QURAN İBADƏTİ

QURAN İBADƏTİ

            Bir gün Hz. Peyğəmbər (s.ə.s): Qəlblər də dəmirin paslandığı kimi paslanar”, -buyurdu. Yanında olan səhabə: “Onun cilası nədir, ya rəsulallah?” - deyə soruşduqda sevgili Peyğəmbərimiz: “Quran oxumaqdır”, - buyurdu. (Beyhəqi, Şuabul-iman)

            Qurani-Kərim tilavətinin önəmini dərk etməyimiz baxımından bu hədisi-şərif böyük əhəmiyyət kəsb edir.  Çünki başqa bir hədisində Hz. Peyğəmbər: “Hər bir günah qəlbə bir ləkə salar. Günahlar çoxaldıqca qəlbdəki ləkələr də çoxalar. Nəhayət, qəlblər qapqara olar”, - buyurmuşdur. Bu da  Qurani-Kərimin Bəqərə surəsində kafirlər haqqında buyurulan  “qəlblərin möhürlənməsi” ilə bənzərlik göstərir. Hansı ki, Allah-Təala onlar haqqında: “Onları xəbərdar etsən də, etməsən də kar etməz!” - buyurmaqdadır.

Bütün bunlar birinci qeyd etdiyimiz hədisi-şərifin önəmini daha da aktuallaşdırmaqdadır. Çünki bəzi alimlərə görə, peyğəmbərimiz qəlblərin paslanmasından günahları nəzərdə tuturdu. Yuxarıdakı hər iki hədisi-şərifə bir daha nəzər salsaq görərik ki, Peyğəmbərimiz günahı birində ləkəyə, digərində isə pasa bənzətmişdir. Pasa bənzədilən günah sanki ləkəyə bənzədilən günahdan daha çox ağır bir günaha işarə edir. Bütün  bu günahların çoxluğuna baxmayaraq Hz. Peyğəmbər Qurani-Kərim oxuyaraq o günahları təmizləyə biləcəyimizin reseptini və müjdəsini bizə bildirmişdir.

Ümumiyyətlə, Qurani-Kərim oxuma ibadətini Hz. Peyğəmbər digər ibadətlərdən fərqləndirmişdir. Hətta ondan əməllərin ən xeyirlisinin nə olduğunu soruşduqda: “Qurani-Kərim oxumaq”, - deyə cavab vermiş (Tirmizi, Qiraət, 4), Quran oxumağın nafilə namaz qılmaqdan  daha xeyirli olduğunu bildirmişdir (İbn Macə, Sünən, I, 79).

Bütün bunlar heç də təsadüfi deyil. Çünki bəhs olunan kitab Allahın kəlamıdır. Allah Rəsulu (s.ə.s): “Bu kəlamın üstünlüyü Allahın məxluqatına olan üstünlüyü kimidir” buyurmuşdur. Ona görə də dünyaya gəliş məqsədimiz olaraq Allahın əmrlərini yerinə yetirib, qadağalarından uzaq durmaq istəyiriksə, Qurani-Kərimi çox oxumaqlıyıq. Beləliklə, nəinki Allahın əmrlərindən birini yerinə yetirəcəyik, hətta onun qadağalarını pozmaqla, ya da digər əmrlərini yerinə yetirmədiyimizə görə qazandığımız günahları da yuxarıdakı hədisi-şərifə əsasən sildirmiş olacağıq. Bundan daha gözəl ibadət nə olsun ki?!..

Təəssüflər olsun ki, bütün bu həqiqətlərə baxmayaraq müsəlmanlar bu ibadətə digər ibadətlər kimi əhəmiyyət vermirlər. Hətta bir çoxları Quran oxumağı belə bacarmırlar.

İçində olduğumuz mübarək ayda, Qurani-Kərimin nazil olduğu və Peyğəmbərimizin hər il Hz. Cəbrayılla onu başdan sona qədər oxuduğu bu Ramazan ayında Quran tilavətinin önəmi daha da artmaqdadır. Bunun üçün Quran oxuya bilən bu aylarda onu çox-çox oxumalı, bilməyənlər də öyrənməyə səy göstərməlidirlər.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz