Dünyadan
İndoneziyalı hafiz Quran oxuyarkən vəfat etdi
İndoneziyalı məşhur hafiz şeyx Cəfər Abdurrəhman Qurani-Kərim oxuyarkən dünyasını dəyişib. Hadisə, İndoneziya Sosial İşlər Nazirliyinin təşkil etdiyi tədbirdə baş verib. Məlumata görə, Cəfər Abdurrəhman Mülk surəsini oxuyarkən onun halı qəfildən pisləşib. Tədbirdə olan səhiyyə işçilərinin yerində müdaxiləsinə və xəstəxanaya çatdırmaq cəhdlərinə baxmayaraq şeyx Abdurrəhman dünyasını dəyişib.
Sosial şəbəkələrdə yayılan videoçarxlarda, ölüm anında hafizin Mülk surəsinin 2-ci ayəsini oxuduğu müşahidə edilir: “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır”.
Donald Tramp müsəlman ölkələrinin liderləri ilə görüşəcək
Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp 50-yə yaxın müsəlman ölkəsinin lideri ilə görüşəcək.
Görüş, Trampın Səudiyyə Ərəbistanına planlaşdırılan səfəri çərçivəsində baş tutacaq.
ABŞ prezidentinin görüş vaxtı həqiqi İslam və radikal İslamın terrorla mübarizəsi mövzusunda çıxış etməsi gözlənilir.
Trampın təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmaster, səfərin məqsədinin bölgədə terroru başa çatdırmaq və sülhü bərqərar etmək üçün İslam ölkələrindən dəstək istəmək olduğunu deyib. Makmaster Trampın, İslamın sülhə yanaşmasının dünyadakı terroru bitirəcəyinə inandığını da vurğulayıb.
Ağ Evdən verilən açıqlamada isə bildirilib ki, Donald Trampın Yaxın Şərqə baş tutacaq səfərində müsəlman, xristian və yəhudilər arasında yaradılacaq sülh mühitinin təməlləri qoyulacaq.
QMİ-yə yeni səlahiyyət verildi
Azərbaycan Milli Məclisinin mayın 16-da keçirilən iclasında “Dini etiqad azadlığı haqqında” qanuna təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb.
Layihə barədə İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məlumat verib. Layihəyə əsasən, Qafqaz Müsəlmanları İdarəsi xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla islam dininə aid ayin və mərasimlər aparmasına icazə verə bilər. Bununla QMİ-yə yeni səlahiyyət verilir.
Dəyişiklikdə dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin dini təbliğat aparmasının qadağan edilməsi nəzərdə tutulub. Bununla indiyə qədər olan tam qadağa məhdudiyyəti yumşaldılır.
Bundan başqa, vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla dini mərkəz tərəfindən həyata keçirilməsi də layihədə əks olunub.
Layihə səsə qoyularaq qəbul edilib.
Belçikada halal üsullara görə heyvan kəsilməsi qadağan edildi
Belçikada islami üsullara uyğun heyvan kəsilməsi qadağan edildi. Məlumata görə, Valloniya parlamentinin ekologiya komissiyası tərtəfindən irəli sürülən qadağa parlamentin plenar iclasında səs çoxluğu ilə qəbul edilib.
Xırda və iri buynuzlu mal-qaranın elektro-şok verilmədən kəsilməsini qadağan edən layihə 2019-cu ilin sentyabrında qüvvəyə minəcək.
Belçikada yaşayan müsəlman və yəhudi icması qərarı kəskin etirazla qarşılayıb.
Səsvermədə bitərəf olan Belçika Fəhlə partiyasının rəsmiləri baş verənləri ölkədəki müsəlman və yəhudi əhalinin həssasiyyətinin görməməzliyə vurulması kimi dəyərləndiriblər.
Qeyd edək ki, parlamentdə qadağanı nəzərdə tutan qanun layihəsinin qəbul edildiyi gün baş nazir Çarlz Mişel ilə ədliyyə naziri Kevin Ginnesin rəhbərliyində bütün dinlərin nümayəndələri ilə birlikdə "Dialoq və tolerantlıq" bəyannaməsi imzalanıb.
Sənədin məqsədi, “çoxdinli, tolerant və hər kəsin birlikdə yaşaya biləcəyi sülhməramlı bir cəmiyyət yaratmaq” - kimi açıqlanmışdı.
“Bu toplantının məqsədi Belçikada dini həyatı tənzimləmək üçün bəyyannamə imzalamaq və bütün dinlərin nümayəndələri ilə ildə azı iki dəfə görüşəcəyimizi təsdiq etməkdir”, - deyə nazir Ginnes bildirib.
Belə bir bəyannamənin imzalandığı gün Valloniya parlamentinin bu cür qərar qəbul etməsi diqqətdən yayınmayıb.
ŞƏRHLƏR