KÖNÜLLƏRƏ FƏRƏH- BAYRAM
Müasir həyat ağlı qəlbdən ayırıb onu təkbaşına aliləşdirdiyi üçün sadəcə özünü görən, özünü düşünən, özü üçün yaşayan və “yardım etsə malı azalar” düşüncəsində eqoist bir cəmiyyət yetişdirdi.
Günümüzdə ayaqqabısı su buraxdığı üçün rəngi solan bir uşağı görəndə ona yardım etmək əvəzinə, öz uşağı üçün ən gözəl, ən bahalı, ən son dəbdə olan ayaqqabını alan, qışın dondurucu soyuğunda küçədə yaşayanları, imkansızlıqdan əyninə qalın paltar geyə bilməyənləri, soyuqdan üşüyənləri görəndə içi sızlamadan öz isti sobasını heç söndürməyən, sadəcə isti bir yuvanın keyfini çəkən insanlar çoxdur. İstirahət etmək, kabab yemək üçün uzun məsafələri qət etməyi planlaşdıran, restoranda yeyib-içəndən sonra yüksək məbləğli hesab verən, kiçik bir qız uşağının satıcıya titrək səslə, məhzun baxışlarla “boyat çörək varmı” verdiyi sualın qarşısında üzü qızarmayan insan mənzərələri xeyli artıb. Halbuki dinimiz yardımlaşmağı əsas götürmüşdür. Yardımlaşdıqca sosial-ekonomik tənəzzüllər aradan qalxar. Əgər insanlar yardımlaşmır və sosial tənəzzül artırsa, bunun səbəbi aliləşdirilən, bütləşdirilən insan eqoistliyidir.
İndiki dövrdə, çox təəssüflər ki, bayramlar "tətil" kimi başa düşülür. Lakin tətil çalışmağa ara vermək, boş qalmaqdır. Təəssüflər olsun ki, "bayram tətili" bəziləri üçün yoldaş, dost, qohumlarla bərabər olmaqdansa, hansısa bir yerə turist kimi səhayət etmək artıq dəb halına gəlib. Halbuki bayram yaxınlaşdıqca bir neçə gün öncə hazırlıqlar görülməli, evlərdə bayram təmizliyi başlanmalı, ev-eşik, həyət-baca təmizlənməli, bayram üçün bişirilən şirniyyatlardan qonşulara, qohum-əqrəbalara, möhtaclara paylanaraq onlara diləgəlməz bayram ab-havasından feyz almağın hissi yaşadılmalıdır.
Bayramda paylaşma səhər tezdən başlanır. İnsanlar bir-birini tanımasa da, çiyin-çiyinə səf qurub, eyni duyğuları paylaşır və Rəbbin hüzurunda bərabər olduğunun fərqinə varır, təkəbbürdən əl çəkib təvazökar halı ilə Rəbbinin dəyərli bəndəsi olduğunu hiss edir. Bayramda mərhəmət duyğuları pərvazlanır, insanlar kimsəsiz və yetimlərə, yoxsullara zəkat və sədəqələrlə dayaq olurlar. Bayram süfrəsinin açılmasına vəsilə olurlar. Hər kəsin evində bayram süfrəsinin olması ilə yanaşı, qəlbiqırıq, möhtac insanların bayram sevincinin həddi-hüdudunun olmamasına səvilə olmaq, bu sevinci qıraqdan izləyib necə də gözəl və təsiredici hal olduğunu dərk etmək, bayram əhval-ruhiyyəsini insanların təbəssümündə seyr etmək, həqiqətən, Rəbbimizin bizə bəxş etdiyi bayramların verdiyi xoşbəxtliyidir.
İnsanın “sosial varlıq” olduğu dilimizdə əzbərə çevrilib, fəqət bu sosiallıq necə təmin edilməldir sualı müəmmalı olaraq qalır. Sosial insan olmaq bəzilərinə görə, gəzib-dolaşmaq, yeməyi çöldə yemək, alış-veriş etmək, kinoya, konsertə və futbola getmək kimi izdihama qarışmaqdır. Bəzilərinə görə bayram, cümə, toy-nişan, sünnət, mövlud mərasimləri kimi xüsusi bir məna və dəyər danışyan cəmiyyət mühitinə qatılmaqdır. Birincisində insanlar izdihamın içində tənha yaşayarkən, ikincisində qəlbdən-qəlbə tellər uzanır, ürəklər xoş olur və insan hüzur tapır.
Bayramlar ağlı, qəlbi, ruhu, hissi, şüuru oyadıb coşduran bir sirrə sahibdir. Eşqlə coşan insan müasir həyatın ağıl oyunlarından asılı qalmadan, çəkinmədən, qorxmadan hər kəsin əlindən tutur, hər kəsə qucaq açır, dostlarla göz-gözə gələndə qəlbdən-qəlbə sevinc irmaqlarının axdığını hiss edir. Sosial əlaqələr bayramlarda yenilənir və daha da güclənir.
Ramazan bayramının məqsədlərindən biri müsəlmanların bir yerə toplanmasıdır. Müsəlmanlar bayramda birlikdə namaz qılırlar. Oruc ibadətlərini bitirdikdən sonra bayram edirlər. Bayramın başqa məqsədlərindən də, müsəlmanların bir-birini ziyarət etməsi, qohum-əqrəbalarla görüşməsi, küsülülərin barışmasıdır. Bayramda kasıblar da sevinməlidir, onlar da yeni paltar geyinərək bütün müsəlmanlarla bir yerdə namaza gəlməlidirlər. Məhz buna görə fitrə zəkatı buyurulmuşdur ki, yoxsul müsəlmanlar da bayramı qeyd etsinlər və hamı kimi şənlənsinlər.
Bayram böyük-kiçik, xəstə-sağlam, zəngin və yoxsulun müşətərk sevinc günüdür. Onların hamısının razı qalması bayramların həqiqi mənasını yaşamaqla mümkündür. Bu mənada, bayram Yaradan üçün bütün məxluqata sevgi, şəfqət, nəzakət və müavinət olmalıdır.
Bayram Ramazanın qiymətini layiqincə dərk edənlər, bu feyzli bərəkət mövsümünü Haqqın əmrlərinə uyğun yaşayanlar, əbədi ləzzətləri üstün tutanlar və axirət sevincini dünya səfasına dəyişənlər üçün Rəbbin ilahi bir ziyafət günüdür.
Əziz müsəlmanlar, Ramazan bayramınız mübarək olsun! Qoy bu bayramla məmləkətimizə və digər İslam ölkələrinə əmin-amanlıq yağışı yağsın! İsti yay günlərində tutduğumuz oruclarımız Rəbbimizin rəhmətinə, rizasına nail olmamıza vəsilə olsun! Bayramınız mübarək!..
ŞƏRHLƏR