ATƏŞDƏN QORUYUN!
Uca Allah Qurani-Kərimdə belə buyurur; “Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar, xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)” (ət-Təhrim, 6)
“Qoruyun!” deyə tərcümə etdiyimiz “quu” sözü, “viqa” feil kökündən əmələ gələn əmr formasındadir. Mənası, bir şeyi qorumaq, zərər verəcək şeylərdən çəkindirmək, himayə etmək və olacaq hərhansı təhlükələrə qarşı himayə altına almaq deməkdir.
İman gətirib yaxşı işlər işləyərək haram və qadağalardan çəkinən, ilahi qanunlara (sünnətullaha və şəri hökmlərə) uyaraq özünü dünya və axirətdə təhlükələrdən, ilahi əzaba düçar olacaq əqidə, söz, hərəkət və davranışlardan qoruyan kimsəyə də “müttəqi” yəni, Allahdan həya edib günah etməkdən çəkinən deyilməkdədir.
Uca Allah yuxarıda qeyd olunan ayədə möminlərə həm özlərini, həm də həyat yoldaşı, uşaqları və məsuliyyətini boynuna götürdüyü şəxsləri, yanacağı daş və insanlar olan Cəhənnəm atəşindən qorumalarını əmr etməkdədir. Bu əmr ailə başçılarının həm özlərindən, həm də idarəsində olan kəslərdən məsul olduğunu ifadə etməkdədir.
Allah Rəsulu da (s.ə.s) bu haqdakı hədisində belə buyurmuşdur: “Hamınız çobansınız və hamınız qoruyub himayə etdiyinizdən məsulsunuz. İmam çobandır və məscid camaatından məsuldur. Kişi ailəsinin çobanıdır və ondan məsuldur. Qadın ərinin evində çobandır, o da evinin içindən məsuldur. Xidmətçi sahibinin malından məsuldur.” (Buxari, Əhkam 1; Müslüm, İmarət 20)
İnsanın özünü cəhənnəm atəşindən qoruya bilməsi, cənnət və nemətlərini qazana bilməsi şirk, küfr və üsyandan çəkinərək, iman edib saleh əməllər işləməsinə, yəni müttəqi olmasına bağlıdır. Belə bir insan təbii olaraq öz ailəsini də bu yolda tərbiyə edəcək, həm bu dünya, həm də axirətdə xeyirlərə və mükafatlara nail olmasına çalışacaqdır. Həyat yoldaşına, uşaqlarına və idarə etdiyi kəslərə dini söhbətlər etmək, onları günah və haramlardan çəkindirmək, Allaha ibadət və itaətə təşviq etmək, dini və əxlaqi məlumatlar çatdırmaq və müsəlmanlığa yaraşan şəkildə yaşamalarını təmin etməklə onları cəhənnəm atəşindən qorumuş olacaqdır.
Deməli, ailə başçıları elmli, təqvalı, həyalı, əxlaqlı, dünya görüşlü, sağlam əqidəli, vətənpərvər, xeyirxah, bir sözlə milli və mənəvi dəyərlərə sahib olmalıdır ki, onun idarəsi altında olan ailəsi də bu duyğulara sahib olsun və bu ruhda yetişsin. Bunun üçün də cəmiyyətin təlim-tərbiyə işi ilə məşğul olanların üzərinə çox iş düşməkdədir. Əbəs yerə deməyiblər ki, “gənclərimiz bizim gələcəyimizidir”. Yuxarıda sadalanan ruhda ata və analara sahib olmaq istəyiriksə, bu ruhu onlara bu gün biz aşılamalıyıq. Əgər bu gün bu ruhu biz ailədə, bağçada, məktəbdə, ali təhsil ocaqlarında verə bilməsək, bunun yerini başqa mədəniyyətlər, qeyri-islami düşüncə tərzi, ailə məfhumundan uzaqlaşmış həyat tərzi tutacaqdır. Beləcə də övladlarımızın həm bu dünyası, həm də axirəti ziyan olacaqdır.
Təəssüf hissi ilə qeyd etməliyəm ki, bu gün valideynlər övladlarının bu dünyasını, dünyalıq diplomunu, ali təhsil ocağını qazanması üçün əzab-əziyyətə qatlaşır, onları hazırlıq kurslarına, müəllim yanına göndərir və bunun üçün xeyli də məsrəf edir. Ancaq dünyəvi elmlərlə yanaşı, mənəviyyat sahibi, elmi ilə gələcəkdə cəmiyyətə və ölkəyə xidmət edəcək, ibadət əhli, vətənpərvər övladlar yetişdirmək üçün o qədər də canfəşanlıq etməməkdədirlər. Halbuki Quranın ilk əmri olan “Oxu” ifadəsi işığında Allahın adı ilə oxumağımız, yəni insafla, vicdanla, səmimi və qəlbdən oxumağımız əmr olunmuşdur. Oxuduğu hər elmin Allaha apardığının şüurunu verən və hər anı üçün mənəvi bir məsuliyyət daşıdığını aşılayan, təkcə bu gününü deyil, gələcəyini də düşündürən tədrisin və təhsilin faydası daha çox olacaqdır.
ŞƏRHLƏR