ÖMRƏ BƏRABƏR GECƏ

ÖMRƏ BƏRABƏR GECƏ

     Kim savabına inanıb o savabı qazanmaq ümidi ilə Qədr gecəsini əhya etsə, onun keçmiş günahları bağışlanır (Buxari, Müslim).

     Allah-Təala möminlərə bəxş etdiyi fürsətlərdən biri də “üç aylar” olaraq adlandırılan Rəcəb, Şaban və Ramazan aylarıdır. Bu ayların hər birində də bağışlanma fürsəti əldə etmək üçün xüsusi gecələr- Bəraət, Merac və Qədr gecələri mövcuddur. Bunun üçün də Ramazan ayı fürsət ayıdır. Çünki bu ayda şeytanlar zəncirlənir, cənnət qapıları açılır.

     Ramazan ayına dəyər qatan digər xüsus da bu ayda gizli olan Qədr gecəsidir. Qədr gecəsində edilən dualar məqbuldur. Bu gecə, onda Quranın nazil olduğuna görə dəyər qazanmışdır. Bu gecə min aydan daha xeyirlidir. Yəni Qədr gecəsini əhya edən şəxs min ay davamlı olaraq ibadətlərlə məşğul olmuş kimi savab qazanar. Qədr gecəsi sadəcə Muhamməd peyğəmbərin (s.ə.s) ümmətinə bəxş edilmişdir. Digər peyğəmbərlərə belə fəzilətli gecə və yaxud gün bəxş edilməmişdir. Hədisdə belə buyurulmuşdur: “Allah-Təala Qədr gecəsini ümmətimə hədiyyə etdi, başqa ümmətə vermədi” (Deyləmi).

     Qədr gecəsinə dəyər qazandıran başqa amil də onun vaxtının naməlum olmasıdır. Peyğəmbərdən (s.ə.s) gələn rəvayətlərə əsasən, Qədr gecəsi Ramazan ayının son on günündə, hətta son on günün tək gecələrində olduğu bildirilmişdir.

     Cəbrayıl (ə.s) digər mələklərlə birgə bu gecə yer üzünə enərək Allaha ibadət edən bəndələrini salamlaması və bu gecənin dan yeri ağarana qədər səlamət və hüzur olması da İlahi rəhmətin gözəl bir təcəllasıdır. Min aydan daha xeyirli olan bu gecə hər birimiz üçün Allahın bir lütfüdür.

     Hər bir müsəlman bu gecəni Quran tilavət etməklə və başqa ibadətlərlə keçirməlidir. Çünki həyatımız bu gecədə edilən dua və ibadətlər görə şəkillənə bilər. Qısacası, bu gecə həyatımıza bərabərdir.

     Əlli il yaşayan şəxs əlli Qədr gecəsini keçirir. Bir gecə səksən ilə bərabərdirsə, bu əlli ilin dəyəri dörd min il edir. Deməli riyazi hesablamalara görə, bütün Qədr gecələrini əhya edən şəxs dörd min il ibadət etmiş qədər savab qazanmış olur. Qədr gecəsi ilə əlaqəli hədislərdə belə buyurulmuşdur: “Dörd gecənin gündüzü də gecəsi kimi fəzilətlidir. Allah-Təala o günlərdə dua edənin istəyini geri çevirməz. Onları bağışlayar və onlar bu gün və gecələrdə bol-bol ehsana nail olarlar. Bunlar: Qədr gecəsi, Ərəfə gecəsi, Bərat gecəsi, Cümə gecəsi və günləridir” (Deyləmi)

     Hər bir müsəlman özünə sual verməlidir ki, dünyəvi fayda və məqsəddən başqa bir hədəfi olmayan müxtəlif bayramlara, ad günlərinə, evlilik ildönümlərinə və s. şənliklərə verdiyimiz dəyər qədər qurtuluş vəsiləsi olan bu cür gecələrə dəyər və qiymət verə bilirikmi? Bu fürsətlərdən nə qədər istifadə edə bilirik? Hər hansı market və alış-veriş mərkəzlərində endirim fürsətlərini əldən qaçırmamaq üçün bütün işlərimizi bir kənara attığımız halda, əbədi xoşbəxtlik fürsətini əldə etmək üçün hansı fədakarlıqlar göstəririk? Gecələr futbol və yaxud digər müsabiqələri izləmək etmək üçün saatlarla televizorun qarşısında oturduğumuz kimi, Qədr gecəsini əyha etmək üçün yuxumuza haram qata bilirikmi? Məhz bu və buna bənzər sualların cavabları bizim axirət həyatımızı şəkilləndirir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz