Haydı kurslara!..

Haydı kurslara!..

“Sizin ən xeyirliniz Quranı öyrənən və onu başqalarına öyrədəninizdir”.

Bu hədisi-şərif “mən müsəlmanam” deyən hər kəsin qulağına sırğa olacaq bir hədisdir. Xüsusilə də qarşıdan gələn uzun yay tətili günlərində...

Məktəblərin tətilə başlaması ilə birlikdə ailələrdə də Quran kursu həyəcanı başladı. Çünki hər kəs bunu yaxşı bilir ki, uşağı təkcə məktəb bilikləri üzrə yetişdirmək kifayət deyil. Bir uşaq elmi cəhətdən yaxşı yetişə bilər, lakin təkcə bu bilikləri ilə ailəsinə və cəmiyyətinə faydası olmaz. Bu halda onun şəxsi mənfəəti onun üçün ilk planda ola bilər. Uşaqların əxlaq cəhətdən də yaxşı yetişdirilməsi lazımdır. Əgər memar olacaqsa Memar Əcəmi kimi, şair olacaqsa Nizami kimi, həkim olacaqsa İbn Sina kimi, alim olacqsa Nəsrəddin Tusi kimi və s... Yəni həm dünyasını, həm də axirətini düşünən, özünə və cəmiyyətinə faydalı insan olmalıdır.

Biz müsəlmanların ən əhəmiyyətli vəzifələrindən biri də Qurani-Kərimi oxumağı öyrənmək və öyrətməkdir. Uca Rəbbimiz buyurur: “(Ey Muhamməd!) Rəbbinin kitabından sənə vəhy olunanları oxu! Onun kəlmələrini heç kəs dəyişdirə bilməz! Ondan başqa heç bir sığınacaq tapa bilməzsən!” (əl-Kəhf, 27).

Artıq, orta məktəb dərsləri qurtardı, imtahanlar bitdi. Uşaqlarımızın Quran öyrənməsi, sağlam və doğru din tərbiyəsi alması, uca Rəbbimizi tanıması, millətini sevməsi, böyüklərinə sayğı göstərməsi, kiçiklərinə mərhəmətlə baxması, yaxşı və gözəl əxlaqı öyrənməsi üçün Quran kursları onları gözləyir.

Quranın öyrədilməsi xüsusunda müəllim qədər valideynlərə də ciddi iş düşməkdədir.   

Valideynlər bunu əsla unutmasınlar: Quran öyrənməyə gələn və dini öyrənən uşaqlar sabah cəmiyyətə də faydalı olacaqlar. Uşaqlar məscidləri görsünlər, tanısınlar, qoxusunu alsınlar. Məscidlə böyüyən uşaqlar eroin, narkotika və s. kimi pis vərdişlərdən də daha uzaq olarlar. Bəlkə ata-analar oxuya bilmədilər, lakin övladlarını, nəvələrini göndərib onları oxutmalıdırlar.

Uşaqlarımıza Quran elmini öyrətməyimiz eyni zamanda valideynlərin boynundakı dini bir borcdur. Bundan da hesab verəcəyimizi unutmayaq. Əldə imkan var ikən, ömür fürsət vermişkən, bunu dəyərləndirmək bizim müsəlman olaraq borcumuzdur.

Hər elmin özünə xas öyrətmə yönləri olduğu kimi Qurani-Kərim oxumağı öyrənmənin və öyrətməyin də xüsusi yönləri vardır. Qurani-Kərim dərsi müəllimlə öyrəniləcək bir tədris yoludur. Heç bir müəllimdən eşitmədən Quran oxumağı düzgün şəkildə öyrənə bilmək çox çətindir.

Hər müsəlman yaradanına olan məsuliyyətini və içərisində yaşadığı cəmiyyətə qarşı etməsi gərəkən vəzifələrini gözdən keçirməli və müstəsna zaman mövsümündən istfadə etməlidir

Quranın öyrədilməsi xüsusunda ikinci vəzifə onu öyrədən Quran müəlliminin üzərinə düşməkdədir. Bu ülvi və müqəddəs xidmətdə bir Quran müəlliminin (və eləcə də hər valideynin) diqqət edəcəyi əsas xüsus “Sevgi” temasıdır. Dərslərin sevgi əsasında, sevdirərək işlənməsinə son dərəcə diqqət olunmalıdır. Uşaqlar dinin əsasında yer alan sevgini dərk etsələr, həmçinin ibadətlərin də Allahın sevgisini qazanmaq məqsədi ilə edildiyini öyrənəcəklər.

Yay Quran kursları isti yay günlərinə və uşaqların tətil zamanına rast gəldiyi üçün uşaqlara Quranı necə sevdirərək öyrədə bilərik?

Bunu unutmayaq ki, kurslara gələn uşaqların çoxu ilk dəfə Quran oxumağı yay kurslarında öyrənirlər. Bu kurslarda müəllimlik edən hər kəs bunu da nəzərdən qaçırmamalıdır ki, yay Quran kurslarına gələn uşaqlar tətil haqlarından kəsərək, fədakarlıq edərək bu kurslara gəlməkdədir. Bunu əsla gözardı etməmək və bundan dolayı uşaqları təqdir etmək lazımdır.

Əsri-səadətdən etibarən müsəlmanlar Quranın ən doğru şəkildə oxunmasına və sonrakı nəsillərə çatdırılmasına xüsusi əhəmiyyət vermişlər. O zaman olduğu kimi, bu gün də Quranın öyrənilməsində ancaq mənəvi motivasiyası çox yaxşı, tələbələri ilə gözəl münasibət qura bilən, öyrətməyin xüsusi təlim yönlərini yaxşı bilən müəllimlər müvəffəq ola bilərlər.

Hz. Peyğəmbərimiz (s.ə.s) Qurani-Kərimi bizə oxumuş, öyrətmiş və onun gətirdiyi həyat ölçülərini də şəxsən yaşayaraq açıqlamışdır. Ona görə də bir müsəlmanın vəzifəsini beş maddədə xülasə etmək mümkündür: Oxumaq, öyrənmək, anlamaq, yaşamaq və başqalarına öyrətmək.

Quran bizim hər şeyimizdir. Quranı oxumaq və ona uymaq həyatı daha mənalı yaşamaq deməkdir.

Onun üçün də bu yay tətilimizdə yaş fərqini düşünmədən övladlarımızı Quran kurslarına Quran oxumağı öyrənməyə; oxumağı öyrənmişləri də Quran ifadəsi ilə “ən gözəl şəkildə” - təcvidlə və qaydalarına riayət edərək daha yaxşı öyrənməyə dəvət edirik.

Çalışmaq bizdən, müəvəffəqiyyət Allahdandır!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz