FİTRƏ SƏDƏQƏSİ

FİTRƏ SƏDƏQƏSİ

     Fitrə sədəqəsi ilə ifadə edilən bu zəkat növü, möminlərin Ramazan ayı­na məxsus ibadətidir. Bu ibadət bəzi fiqh ədəbiyatında “bədənlərin zəkatı” adlandırılmışdır. (1) 

     Çünki “fitr” yaradılış demək olub, həyatda olan ağıllı-dəli, böyük-kiçik hər insan üçün(2) verilən, yaradılış şükrü mahiyyətində (baş-göz) sədəqəsidir. Bu səbəblə ailə başçısı məsuliyyətindəki ailə­nin hər fərdi adına fitrəsini verməklə mükəlləfdir. Hətta, yaradılma nemətinə nail olduğundan şükür mənasında bayram gecəsi doğulan uşağın belə fitrəsini vermək lazımdır.

     Orucla birlikdə hicrətin ikinci ilində fərz qılınan “fitrə” haqqında Abdullah b. Ömərin belə dediyi nəql edilir: “Hz. Peyğəmbər (s.ə.s.) fitr sədəqəsini 1 sa` xurma və 1 sa` arpa olmaqla kölə, kişi, qadın, kiçik və böyüklərə fərz qılıb, insanlar bayram namazına çıxmadan öncə verilməsini əmr etmişdir.”(3)

     A. Fitrənin vacib olma şərtləri

     1. Müsəlman olmaq ; 2. Mal varlığı olmaq: Hənəfilərə görə, fitrə sədəqəsi zəkat ibadətində olduğu ki­mi, nisab miqdarı mala sahib olan hər müsəlmana vacibdir, digərlərinə sünnədir.(4) Şafei, Maliki, və Hənbəli məzhəblərinə görə isə, fitrə sədəqəsi bayram günü və gecəsinə kifayət edəcək azuqəsi olan varlı-yoxsul hər kəsə vacibdir.(5) Cəfərilərə görə isə, şəxsin özü və ailəsinin birillik məişət ehtiyaclarını təmin edəcək miqdarda malı, yaxud qazancı olanlara vacibdir.(6) 3. Vəlayət və məsuliyyətində olmaq; Bir şəxsin özündən baş­qalarının da fitrəsini verə bilmək üçün onların öz vəlayəti al­tın­da (qəyyumu), yaxud məişət ehtiyaclarını təmin etməklə mə­sul olduğu bir kəs olması lazımdır. 4. Vaxt; Hz. Peyğəmbər (s.ə.s) fitrənin insanlar bayram namazına çıx­madan öncə verilməsini əmr etmişdi.”(7) Üləmaya görə fitrə sədəqəsi Ramazan ayının başlanğıcından etibarən bayra­mın birinci günü ikindi namazına qədər verilə bilər. Hənəfilər xaricində Şafei, Maliki, Cəfəri və Hənbəlilərə görə fitrə sədəqəsi Ramazan ayının axırıncı axşamı günəşin bat­ma­sın­dan etibarən vacib olar.(8)

     B. Fitrə miqdarı

     Əbu Səid əl-Xudri belə rəvayət edir: “Biz fitrə sədəqəsini Hz. Peyğəmbərin vaxtında buğdadan 1 sa`, xurmadan 1 sa`, arpadan 1sa` və quru üzümdən 1 sa` verirdik.”(9) Bu baxımdan fitrə veriləcək mallar və miqdarları bu və ya digər rəvayətlərə əsasən ümumi olaraq bu hədislərdə sadalanan şeylərdir.

     Fiqh qaynaqlarındakı ölçü və miqdarlar belədir. Hənəfilər fitrə sədəqəsinin buğda, arpa, xurma və quru üzümdən veriləcəyini bildirir. Bu məzhəb alimləri Abdullah b. Sa`ləbədən rəvayət edilən, Hz. Peyğəmbərin buğdadan ½ sa` verməyi əmr etdiyi hədisinə də əsaslanaraq buğdadan ½ (ya­rım) sa`, digərlərindən isə bir sa` verilməsi lazım olduğu görüşündədir. Buna görə 1 sa`= 2920q,  ½ sa` isə 1460 qramdır. Digər bütün məzhəblərə görə fitrə sədəqəsi adı keçən mallardan 1 sa`= 2920q miqdarı ilə verilir. Şafei və Cəfərilər digər dənli bitkilərdən də verilə biləcəyi qənaətindədirlər.

     Klassik fətvalara görə Şafei, Maliki və Hənbəli alimlərinə görə fitrənin qiymət (pul) ilə yox hansı qida maddəsindən verilməsi lazımdırsa -hansı ki, bu o regionun ən çox istifadə edilən qida maddəsi olmalıdır- ondan verilməlidir. Ancaq Hənəfi və Cəfəri fəqihlərinə görə isə fitrə pul olaraq da verilə bilər və bu üsul yoxsulun ehtiyaclarını təmin etmə baxımından daha tutarlı bir yoldur.

     Müasir alimlər indiki dövrün şərtlərini nəzərə alaraq fitrənin eyni ölçülər əsasında verilməsini fitr sədəqəsinin mahiyyəti və məqsədi baxımından qənaətbəxş hesab etmir. Belə ki, fitrə sədəqəsi yoxsulların ehtiyaclarını təmin etmə və onların da bayram sevincinə iştirak etmələrində mühüm rolu olan bir vasitə olduğu üçün pulla hesablanması məqsədə uyğundur. Bu baxımdan müasir İslam alimləri fitrə təyinində iki üsuldan yola çıxır: 1.Hədislərdə keçən maddə miqdarlarının pul cinsindən ortalama hesablanması; 2. Bir şəxsin, bir günlük normal yeyəcək miqdarının he­sab­lanması;(10) Bu miqdarın hədislərdə keçən qida mad­dələrin­dən ən ucuzunun giymətindən daha aşağı olmaması da lazımdır. Bu üsula görə fitrə veriləcək yoxsulun həyat şərtlərinə görə bir günlük qida ehtiyacı deyil, fitrə verən şəxsin gündəlik ehtiyacı əsas alınır. Bu da fitrənin məna və məqsədinə daha uyğundur. Bu səbəblə hər il qazılıqlar veriləcək fitrənin miqdarı olaraq region sakinlərinin iki öynəlik (günorta və şam, yaxud səhər-axşam) yemək pulunun ən aşağı həddini elan edir. Quran-i Kərimdə də and içmə kəffarəsi ilə əlaqəli olaraq: “ailənizə ye­dirt­diyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq...”(11) ayəsi belə bir ölçünün alınmasının müvafiq olduğuna dəlildir. Bu­nunla yanaşı hər kəsin gündəlik qida ehtiyacının ortalama nisbətində fitrə verməsi İmam Şafeinin ictihadıdır.(12)

     Fitrənin verilməsinə gəlincə zəkatın veriləcəyi yerlər eynilə fitrə sədəqəsinin veriləcəyi yerlərdir. Niyyətə gəlincə isə, istər fitrə ayrıl­dığı anda, istər vermə anında əldəki malın Allah rizası üçün fitrə olaraq verilməsini qəlbindən keçirməkdir. Fitrə verənin bu niyyəti qəlbindən keçirməsi kifayətdir. Bununla belə ehtiyac olarsa, “bunu bayram xərcliyi edərsən” deyilə bilər. Bir fitrə pulunun bir nəfərə verilməsi mümkün olduğu ki­mi, bir neçə nəfərə verilməsi də mümkündür.

     (1) C. Mağniyyə, əl-Fiqh alə`l-Məzahib, s 182.

     (2) Cəfərilərə görə isə, fitrə ilə mükəlləf şəxs ağıllı və yetkinlik yaşına çatmış olmalıdır.

     (3) Buxari, Zəkat, 72.

      (4) Cəziri, əl-Fiqh Alə`l-Məzahib, I/238. 

     (5) İbn Rüşd, Bidayətu`l-Müçtəhid, I/268-9.

     (6) Hilli, Muxtasarun-Nafi, s 62; C. Mağniyyə, əl-Fiqh alə`l-məzahibil-xəms, s 182.

      (7) Buxari, Zəkat, 72.

     (8) İbn Hümam, Fəthu`l-Qadir, II/30; İbn Rüıd, Bidayətu`l-Müçtəhid, I/269.

     (9)Buxari, Zəkat, 76. (10)Daha geniş bax: Heyət, eyni adlı İlmihal, I/509.

     (11) Maidə, 5/89.

     (12) İmam, Şafei, e.a.ə., II/59.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz