HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Həzrət Mövlana q.s - 5-
Mövlana həzrətləri buyurur:
“Ramazan gəldi, artıq maddi qidalardan əlini çək ki, göydən sənə mənəvi ruzi ehsan edilsin. Bu ay könül süfrəsinin açıldığı aydır. Bədənin xəyalarından qəlbin xilas olduğu aydır. Könüllərin eşq və imanla dolduğu aydır”.
Haqq-Təalaya həmd-sənalar olsun ki, yenə bizi Ramazani-Şərifin uxrəvi iqliminə qovuşdurdu. Ramazani-Şərif ömür təqvimi içərisində müstəsna bir lütf və rəhmət ayıdır. Mənəvi qazanc əldə etmək üçün ən qiymətli mövsümdür. Allah-Təalanın ümməti-Muhammədə böyük ehsanı, möhtəşəm ikramıdır. Möminlər üçün mənəvi qiymətlərlə doluilahi bir xəzinədir. Bir hədisi-şərifdə belə buyurulur:
“Əgər qullar Ramazanın fəzilətini bilsəydilər, bütün ilin Ramazan olmasını arzulayardılar…” (Heysəmi, c III, s. 141)
Şübhəsiz ki, Allah-Təalaya qulluq müəyyən zamanlara xas olan mərasim deyil, ömürlük təqva həyatıdır. Ömrün hər anı ilahi rizanı qazanmaq üçün bir fürsətdir. Lakin 24 saatlıq gün içərisində səhər vaxtının, 7 günlük həftədə mübarək Cümə gününün xüsusi mənəvi yeri olduğu kimi, ilin ayları içərisində də Ramazani-Şərif eləcə müstəsna qiymətə sahibdir.
Ramazani-Şərif Allahın quluna yaxınlıq və dostluq dəvətidir. Bu dəvəti qəbul edənlər üçün müstəsna bir mənəvi qazanc mövsümüdür. Bəzi peşə sahibləri öz sahələrində müvəffəq ola bilmək üçün, həmçinin idmançılar iştirak edəcəkləri müsabiqələrdə qələbə əldə etmək üçün təşkil olunmuş xüsusi düşərgələrdə ətraf mühitdən təcrid olunaraq təlim görürlər. Ramazani-Şərif də eynilə bunun kimi möminlər üçün dünyəvi əlaqələri minimuma endirərək Haqqa yaxınlıq və dostluğun müstəsna fürsətləri üzərində mərkəzləşmə mövsümüdür.
Qulu Rəbbindən uzaqlaşdıran hər şeydən əl çəkərək rizayi-ilahini cəlb etməyin bərəkətli fürsətlərindən maksimum istifadə etmək zamanıdır.
Düşünməliyik ki,
Dünyəvi işlərimiz üçün nə qədər çalışıb yoruluruq? Dünyəvi hədəflərimizə çatmaq üçün sərf etdiyimiz vaxtın, əməyin və pulun miqdarı nə qədərdir?
Məhz bu mübarək ayda uxrəvi hədəflərimiz üçün, mənəvi həyatımızı canlandırmaq üçün, qəlbən mərhələ qət edə bilmək üçün, qulluğumuzu kamala çatdırmaq üçün, bir sözlə, Allaha yaxınlaşa bilmək üçün bir səfərbərlik həyəcanı ilə səylərimizi zirvəyə çıxarmalıyıq.
Buna görə də hər şeydən əvvəl Allah-Təalanın bizə bəxş etdiyi bu bahabiçilməz hədiyyəsinin dəyərini dərk etməliyik. Çanki Ramazan bütün xeyir əməllərin qat-qat savabla mükafatlandırıldığı ilahi lütf ayıdır. İçində min aydan daha xeyirli Qədr gecəsinin olduğu Ramazani-Şərifi layiqincə əhya edənlər saysız-hesabsız nemətlərə nail olarlar. Ona laqeyd qalıb qəflətlə hədər edənlər isə dəhşətli məhrumiyyətə düçar olarlar.
Peyğəmbərimiz r hədisi-şərifində Ramazani-Şərif kimi ilahi ikrama qafil qalmağın nə qədər böyük ziyan səbəbi olduğunu belə bildirmişdir:
“…Cəbrayıl u “Ramazana çatıb günahları bağışlanmayan kəs rəhmətdən uzaq olsun!” dedi. Mən də “Amin” dedim”. (Bax. Hakim, IV, 170/7256; Tirmizi, Dəavat, 100/3545)
Belə bir möhtəşəm qazanc mövsümünə biganə qalanların halı sanki bir dəfinə üstündə yaşadığı halda aclıqdan ölən bədbəxtlərin halına bənzəyir. Yaxud da bərəkətli yaz yağışında təpədən-dırnağa qədər islandığı halda ondan zərrə qədər istifadə edə bilməyən sərt qayalıqların talehsizliyini xatırladan bir məhrumiyyətdir.
Mövlana həzrətləri orucu məcazi dillə belə danışdırır:
“Oruc deyər ki: “Allahım, bu mömin bəndən Sənin əmrinə itaət etmək üçün halal loğmanı belə yemədi, susuz qalsa da su içmədi! Bu mömin harama necə əl uzada bilər?!”.
Ramazani-Şərifin başlıca əlaməti olan oruc müəyyən bir müddət ərzində də olsa bəzi halalları qadağan etmək surəti ilə haramlardan necə çəkinəcəyimizin təlqinidir. Bu cəhəti ilə oruc həyatın hər mərhələsində günahlardan çəkinə biləcək sağlam bir iradə inşasıdır. Digər ibadətlər kimi nəfsi haramlardan, həyasızlıq və pislikdən çəkindirən müstəsna bir mənəvi tərbiyədir. Nəfsin hücumlarına müqavimət göstərəcək dərəcədə güclənməsi üçün ruha verilən vitamin kimidir.
Ədəbinə riayətlə tutulan oruc mömin üçün axirətdə cəhənnəmə qarşı qoruyucu qalxan olacağı kimi dünya həyatında da kökü cəhənnəmdə olan haramlara qarşı güclü sipərdir. Xüsusilə qeybət, dedi-qodu, israf kimi haramlardan çəkinmə həssaslığı qazandıran bir könül tərbiyəsidir.
Oruclu ikən ağzımıza hər hansı bir qidanın girməməsinə diqqət etdiyimiz kimi ağzımızdan da pis bir sözün çıxmaması üçün həssaslıq göstərməliyik. Əks təqdirdə orucun feyz və ruhaniyyəti zədələnər.
Əsri-səadətdə baş verən bu hadisə sözünü etdiyimiz həqiqətin ən bariz misalıdır:
Bir vaxtlar kölə ikən Rəsulullah r-in azad etdiyi Übeyd t belə nəql edir:
İki qadın oruc tutmuşdu. Gönorta vaxtı bir nəfər gəlib:
- Ya Rəsulallah, burada iki qadın var, oruc tuturlar. Az qalsın susuzluqdan öləcəklər. (İzin verirsinizsə oruclarını pozsunlar), - dedi.
Allah Rəsulu r üzünü başqa tərəfə çevirdi, cavab vermədi. Həmin adam sözünü tərar etdi:
– Ya Nəbiyyallah, vallahi, az qalsın öləcəklər, - dedi.
Fəxri-Kainat:
- “Onlar çağır!” - buyurdu.
Qadınlar gəldilər. Peyğəmbərimiz bir qab istədi. Qadınlardan birinə uzadıb:
- “İçindəkiləri çıxart”, -dedi. Qadın qabın yarısını dolduracaq qədər qan, irin və ət qusdu.
Obiri qadına da eyni şeyi əmr etdi. O da qab dolanadək qan və təzə ət qaytardı. Bu zaman Rəsulullah r:
- “Bunlar özlərini Allahın halal qıldığı şeylərdən qorudular, onlara qarşı oruc tutdular, haram qıldığı şeylərlər isə oruclarını açdılar. Bir-birinin yanına oturub insanların ətini yeməyə (qeybət etməyə) başladılar”, - buyurdu. (Əhməd, V, 431; Heysəmi, III, 171)
Necə ki, ayeyi-kərimədə:
“…Bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir)…” (əl-Hucurat, 12) buyurularaq, qeybət günahının Allah qatında nə qədər ağır vəbal olduğu ifadə edilir.
Deməli, orucu həqiqi mənada tuta bilmək üçün onu Allahın sevmədiyi bütün vəsflərdən uzaq duraraq mühafizə etməliyik. Həzrət Əli t belə buyurur:
“İşlədiyiniz saleh əməllərə göstərdiyiniz əhəmiyyətdən daha artığını onun qəbuluna və qorunmasına göstərin”.
Yəni bir saleh əməli işləmək qədər onu zədələmədən və əcrini zay etmədən nəticələndirə bilmək də hədsiz dərəcə mühümdür. Qeyd edəcəyimiz hadisə arif möminlərin bu həssaslığına necə də gözəl misaldır:
Abdullah Dəhləvi həzrətləri oruclu olduğu bir gün, yanında sultan haqqında pis danışmışdılar. Həzrət:
- Əfsuslar olsun, orucumuz pozuldu, - dedi.
Tələbələrindən biri:
- Amma siz qeybət etmədiniz axı, - dedikdə:
- Bəli, biz qeybət etmədik, amma ona qulaq asdıq. Qeybətdə söyləyən də, eşidən də eynidir, - buyurdu.
Allah-Təala qeybət etməyi qadağan etdiyi kimi onu dinləməyi də qadağan etmişdir. Çünki qeybətə göz yumub onu dinləmək də ona iştirak etməkdir.
Yeri gəlmişkən, ifadə edək ki, qeybət çox ağır bir qul haqqıdır. Qul haqqı isə Allahın əfvindən kənarda qalan haqdır. Yəni bir din qardaşının arxasınca xoşuna gəlməyən sözlərlə yad edən bir adam ondan halallıq almalıdır. Üstəlik halallıq istəyərkən də bütün səmimiyyəti ilə: “Sənin haqqında bunları dedim, yanımda da filankəslər vardı…” deyərək hər şeyi olduğu kimi etiraf etməlidir. Hətta etdiyi qeybət hər hansı bir fitnəyə səbəb olmuşsa, çoxlu istiğfar etməsi, sədəqələr verməsi, peşman olub göz yaşı tökməsi, Allaha yalvararaq əfvini istəməsi lazımdır.
Deməli, qeybət düzəldilməsi hədsiz dərəcə çətin olan ən ağır qul haqlarından biridir. Nəticə etibarı ilə bu səhvi işləyib düzəldilməsi ilə məşğul olmaqdansa, vaxtında dilə sahib çıxıb bu günaha heç bulaşmamaq ən doğrusudur.
Xülasə, oruc tutan adam başda qeybət olmaqla Allahın razı olmadığı hər hal və davranışdan əlini, dilini, gözünü, qulağını, bütün üzvlərini qorumalıdır. Yəni bütün vücuduna oruc tutdurmalıdır. Əks halda bu nəbəvi xəbərdarlıq və tənbehlərə tuş gəlmək qaçılmazdır:
“Elə oruc tutanlar var ki, tutduqları orucdan onlara quru aclıqdan başqa heç nə qalmaz!..” (İbn Macə, Siyam, 21)
“Kim yalan danışmağı və fırıldaq işləri tərk etməzsə, Allahın həmin adamın yeyib-içməkdən kəsilməsinə ehtiyacı yoxdur”. (Buxari, Savm, 8)
Abdullah bin Ömər v da belə buyurmuşdur:
“Namaz qılmaqdan zəifləyib yay kimi, oruc tutmaqdan əriyib mıx kimi olsanız da, haram və şübhəlilərdən uzaqlaşmadığınız təqdirdə Allah o ibadətləri qəbul etməz”.
Mövlana həzrətləri buyurur:
“ “Vücudunu həddən artıq bəsləməyə çalışma! Çünki o, sonunda torpağa veriləcək qurbandır. Sən könlünü feyz bulaqlarından doldurmağa bax. Çünki ucalara gedəcək və şərəflənəcək olan odur…
Yağlı-ballı şeyləri bədəninə az ver. Çünki vücudunu həddən artıq bəslənən kəs nəfsani arzulara düşərək sonunda rəzil olur.
Ruha mənəvi qidalar ver. Onu kamil düşüncə, incə anlayış və ruhi qidalarla bəslə ki, gedəcəyi yerə gülcü və qüvvətli getsin!
Ey əhsəni-təqvim üzrə / ən gözəl vəsfdə yaradılan insan, əgər qiyamət gününü inkar etmirsənsə, o Dostun qapısına əliboş halda necə ayaq basırsan? Bu fani dünyada yuxunu və yeyib-içməyi azalt ki, Allah-Təala ilə görüşəcəyin zamana bir hədiyyə hazırlayasan!..”
Acgözlük, israf, istehlak çılğınlığı, tənbəllik, çox yatmaq kimi hallar insanın ruhaniyyətini zədələyər, mənəvi təravətini itirməsinə səbəb olar. Qəlbə ağırlıq, ibadətlərə qarşı istəksizlik və tənbəllik verər. Bu səbəblə Həzrət Peyğəmbər r az yeməyə təşviq edərək belə buyurmuşdur:
“Heç kim mədəsindən daha təhlükəli bir qab doldurmamışdır. Halbuki insana onu dik tutacaq bir neçə loğma kifayətdir. Əgər bir adamın mütləq çox yeməsi lazım gələrsə, mədəsinin üçdə birini yeməyə, üçdə birini içməyə, üçdə birini də nəfəsinə ayırsın!”. (Tirmizi, Zöhd, 47)
Eyni zamanda qidalanma dissiplini və aclıq təlimi olan, nəticə etibarı ilə acgözlük xəstəliyini müalicə edən oruc ibadəti insanın maddi-mənəvi sağlamlığı üçün böyük şəfa vasitəsidir.
Mömin bədəninin ac qalmasından çox ruhunun ac qalmasından narahat olmalıdır. Çünki ruhun libası hökmündə olan bədən sonunda əslinə, yəni torpağa dönəcək. Ruh isə mənəvi gücü nisbətində yüksəlib ucalacaq. Bir sözlə, insan vücud sağlığına laqeyd qalmamaqla yanaşı daha çox ruh sağlığı ilə maraqlanması lazımdır.
Haqq dostlarının bu xüsusdakı könül həssaslığını bu hadisə necə də gözəl izah edir:
Muhamməd bin Kab əl-Qurazi belə nəql edir:
Bir vaxtlar Ömər bin Əbdüləziz (r. əleyh) ilə Mədineyi-Münəvvərədə qarşılaşmışdım. Onda çox yaraşıqlı, cüssəli bir gənc idi. Daha sonra xəlifəlik dövründə yanına getdim. Onu görəndə təəccübləndim. Çaşqın-çaşqın üzünə baxmağa başladım. Mənə:
- Ey Muhamməd, niyə belə heyrətlə baxırsan? – dedi.
- Ey möminlərin əmiri, rənginiz qaçıb, bədəninin zəifləyib, saçlarınız ağarıb və tökülüb. Sizi bu halda görüb heyrətimi gizlədə bilmədim”, - dedim.
(Ümmətin ağır məsuliyyətini çiyinlərində daşımaqdan saralıb-solan) Ömər bin Əbdüləziz (r.əleyh) mənə belə dedi:
- Ey Muhamməd, qəbrə qoyulandan üç gün sonra məni görsən, kim bilir nə qədər təəccüblənəcəksən? Qarışqalar gözlərimi çıxaracaq, gözlərim yanaqlarıma axacaq, ağız-burnum qan və irinlə dolacaq. Bax onda məni heç tanımayacaq və çox təəccüb edəcəksən.
İndi bunları bir kənara qoy, mənə İbn Abbasın Rəsulullah r-dən rəvayət etdiyi hədisi təkrar et…” (Hakim, IV, 300/7706)
Gördüyümüz kimi, əməlisaleh bəndələrin əsas arzusu bədənlərinin deyil, ruhlarının təravəti və əmin-amanlığıdır. Çünki əbədiyyət səfərində insana faydalı olan bədəninin nə qədər güclü, sağlam və gözəl olması deyil, ruhunun Allaha nə qədər yaxın olmasıdır.
Qulu Rəbbinə yaxınlaşdıransa günahlardan təmizlənmiş səlim bir qəlbə sahib olması və ilahi rizanı cəlb edən saleh əməllər işləməsidir. Necə ki, hədisi-şərifdə buyurulur:
“Allah sizin surətinizə (zahiri görünüşünüzə) və mallarınıza baxmaz. Lakin sizin (ixlas və təqva cəhətdən) qəlblərinizə və əməllərinizə baxar”. (Müslim, Birr, 34)
Allah-Təala bizi dünyaya tərtəmiz göndərdiyi kimi, hüzuruna da günahların kir və pasından paklanmış tərtəmiz qəlb aparmağımızı istəyir. Unutmayaq ki, Haqq-Təalanın hüzuruna aparacağımız ən qiymətli hədiyyə Onun camal əsmasının əksləri ilə bəzənmiş, pak, cilalı və bərraq bir gönül aynasıdır.
Mövlana həzrətləri buyurur:
“Onu bil ki, bədəndən, maldan, mülkdən itirmək ruha faydalıdır; onu vəbaldan qurtarar. Görünüşdə malın bağışlanması və infaq edilməsi əldən çıxmadır, amma onu verənin qəlbinə yüzlərlə mənəvi həyat gələr!”.
Oruc ibadəti insana yaşatdığı qısamüddətli məhrumiyyətlə nemətlərin qədrini xatırladaraq acların halını və möhtacların dərdini hiss etməyi təlqin edir. Beləliklə könüllərdə şəfqət, mərhəmət və comərdlik bulaqlarının coşub daşmasına səbəb olur.
Yəni orucun verdiyi ilk dərs mərhəmətdir. Oruc mərhəmətsizliklə tıxanan qəlb damarlarını açar. Çünki acın halını ac olan anlayar.
Necə ki, Misirdə şiddətli qıtlığın hökm sürdüyü günlərdə Yusuf u-dan:
- Dövlət xəzinələrinə hökm edən idarəçisiniz. Nə üçün özünüzü ac saxlayırsınız? – deyə soruşanda bu ibrətli cavabı verir:
- “Qarnım tox olarsa, acların halını anlamamaqdan qorxuram!..”
Elə isə Ramazani-Şərif iqliminin bəxş etdiyi qəlbi riqqətlə bu ay ərzində fəqir-füqəraya şəfqət və mərhəmət qanadlarını daha səxavətlə açmaq lazımdır. Unutmamalıyıq ki, Allah-Təala verdiyi nemətləri Onun rizası yolunda nə qədər xərclədiyimizi sınamaq üçün daima bizi imtahan edir.
Həmçinin var-dövləti Allah üçün xərcləyə bilməkdə bambaşqa bir sirr var. O da infaq edilən malın zahirən əskildiyini görsək də, əslində budanan bir ağacın daha çox qol-qanad açması kimi güclənib bərəkətlənməsidir.
Mövlana həzrətləri buyurur:
“Sədəqə verməklə mal əskilməz. Əksinə, xeyir işlərə xərcləmək malı tələf olmaqdan qoruyar!
Qızıl zəkat verilməklə azalmaz, əksinə, artar! Verdiyin zəkat pul kisənə keşik çəkər, onu qoruyar.
Əkin əkənin anbarı boşalar, amma biçin vaxtı gələndə əkdiyi toxumların əvəzində qat-qat artığını yığar. Boşaltdığı anbarın əvəzində neçə anbar dolusu məhsul yığar!..
Amma buğda yerində istifadə olunmaz, anbarda saxlanarsa, bit-birəyə və gəmiricilərə yem olar. Onu tamamilə məhv edərlər”.
Zəkat, sədəqə, fitrə, bir sözlə, Allah üçün edilən bütün infaqlar xərcləyənin ixlası nisbətində bir növ malın mənəvi sığortası olur, onu tələf olmaqdan qoruyur. Allah-Təala qulunun xalis niyyətlə sərgilədiyi comərdliyi müqabilində 10-dan 700 mislinə qədər əcr ehsan edər.
Rəsulullah r də belə buyurmuşdur:
“Hər səhər yer üzünə iki mələk enər. Onlardan biri:
“Allahım, malını haqq yolunda xərcləyənə xələfini (infaq etdiyininəvəzinə yenisi) ehsan et!” – deyə dua edər.
Digəri isə:
“Allahım! Xəsislik edənin malını tələf et!” - deyə bəd-dua edər”. (Müslim, Zəkat, 57)
İnsan şəxsiyyətinə ən çox təsir edən iki ünsür var. Biri, yoldaşlarının saleh və ya fasiq olması, digəri isə, qazancının halallıq nisbətidir. Hər kəs pula hökm etdiyini zənn edir. Halbuki əksəriyyətlə iradə puldadır, sahibində deyil. Yəni pulun mənəvi keyfiyyəti insanın şəxsiyyətinə istiqamət verir. Çünki pul ilan kimidir, girdiyi dəlikdən çıxar. Ona görə də qazancın nə qədər halal olduğunu görmək üçün hralara xərcləndiyinə baxmaq kifayətdir. Halaldan gələn halal yollara xərcləndiyi halda haramdan gələn harama xərclənər.
Malı Allah yolunda infaq edə bilmək böyük şərəfdir. Bu şərəf hər insana nəsib olmaz. Bu şərfədən payı olmayan xəsislər haqqında Həzrət Əli t-ın bu sözü nə qədər mənalıdır:
“Xəsislərin halı necə də qəribədir. Dünyada kasıb adamlar kimi yaşayarlar, axirətdə isə varlılar kimi hesab verərlər”.
Xülasə, ilahi rəhmətin coşub-daşdığı bu mübarək ayda candan və maldan fədakarlıq edərək qardaşlıq vəzifələrimizi yerinə yetirməyə daha da əhəmiyyət göstərməliyik. Necə ki, insanların ən comərdi olan Həzrət Peyğəmbər r Ramazani-Şərifdə heç bir maneə tanımadan əsən rəhmət küləklərindən daha comərd olar, bütün ibadət və ehsanlarını artırardı. Ondan:
- Əcrinə görə hansı sədəqə daha böyükdür? – soruduqda:
- “Ramazani-Şərifdə verilən sədəqə…” buyurmuşdur. (Tirmizi, Zəkat, 28/663)]
Allah-Təala bizə hər gecəmizi Qədr, hər gördüyümüzü Xızır bilərək mübarək Ramazan ayının əbədi qazanc fürsətlərini layiqincə dəyərləndirə bilməyi nəsib etsin. Ramazani-Şərifi bütün gözəllikləri ilə əhya edib, ilahi əfv fərmanını alaraq həqiqi bayrama çıxmağı letf eyləsin. Bu Ramazan ayını ixlaslı niyyət və saleh əməllərlə gələn ilin Ramazanına bağlaya bilməyi və həyatımızı daimi Ramazan ruhaniyyəti içində yaşaya bilməyi hər birimizə nəsib etsin. Axirət yurdunu da bizə əbədi baryam sevinci etsin.
Amin!..
ŞƏRHLƏR