BİR HƏDİS
عَنْ أَبِي هريرةَ قال : قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «إِذَا دَخَلَ شَهْرُ رَمَضَانَ فُتِّحَتْ أَبْوَابُ السَّمَاءِ، وَغُلِّقَتْ أَبْوَابُ جَهَنَّمَ، وَسُلْسِلَتِ الشَّيَاطِينُ»
Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Ramazan ayı gəldiyi zaman səmanın qapıları açılar, cəhənnəmin qapıları bağlanar və şeytanlar zəncirlərə vurular” (Buxari, Savm, 5, Müslim, Siyam, 1).
Ramazan ayı Allahın rəhmət və mərhəmətinin ən çox tazahür etdiyi bir aydır. Kəlamullahın (Quranın) bu ayda nazil olmasıyla şərəflənən bu ay, içində yer alan saysız gözəlliklər səbəbiylə möminlər üçün fürsət ayıdır. Bu ayın dəyərinə dəyər qatan ən önəmli amillərdən biri Allahın min aydan daha xeyirli olaraq vəsf etdiyi bir gecənin (Qədr gecəsi) bu ayın içində olmasıdır. Ramazanın mənəvi zənginliyindən xəbər verən Allah Rəsulu (s.ə.s) də hədisi-şərifində bu xüsuslardan önəmlisinə təmas etmişdir.
Hədisin Ramazan ayı gələrkən səmanın qapılarının açılmasından bəhs edən birinci hissəsi başqa rəvayətlərdə cənnət qapıları və rəhmət qapıları olaraq da keçmişdir. Fərqli şəkillərdə səslənən bu üç xüsus əslində eyni şeyin fərqli izahından ibarətdir. Çünki nəticə etibarilə göy qapıları rəhmət qapıları, rəhmət qapıları da cənnət qapıları mənasını daşıyır. Cənnət qapılarının açılması ilahi rəhmətin hər zaman olduğundan daha çox həyatı əhatə etməsi deməkdir. Bu səbəblədir ki, Rəsulullah (s.ə.s) bir hədisi-şərifində Allahın bəxş etdiyi bu imkanlardan istifadə etməyərək Ramazanı qafilanə keçirən kimsələri belə xəbərdar etmişdir: “Cəbrayıl (ə.s) yanıma gələrək belə dedi: Ramazana yetişdiyi halda günahları bağışlanmadan bu ayı başa vuran kimsə Allahın rəhmətindən uzaq olsun! Mən də: “Amin” dedim” (Təbərani, əl-Mücəmül-kəbir, XIX, 144).
Cəhənnəm qapılarının bağlanması rəhmət qapılarının açılmasının təbii nəticəsidir. Çünki rəhmətin, mərhəmətin olduğu bir yerdə əzabın, zillətin olması mümkün deyildir. Gecə ilə gündüz necə bir-birindən ayrıdırsa, rəhmətlə zülmət də o qədər ayrıdır. Bu baxımdan cəhənnəm qapılarının bağlanması cəhənnəmin dəvətçiləri olan şeytanların fəaliyyətlərinin daralması, təsirlərinin azalması deməkdir. Hədisi-şərifin vurğuladığı bu fürsətlər Ramazan ayının üstünlüklərindən olmaqla yanaşı, eyni zamanda cəmiyyətin təmizlənməsi və saflaşması üçün Allahın bəxş etdiyi lütflərdir.
Nəticə olaraq, bu hədisi-şərif insan həyatında Ramazan ayının nə qədər önəmli bir yerə sahib olduğuna diqqət çəkməkdədir. Qəlblərin günah ləkələri və mənəvi çirklərdən təmizlənməsi üçün Ramazan ayı kimi rəhmət mövsümünü fürsət bilərək tövbə və istiğfarları artırmaq gərəkir. Çünki günah və mənəvi çirklər qəlbdəki sevgi, şəfqət və mərhəmət hislərini öldürərək bu gözəl zinətlərin yerini qəddarlıqla doldurur. Bu baxımdan rəhmət qapılarının açılması, cəhənnəm qapılarının bağlanması və şeytanların zəncirlənməsi kimi xüsuslar ilin heç bir ayında möminlərin əldə edə bilməyəcəkləri fürsətlərdir.
ŞƏRHLƏR