Aynanın Əks Üzü
Saat 18:05-i göstərirdi ki, evə yollanmaq üçün işdən ayrıldım.
Piyada metroya kimi düşməli, onunçün də piyada keçidini keçməli idim. Keçidin pilləkənlərinə yaxınlaşanda yaşlı bir adamın pilləkənləri çıxmaq üçün çətinlik çəkdiyini gördüm. Yaxınlaşıb köməklik etməyimi bildirmək istədikdə, heç tərəddüd etmədən qəbul etdi. Pilləkənləri qalxdıqdan sonra: “Baba, başqa bir şeyə ehtiyacın varmı?” - deyə sual verdim. Yaşlı adam cavabında: “Bala, məni o parkdakı oturacaqlara kimi apara bilərsənmi? Oğlum yarım saata gəlib məni götürəcək”, - dedi. “Başım, gözüm üstə!” - deyib babanı oturacaqda əyləşdirdim. Yaşlı adamın üzündəki nuraliniyi görüb, yanında oturub söhbət etmək keçdi içimdən. Elə bunu fikirləşirdim ki: “Bala, vaxtın varsa əyləş, nəsə suyun şirin gəldi”, - dedi yaşlı adam. Əslində heç yerə tələsmirdim, ürəyimdə fikirləşdim ki, dünya görmüş adama oxşayır, oturum söhbət edim. Həmin oturacaqda yan-yana əyləşdik. “Adınız nədir baba?” - deyə söhbətə sualla başladım. “Nurməhəmməd”, - deyə cavab verdi. Sonra mənim adımı və harada oxuduğumu soruşdu. Tələbə olmadığımı, işlədiyimi söylədim. Bu minvalla bir az zamanənin gedişatından, cavanların gələcəyindən danışdıqdan sonra sözünü bitirdi və mənə qayıdaraq: “Bütün bunların qaydasında getməsi üçün iman və namaz önəmlidir, bala!” - dedi. Elə bil şokdaydım, yaşlı adamın sözünün təsiri altına düşdüm sanki. Sonra söhbətinə başladı: “Mənim babam hacı olub, atam da hacı olub, elə mən də hacıyam. Çox gözəl bir hissdir bala, oraları gedib görmək, ziyarət etmək... Başqa bir aləmdir sanki... Allah sənə də qismət eləsin! Peyğəmbər torpağında namaz qılmaq, onun içdiyi sudan içmək bir başqa həyatdır. Sovetlərin vaxtından, Allaha çox şükür, namazımız-niyazımız yerində olub. Çox vaxt gizlin qılırdıq. Amma buna baxmayaraq, namazımızı buraxmırdıq. Əlhamdulilləh, imanımız yerində olub”. Birdən, onun sözünü özümdən asılı olmadan kəsərək: “Baba, üzündən nur tökülür, maşallah!” - dedim. Gülümsəyərək mənə: “Mən də Rəbbimin aciz və günahkar bir quluyam, bala”, - dedi. Sonra söhbətinə davam etdi: “Bilirsən, əsas məsələ nədi? Əsas məsələ budur ki, insan gərək özü ilə üzləşə bilsin. Bütün əməllərini cavab verəcəyi bir şəkildə işləsin. Əməllərimizi elə işləməliyik ki, hesabını verə bilək, sonradan peşman olmayaq. Biz aynanın görünən üzünə baxırıq. Heç çevirib arxasına baxırıqmı? Baxırıqsa bizə yansıyan bir görüntünün olmadığını da görürük, düzdürmü? Əməllərimiz də bax belədir. Hesabını verə bilməyəcəyimiz əməli işləyirik və sonda aynanın görünən tərəfinə baxıb, hər şeyin qaydasında olduğunu düşünürük və ya düşünmək istəyirik, özümüzü aldadırıq. Əməllərimiz də bizim ən önəmli aynamızdır, üzləşmə vasitəmizdir, təki ondan doğru istifadə edək, özümüzü aldatmayaq. Unutma oğlum, əməllərimizlə üzləşmək dürüstlük və cəsarət istəyən bir işdir. Cəsarətli və dürüst ol ki, haqq dünyasında əməllərinlə üzləşəcəyin zaman rahat ola biləsən”. Bu cümləsini bitirmişdi ki, uzaqdan gələn oğlunu görüb, - oğlum Fuad gəldi, mən gedim, - dedi.
Nurməhəmməd babayla sağollaşdıq və həmin yerdə oturaraq onun dediklərini düşünməyə başladım. Doğrudan da belə idi, hərdən nə isə bir arzuolunmaz iş gördükdə, çox vaxt o iş olmamış kimi davranırıq. Danılmaz haldır ki, bir müsəlmanda imandan sonra ilk sırada saleh əməl gəlir. Niyyətimiz də, əməlimiz də xeyirlərə vəsilə olmalıdır. İşlədiyimiz əməllər, Nurməhəmməd babanın dediyi kimi, aynada öz əksini tapmalı, eyni zamanda da onun arxa planını: niyyət, məqsəd və nəticə qismini düşünməliyik!
ŞƏRHLƏR