Allah (c.c) yaxşılıq edənləri (muhsinləri) sevər"- ayeyi-kəriməsinin mənəvi libasına bürünərək ona əziyyət etmiş qardaşını həmən böyük ədəb və sayğı çərçivəsində bağışlaması ilahi sevgini təmin edəcək bir əxlaqın Allahın izni ilə artıq qəlblərə nüfuz etdiyinin bir göstəricisi idi. Bu əxlaqın üstünlüyünü vurğulayan Allah Rəsulu belə buyurur:
-Sizə oruc, namaz və zəkatın dərəcəsindən daha üstün olan şeyi xəbər verimmi?
Orada olan səhabələr:
-Buyur, söylə, ey Allahın Rəsulu- demişlər. Allah Rəsulu da bunları söyləmişdir:
-Bu insanların arasını düzəltməkdir. Çünki insanların arasını pozmaq imanı kökündən qazıyar (Əbu Davud, Ədəb, 50, Tirmizi, Sifətul-Qiyamə, 56).
Artıq ayrılma məntəqlərində qardaşlarımızın bir-birinə sarılaraq bu sevgi və səmimiyyəti bir daha etiraf etmələri ilahi sevginin qəlblərdə yaratdığı qaynaşmanın bir əks sədası olaraq mənəviyyatımızı coşdurmaqda idi. "Allah gözəl davrananları, yaxşılıq edənləri sevər"- ayeyi-kəriməsinə münasibət bildirən Sabil əl-Bənani bunları söyləmişdir:
-Mənə çatan bilgilərə görə bu ayeyi-kərimə nazil olduqdan sonra İblis ağlamışdır.
Deməli, İblisin ağladacaq ölçüdə dürüst bir müsəlman şəxsiyyətinin formalaşması, mənliyimizin daima təqva örnəkləri daxilində tərbiyə edilməsi ilə mümkündür. Bu mənəvi tərbiyə örnəklərinin bütün əlamətləri ilə təmas edən heyətimiz ilahi əmrləri yaşama məkanına kövrək addımlarla yürümə imkanını əldə etdi. Qazanmış olduğumuz bu mənəvi sərmayə ilə atılacaq hər sonrakı addımlar bizi əsl hədəfə Allaha (c.c) qul olma bəxtəvərliyinə nail edə bilər. Bu bəxtəvərliyi Qurani-Kərimdə açıqlayan Uca Rəbbimizin ən ümdə istəyi də Ona qul olmağımızdır:
"Allah sizlərdən iman gətirib gözəl əməl və hərəkət edənlərə mütləq sürətdə vəd etdi ki, onları özlərindən əvvəlkilər kimi yer üzünə sahib və hakim edəcək, Onlar üçün bəyənib seçdiyi dini (İslamı) onlar üçün sağlamlaşdıracaq və onların qorxusunu sonra əmin amanlıqla əvəz edəcəkdir. Çünki onlar Mənə qulluq edərlər" (Nur, 55).
ŞƏRHLƏR