NƏFS TƏRBİYƏSİ

NƏFS TƏRBİYƏSİ

     İslam dininin əsas məqsədi gözəl xarakterə sahib şəxsiyyət yetişdirməkdir. Elə bir şəxsiyyət ki, onu həm Allah sevsin, həm də insanlar. 

     Bu şəxsiyyətin formalaşmasında mühüm amil olan gözəl əxlaqın əldə edilməsində, şübhəsiz, nəfsin tərbiyə olunması və bu sayədə də qəlbin saflaşdırılması vacibdir.

     Nəfs təzkiyəsi (təmizlənmə) elə mühüm bir məsələdir ki, Allah-Təala Qurani-Kərimdə "Şəms" surəsində üst-üstə and içərək nəfs tərbiyəsinin çox mühüm olduğunu bizə bildirir:

     "And olsun günəşə və onun işığına, (günəşin) ardınca çıxan aya, onu (günəşi) parlaq edən gündüzə, onu (günəşi) örtən gecəyə, göyə və onu yaradana, yerə və onu döşəyənə, nəfsə və onu yaradana (ona biçim verənə), sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!" (Şəms 1-10)

     Diqqət etmək lazımdır ki, Qurani-Kərimdə Allah-Təala nəfs tərbiyəsindən başqa heç bir mövzuda bu cür üst-üstə and içməmişdir. Bu, nəfsi təmizləmə və tərbiyə etmənin nə qədər mühüm və zəruri olduğunu göstərir.

     Nəfsin tərbiyəsi üçün əvvəlcə Allahın iradəsinə tabe olub şəhvəti arzulara və pis davranışlara qarşı gəlmək lazımdır. Hər mömin öz qüsurunu, nöqsanını və cahilliyini dərk edərək, Rəbbini bütün əzaməti və qüdrəti ilə qavramalı, əməllərinə bu şüurla istiqamət verməlidir. Bu edildiyi təqdirdə, "pisliyi şiddətlə əmr edən nəfs" mənfi sifətlərdən təmizlənib Allahın qəbul edəcəyi bir hala gəlir.

     Nəfs tərbiyəsi üçün çalışmaq və bu yolda səy göstərmək əhəmiyyətinə və çətinliyinə görə "ən böyük cihad" olaraq qəbul edilmişdir.

     Rəsulallah (s.ə.s) bir hədisi-şərifində belə buyurmuşdur:

     "Əsl mücahid nəfsinə qarşı cihad edən kimsədir" (Tirmizi, Fəzailül-Cihad, 2/1621).

     "Ağıllı kimsə nəfsinə hakim olub onu hesaba çəkərək ölümdən sonrakı həyat üçün çalışan, axmaq da nəfsinin həva və həvəsinə tabe olduğu halda Allahdan xeyir umandır" (Tirmizi, Qiyamət 25/2459).

     Bu baxımdan Peyğəmbərimizin (s.ə.s) nəbəvi tərbiyəsi də nəfsə qarşı amansız bir mücadilə şəklində keçmişdir. Bu tərbiyə ilə yetişən səhabeyi-kiram nəfs tərbiyəsi nəticəsində xam xüsusiyyətlərdən arınaraq kamil insan səviyyəsinə çatmış və nəticədə də nümunəvi bir nəsil halına gəlmişdir. Peyğəmbərimizin (s.ə.s) tərbiyəsində yetişən səhabələrdən Abdullah ibn Məsud (r.a) Peyğəmbərimizin mənəvi tərbiyəsi altında yüksəldikləri mənəvi halı belə ifadə etmişdir:

     "Bizə Allah Rəsulundan elə hallar əks etdi ki, yediyimiz loğmalarımızın zikrini duymağa başladıq".

     Bu nümunəvi səhabələrin yaşadığı dövrdən min illər keçsə də, onlar heç unudulmamış və Allaha yaxın olma arzusunda olan insanlara həmişə həyatları ilə istiqamət vermiş və qiyamətə qədər də istiqamət verməyə davam edəcəklər.

     Nəfs tərbiyəsində digər mühüm bir xüsus da, onun arzu və istəklərini azaldıb, ruh üzərindəki hakimiyyətini zəiflətmək və ruhun hökmranlığına nail olmaqdır. Bu yeyib-içməkdə, yatmaqda və danışmaqda mötədil olmaqla əldə edilir. Bu mücadilə sayəsində nəfs nəzarət altına alınır və nəfs müti bir vəziyyətə gəlir.

     Nəfsi təmizləmə ilə yanaşı digər mühüm bir xüsus da qəlbin saf və duru hala gəlməsidir. Bu saflıq nəticəsində də qəlb Allah-Təalanın nəzərgahı halına gəlir. Artıq nəzərgahi-ilahi halına gəlmiş bir qəlb Allahın cəmali sifətlərinin (mərhəmət, sevgi, fədakarlıq, səbir, ədalət və s.) əks etdiyi bir məkan olur. Bu qəlblər incə və dərin həqiqətlərə (hikmət) aşina olur. Beləcə, Allah-Təalanın qəlb yoluyla tanıma- mərifətullah hasil olur. Bu da elmin irfan halına gəlməsidir. Çünki elmin ən zirvə nöqtəsi Allahı bilmək və tanımaqdır.

     Allahın hüzuruna ancaq saf, yəni bütün mənəvi xəstəliklərdən təmizlənərək qəlblə çıxanların nicata çatacaqlarını Allah xəbər verir:

     "O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!" (Şuəra, 88-89).

     Nəfsin mənəvi tərbiyəsi və təzkiyəsi sayəsində "səlim qəlbə" nail olmaq üçün riayət edilməsi lazım olan bir sıra şərtlər vardır. Bunlar: halal qida, istiğfar və dua, Quran oxumaq və əməl etmək, ibadətlərdə xüşu, infaq etmək, gecələri əhya etmək, zikr etmək, Peyğəmbərə salavat gətirmək, ölümü düşünmək, saleh və sadiqlərlə bərabər olmaq, əxlaqlı olmaqdır.

     Bu şərtlərə riayət ediləndə yaranan "səlim qəlb" cilalanmış bir güzgü kimi Allahın cəmal sifətlərinin təcəlligahı halına gəlir. Allah-Təala da qulunun qəlbində cəmal sifətlərinin təcəllilərini görüncə onu sevir və ondan razı olur.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz