ONLARI KİM YETİŞDİRİR?

ONLARI KİM YETİŞDİRİR?

Bir neçə gün əvvəl paytaxt Bakımızın kafelərindən birində yoldaşlarla çay içərkən qarşı masaya ana və iki uşağın oturduğunu gördüm.

 Uşaqlar təxminən 9-11 yaşlarında olardı. Sifariş verdikdən sonra ana çantasından telefonunu çıxardıb vayfay[1] şifrəsini yazması üçün ofisianta uzatdı. Bundan sonra uşaqların işgəncəsi başladı. Əvvəlcə bir-iki selfi çəkildi, ondan sonra ananın başı telefondan qalxmadı. Uşaqlar yazıq-yazıq oturduqları yerdə gah əllərini masaya uzadıb başlarını qollarına yapışdırdılar, gah da kafenin tavanına baxdılar. Hərdən bir-biri ilə çox qısa deyə biləcəyimiz kiçik dialoqlar da qururdular. Təxminən kafedə keçirdiyim yarım saat ərzində bu mənzərə dəyişməz olaraq qaldı. Bizdən sonra nə qədər davam etdiyini deyə bilmərəm. Məsələni öz-özümə təhlil etməyə başladım. Guya onlar ailəli şəkildə yeməyə gəlmişdilər. Evdən birlikdə vaxt keçirmək adı ilə çıxmışdılar. Lakin eyni məkanı və zamanı paylaşsalar da birlikdə vaxt keçirə bilməmişdilər. Ana və uşaqlar arasına telefon canavarı girmiş, vayfayın görünməz tikanlı məftilləri onları ayırmışdı.

Bəli, bu mənzərə tez-tez qarşılaşdığımız, bəzən fərqində olmadan hər birimizin düşdüyü acınacaqlı bir durumdur. Mənim əyani surətdə müşahidə etdiyim, sizinsə yazdıqlarım üzərindən zehninizdə canlandırdığınız mənzərə və ona bənzər proseslər nəticəsində yetişən gənclərin həzin aqibəti insanı acı-acı düşünməyə vadar edir. Çünki adi hal kimi qarşıladığımız, əslində isə böyük ictimai fəsadlara gətirib çıxaran bu cür məsələlər gələcək nəsillərimizə tuşlanan təhlükəli silah kimi cəmiyyətimizi hədələyir. Məhz bunun nəticəsində yediyini qonşusu ilə paylaşan deyil, yediyinin şəklini paylaşan nəsillər yetişir. Ailə daxilində sevgi və ehtiram üzərində formalaşan səmimi ünsiyyət get-gedə quru və rəsmi münasibətə çevrilir. Vermiş olduğumuz acı örnəyin baş qəhrəmanlarında müşahidə etdiyimiz kimi artıq ailə içərisində qarşılıqlı dialoqun azalması birbaşa duyğuların ifadə edilməsinə öz mənfi təsirini göstərir. Təəssüflər olsun ki, texnologiyadan şüursuz istifadəmiz bizi real həyatdan qopararaq sürətlə fərdiləşməyə, eqoizmə doğru sürükləyir. Nəticədə ailə qarşılıqlı sevgi və hörmət əsasları üzərində bina edilən birlik-bərabərlik müəssisəsi olmaqdan çıxıb fərdlərin sadəcə bioloji bağlarla bir-birinə bağlandığı, müştərək duyğuların, xəyalların qətl edildiyi zindana çevrilir.

Bildiyimiz kimi insanın tərbiyəsində təsirli olan iki əsas amil var: ailə və ətraf mühit. Doğulduğu andan ölənə qədər tərbiyəyə zəruri ehtiyacı olan insanın gələcək həyatının hansı istiqamətdə formalaşacağı birbaşa ailə mühitindən və onun təsirlərindən asılıdır. Çünki digər bütün tərbiyə prosesləri ailədə atılan təməllər üzərində həyata keçirilir. İnsanın dünyaya gəlməsində ata-ana amilinin zəruri ehtiyacı eynilə onun tərbiyəsində də böyük rol oynayır. Uşaq bilmədiklərini ailəsindən öyrənir. Sevgini, şəfqəti, yardımlaşmağı, ünsiyyəti onlardan öyrənir, ətraf mühitlə ilk tanışlığı onlar vasitəsilə həyata keçirir. İlk addımlarını atan körpənin əlindən tutduğumuz kimi onun həyata atdığı addımlarda da əlindən tutmalı, yanında olmalıyıq.     

Məqaləmizin başlığındakı sual cümləsini hər kəs öz-özünə bir daha versin: Onları kim yetişdirir? Əgər evdə keçirdiyimiz vaxtımızın böyük hissəsi internetdə, sosial şəbəkədə, televizor qarşısında keçirsə, tətil günlərində onlara vaxt ayıra bilmiriksə, deməli, övladlarımızı biz yox, gələcəyimizi istədikləri kimi dizayn etməyə çalışanlar yetişdirir. Onların gələcək planlarını əyləncə adı altında gənc beyinlərə yeridilən mesajlar təyin edir. İnsan xəyalları, gördüyü yuxuları, dilə gətirdikləri, əmələ çevirdikləri ilə insandır. Əgər övladlarımız bizim düşündüyümüzü xəyal etmirlərsə, yuxularına yad cizgi film qəhrəmanları qonaq olursa, sərgilədikləri əməllər əlbəttə ki, bizi məmnun etməyəcək. Əgər əməlindən məmnun olacağımız gənclərin yetişməsini istəyiriksə, xəyal, duyğu və düşüncələrini biz yönləndirməliyik.

Qurani-Kərim bizə Hz. İbrahimlə oğlu İsmayıl (ə.s)-ın birlikdə Kəbəni inşa etdiklərindən xəbər verir: Onu da yadına sal ki, İbrahim və İsmayıl evin (Kəbənin) bünövrəsini ucaltdıqları zaman: “Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan da, (hər şeyi) eşidənsən, bilənsən!' – deyə dua etdilər”. (əl-Bəqərə, 127)

Həzrət İbrahimin gənc oğlunu da bu işə daxil etməsi, Allahın rizasını qazanmaq məqsədi ilə insanlara faydalı olacaq xeyirli bir işə onu da cəlb etməsi hər bir valideynə ibrət olmalıdır. Eyni ayəyə və sonrakı ayələrə nəzər saldıqda eyni zamanda birlikdə Allaha dua etmələrinə şahid oluruq:

“Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar (müsəlman), nəslimizdən yetişənləri Sənə təslim olan ümmət (müsəlman) et, bizə əməllərimizi (ibadət qaydalarımızı) göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!” (əl-Bəqərə, 128)  

Onları düzgün tərbiyələndirməyin yolu əllərindən tutub getdiyimiz cığırla irəliləmələrini təmin etməyimizdən keçir. Xeyir əməlləri sevdirmək, gələcəyin xeyirxah insanını inşa etmək, insanlığa faydalı fərdlər yetişdirmək üçün bütün faydalı əməllərimizdə onları özümüzə şərik etməliyik. Sədi Şirazi uşaqlıq illərinə dair bir xatirəsində belə deyir: “Mübarək gecələrdən birində atamla məsciddə ibadət edirdik. Yanımızda yatan adamlar vardı. Atama: “Biz ibadət edirik, onlarsa belə mübarək gecəni qəflətlə yuxuda keçirirlər”, - dedim. Atam: “Düzdür, bəlkə də onlar gecənin feyzindən məhrumdurlar, amma sənin kimi oyaq olub başqasını xor görmək günahı da işləmirlər”, - cavabını verdi”. Əlbəttə ki, Şirazinin hikmət dolu misralarında hələ azyaşlı uşaq ikən ona yoldaşlıq edən atasının böyük payı olmuşdur.

“Dədə Qorqud” filmindən bir fraqmenti xatırlamaq yəqin ki, yerinə düşərdi. Qazan xan oğlu Turalı qorxaqlıqda, bacarıqsızlıqda ittiham edir. Turalsa bu cavabı verir: “Atacan, sən nə zaman məni özünlə ova apardın, yay çəkmək, ox atmaq, qılınc oynatmaq öyrətdin?” Gəlin biz də özümüzə sual verək: Biz övladlarımızla nə qədər yoldaş ola bilirik? Yaxın sirdaş, dost, həmdəm ola bilirikmi? Allah qarşısında divana durarkən onları yanımızda görməkdən sevinc hissi keçiririkmi? Yay tətillərini dəyərləndirmələrində nə qədər rolumuz var? Onsuz da tətildir, istədikləri qədər film seyr etsinlər deyirik, yoxsa boş vaxtlarını faydalı işlərlə doldurmağın hayındayıq? Başımızı yastığa qoyanda nəsil təlaşı, gələcək dərdi bizi bürüyürmü? Onları Qurana, İslama, milli-mənəvi dəyərlərə sahib ruhda yetişdirməyi nə qədər hədəfləyirik? Dünya həyatlarını abad etmək üçün yaxşı məktəblərdə oxumalarına, tanınmış universitetlərə qəbul olmalarına göstərdiyimiz diqqəti əbədi həyat olan axirət həyatında məsud olmaları üçün də göstərə bilirikmi? Övladlarımız İsmayıl (ə.s) kimi ilahi rizanı qazanmaq yolunda bizimlə addımlayırmı? Gələcəyin analarını Həzrət Məryəm kimi namuslu, dürüst və şəfqətli yetişdirə bilirikmi?


[1] Wi-fi

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz