BİR AYƏ

BİR AYƏ

اَلَّذِينَ يُنْفِقُونَ فِي السَّرَّاءِ وَالضَّرَّاءِ وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ وَاللهُ يُحِبُّ الْمُحْسِنِينَ

“O (müttəqilər) ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) infaq edər, qəzəblərini udar və insanları bağışlayarlar. Allah yaxşılıq edənləri sevər”. (Ali İmran, 3/134)

Təfsirlərdə rəvayət olunduğuna görə, Hz. Peyğəmbərin (s.ə.s) səhabələrindən biri: “Ey Allahın Rəsulu! İsrail oğulları Allah dərgahında bizdən daha üstündürlərmi? Onlardan biri günah işlədiyi zaman qapısının ağzında “günahın cəzası olaraq qulağını kəs, burnunu kəs, filan işi gör və s.” şəklində yazılmış bir kitabə görürmüşlər”, - dedi. Rəsulullah (s.ə.s) ona heç bir cavab vermədi. Nəhayət, “Rəbbinizin məğfirətinə və genişliyi göylər və yer qədər olub müttəqilər üçün hazırlanmış olan cənnətə tələsin!” (Ali İmran, 3/133) ayəsi ilə yuxarıdakı ayə nazil oldu və Hz. Peyğəmbər: “Sizə onlardan daha xeyirlisini xəbər verimmi?” buyuraraq bu ayələri oxudu.

Bu ayeyi-kərimədə ideal müsəlman sayılan təqva sahibi insanın əsas əxlaqi prinsipləri sadalanır. Bunlar hər cür vəziyyətdə əliaçıq olmaq, qəzəbinə hakim olmaq, insanları bağışlaya bilmək və öz xətasını qəbul edə bilmək kimi xüsusiyyətlərdir. Burada “bolluqda da, qıtlıqda da infaq edər” ifadəsi ilə müttəqilərin həm darlıqda, həm bolluqda, həm sevincli hallarında, həm də kədərli hallarında infaq etməkdən geri qalmadıqları bildirilir.

Buradan başa düşürük ki, təqva eyni zamanda möminin öz qəzəbinə hakim olmasına da vəsilə olur. Çünki ayədə keçən الْكَاظِمِينَ الْغَيْظَ ifadəsi “qəzəbini udan və gücü çatdığı halda intiqam almayıb səbir edən kimsə” mənasına gəlir. Bununla bağlı olaraq Hz. Peyğəmbər (s.ə.s) bir hədisində belə buyurmuşdur: “Əsil pəhləvan güləşdə rəqibini udan deyil, hirsləndiyi zaman qəzəbini udan kimsədir” (Buxari, Ədəb, 76). İnfaq etmək mal-mülkdən fədakarlıqdır. Qəzəbi udmaq isə duyğulardan fədakarlıqdır. Nəfsdəki qəzəb atəşinin sönməsi qəlbdəki imanın güclənməsinə səbəb olar. Bu ayənin diqqət çəkdiyi xüsuslardan biri də əfv edə bilməkdir və o da bir növ sosial fədakarlıqdır. Bu ayədə müttəqi möminin əməlləri asan olandan çətin olana doğru sıralanmışdır. Deməli, bu əməllərin içində ən çətin olanı insanları bağışlaya bilməkdir. Uca Allahın Qurani-Kərimdə tətbiq etdiyi asan işlərdən çətin işlərə doğru insanları alışdırma metodu bizim üçün də nümunə təşkil edir. Buna qısaca “tədricilik metodu” deyirik. Buradan yola çıxaraq deyə bilərik ki, insanlara dini vəzifələrini öyrədərkən də asandan çətinə doğru tədrici şəkildə öyrətməkdə fayda var.

Ayənin sonunda bu vəsflərə sahib möminlər “muhsin” yəni, yaxşı əməl sahibi kimsələr olaraq adlandırılmışlar. Bütün bu xüsusiyyətlərə malik olan müttəqi və muhsin möminlər, şübhəsiz ki, Allah-Təala yanında da sevilən kimsələrdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz