İXLAS
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:
“(Ey Rəsulum!) Şübhəsiz ki, Kitabı Sənə haqq olaraq endirdik. O halda Sən də dini Allaha(c.c) məxsus edərək ixlas ilə qulluq eylə”. (əz-Zümər, 2)
“Ancaq Allahın (c.c) xalis (ixlaslı) qulları (cəzadan) uzaq tutulacaq”. (əs-Saffat, 40)
Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Rəbbinə ixlaslı şəkildə qulluqla əmr olunmuş Rəsulu Hz. Muhammədə salətu-salam olsun.
İlahi əmrləri aldığı müstəsna tərbiyə ilə birləşdirən Allah Rəsulunun ümmətini olduqca ağır olan axirət məsuliyyətinin girovluğundan salamat qurtarmaq üçün yaşayaraq təlim etdiyi qulluq həssasiyyəti bəşər övladlarının idrak aləmində möhtəşəm izlərini əbədiyyən sürdürəcəkdir. Belə ki, əbədi cənnət yurdunda ilahi lütflərlə şərəflənənlərin: “Bizi haqq peyğəmbərə tabe olmağa müvəffəq edən Rəbbimizə şükürlər və həmd-sənalar olsun!” – deyə hədsiz sevinc sədaları ilə cəhənnəm əzabında qovrulanların: “Nə olardı təkrar dünyaya döndürülsəydik; Rəbbimizin ayələrini yalanlamasaydıq və inananlardan olsaydıq!”(əl-Ənam, 27) – şəklində qəlbləri dağlayan iniltiləri, Nəbəvi müjdə və xəbərdarlıqların talelərdə anbaan müşahidə ediləcəyini ifadə etməkdədir. Öncədən ümmətini bütün bu hadisələrdən xəbərdar edən Rəsulullahın məsuliyyət yükünü anladarkən yaşadığı müdhiş iztirab halı yaddaşlardan qətiyyən silinməməlidir. İbn Ömərin (r.a) bildirdiyinə görə Rəsulullah xütbəsində bunları söylədi: “İki böyük şeyi unutmayın: Cənnət və Cəhənnəmi!” Göz yaşları mübarək saqqalını isladana qədər ağladı, sonra belə buyurdu: “Muhammədin (s.ə.s) nəfsini qüdrət əlində tutan Allaha (c.c) and olsun ki, əgər mənim axirət haqqında bildiklərimi bilsəydiniz (havalanaraq) dağlara çıxar, başınızın üzərinə torpaq tökərdiniz!”
Allaha (c.c) qulluq əhdinə sadiq qalmaq üçün hər yönü ilə Rəsulullaha bənzəmə və Rəblərinə ixlasla itaət əhlinin axirət əndişəsı də zirvədə idi. Bu əndişəni bölüşənlərdən İbn Əbu Dünya bunları söyləyirdi: “Bir yerə yığışarkən Cənnət və Cəhənnəmi zikr etməyənlərə mələklər belə deyər: “İki böyük həqiqətdən (Cənnət və Cəhənnəmdən) qafil olanlar!” Yahya bin Əbu Kəsir isə bu iki həqiqətin qəlbləri titrədən təbiətini belə açıqlayırdı: “Cənnət və Cəhənnəmdə qalmanın əbədi olması Cəhənnəmdən qorxanların qəlblərini parçaladı”. İbn Şimmak da bunları əlavə etmişdi: “Allahı bilən ariflərin qəlblərini iki əbədinin zikri parçalamışdır. Onlar Cənnət və Cəhənnəmdir”. Beləcə, Rəsulullahın ümmətini əbədi əzabdan qorumaq üçün axıtdığı göz yaşları ilə birləşən vicdan sarsıntısı ona sədaqətlə tabe olan ümmətinin də iç aləmində sızlayan yaralar açmışdı. Söylənənlərin hamısı Cəhənnəmin acı əzabına uğramamaqdan ötrü Allaha (c.c) tam yönəlmənin ünvanı olan ixlasa sarılmanın mühümlüyünə işarə etməkdədir. Əli bin Əbil-Hürdən rəvayət edildiyinə görə, Allah-Təala Zəkəriyyə əleyhissalamın oğlu Yəhya əleyhissalama bunları vəhy etdi: “Ey Yəhya! İzzətimə and olsun ki, əgər Firdevs Cənnətini görmüş olsaydın, bədənin əriyərdi və nəfsin onu şiddətlə arzuladığından ölərdin. Yox əgər Cəhənnəmi görmüş olsaydın, ağlamaqdan gözyaşlarından sonra irin axardı”. Bu misalları anlatmaqla bir daha şahid oluruq ki, axirətin qəlbləri parçalayan məchul və qorxunc aqibətinə sipər olacaq ixlas bu qədər önəmlidir. O ixlas ki, Rəsulullah onu belə tərif etmişdi: “Dinində ixlaslı ol! Belə edərsən, az əməl də sənə kafi gələr”.
Dünyaya dalmış nəfsləri ölmədən öncə oyandırma və ixlasa sarılma qeyrətinə dəvət edən İbrahim ət-Təmimi həzrətləri bu istiqamətdəki təcrübəsini belə bölüşmüşdü: “Nəfsimi Cənnətdə xəyal etdim. Meyvələrindən yeyib orada olan bütün şeylərdən dadaraq nəfsimi nəşələndirdim. Sonra nəfsimi Cəhənnəmdə xəyal etdim. Zəqqumdan yeyib irin içərkən, üstəlik də zəncirlərə vurulmuş halda... Dəhşətdən tir-tir titrəyən nəfsimə: Hansını istəyirsən? - dedim. O da: Dünyaya dönüb ixlasla saleh əməl işləmək istəyirəm, - dedi. Mən də ona: İndiki anda güvənilən məqamdasan (yəni dünyadasan). Dərhal əmələ sarıl! - dedim”.
Adəm övladını əbədi qurtuluşa götürəcək ixlas əmanətinə yiyələnmə və onu daşımağa aid olan incə mənaları ümmətə xatırladan İmam Rəbbani həzrətləri buyurdular ki: “Bəzi kimsələrdə ibadətlərə başlayarkən ixlas naminə edilən niyyət zəhmət çəkərək, özünü zorlayaraq hasil olur ki, bu da qısa müddət davam edir. Sonra qəlbə nəfsin arzuları gəlir. Davamlı ixlas sahiblərinə Muxlas deyilir. Zəhmət çəkərək hasil olan davamsız ixlas sahiblərinə də Muxlis deyilir. Muxlas olana ibadət etmək çox rahat və dadlı olur. Çünki bunlarda nəfslərin arzusu və şeytanın vəsvəsəsi qalmamışdır. Belə bir ixlas insanın qəlbinə ancaq bir vəlinin qəlbindən gəlir”.
Hz. Həsənin (r.a) bəşəri ağlın bu önəmli məsələyə yanaşma tərzini anladan sözləri könül dünyamızın ixlasın nuruna necə möhtac olduğunu vurğulamaqdadır: “Cəhənnəmi təsdiq edənə yer üzündə ondan dolayı gələ biləcək hər şey darlıq və sıxıntı verər. Münafiq isə atəş arxasında olsa belə inanmaz. Yalnız atəş hücum edib onu əhatə edincə inanar”.
ŞƏRHLƏR