Haqqın haqqı

Haqqın haqqı

Müsəlman Haqqa təslim olmuş, haqqı öz sahibinə təslim edən və əl buladığı hər işin haqqını verən insandır.

 Ona görə də müsəlman əvvəla Haqqa qulluğunun haqqını verməlidir. Bu sadəcə ibadət mərhələsində qalmamalı, onun həyatının bütün sahələrini əhatə etməlidir ki, gözəl əxlaqın təmsilçisi ola bilsin. Bunun həyata keçirilməsi isə yalnız sözlə olmur; əmək və əhəmiyyət verməklə, həssaslıq və fərqində olmaqla, xülasə, bütün bunların yekunu kimi bildikləri ilə əməl etməklə olur.

Müsəlman əvvəla tövhidin haqqını verməlidir. Qurani-Kərimdə insanın yolunu azması xüsusilə vurğulanır. Bəşər tarixinin əqidə kontekstinin  əsas problemi Allahın inkarından çox, onun göndərdiklərinə əməl etməmək şəklində olmuşdur. Problemin məzmunu Allaha qarşı, ondan gələnlərə qarşı səhlənkar davranmaqla bağlı olmuşdur. “(Müşriklər) Allahı layiqincə qiymətləndirmədilər (uca tutmadılar)…” (əl-Həcc, 74) ayəsi bunun ilahi kitabdakı ifadəsidir.

Müsəlman Allahın razı olacağı bir həyat tərzi yaşamalıdır. Möminlik hər işində Allah haqqını hesaba qatmaqla mümkündür. Allah qatında insanın dəyəri onun Allaha verdiyi dəyərlə ölçülür. Peyğəmbər (s.ə.s) buyurur ki: “Bir kimsə Allah qatındakı dəyərini bilmək istəyirsə, özünün  Allaha nə qədər dəyər verdiyinə baxsın. Şübhəsiz, Allah-Təala qulunu qulunun Onu tutduğu səviyyədə tutar”. (Hakim, Müstədrək) Yəni bizim gündəmimizdə Allahın nə qədər yer alması Onun gündəmində bizim yerimizi müəyyən edir. Biz ona nə dərəcədə əhəmiyyət verir və buyruqlarına əməl ediriksə, Onu nə qədər xatırlayırıqsa, O da bizə o dərəcədə əhəmiyyət verir. Ayeyi-kərimələrdə buyurulduğu kimi: “O halda siz məni anın ki, mən də sizi anım…” (əl-Bəqərə, 152), “Onlar Allahı unutdular, O da onları unutdu”. (ət-Tövbə, 67)

Tövhid cəmiyyət üçün  ədaləti, fərd üçün isə sərbəstliyi nəticə kimi meydana çıxarır. Hər zaman və hər yerdə müşahidə altında olduğunu, əməllərinə və sözlərinə görə cavabdehlik daşıdığını tam idrak etmiş bir insan necə başqasını incidə bilər, haqqını tapdalaya bilər?! Heç bir vəchlə bunu etməz! Əksinə, bir insanın qəlbində Allaha qarşı sevgi və sayğıdan qaynaqlanan bir qorxu olmazsa, ən qansız əməlləri belə törətməkdən çəkinməz. Təqva örtüsünə bürünmədikcə, təqva ruhumuzda tumurcuqlanmadıqca, bədənimizdə çiçək açmadıqca imanımız kamilləşməz. Ötəri deyil, daimi, öz-özünü haqq-hesaba çəkən, qoruyan, etiraz edəcəyi yeri düzgün bilən, Allahın buyruqlarına köklənmiş bir təqvadan qeyrisi şeytanın təqva cildindəki vəsvəsəsidir.Tərki-dünyalığı deyil, cəmiyyət içində olmağı üstün tutan, mülayimliyin və ciddiliyin yerini bilən bir təqva əhli Allaha sədaqətin yükü altında əzilməz, bu yükün haqqını verə bilər.

Haqqın haqqını verməyin növbəti mərhələsi onun buyruqlarına əməldir. Müqəddəs Quranda buyruqlarını bildirən və ən gözəl nümunə kimi seçdiyi Həzrəti Peyğəmbərin həyatında bunları əyani olaraq göstərən Rəbbimiz: “Kitab verdiyimiz kəslər onu tilavət edərlər (layiqincə oxuyarlar)…” buyurur. (əl-Bəqərə, 121) Tilavət təkcə oxumaq deyil, eyni zamanda ardıcılı, daşıyıcısı olmaq, tabe olmaq, əməl etmək mənalarını da ifadə edir. O zaman tilavət əvvəla əməl etmək, sonra nəsihət vermək; oxuyub tam qavradıqdan sonra əyani formada tətbiqini göstərməkdir. Quranı layiqincə oxumaq, onun haqqını vermək onu həyatımıza yansıtmaqla gerçəkləşər. Hafizəmizə nəqş edilmiş ayələr yox, həyatımızda yer alan ayələr yolgöstərəndir.

Vəhylə durğunlaşan zehin, onunla qidalanan ağıl, onun hikməti ilə titrəyən ürək, vəhyə bürünmüş ruh, onunla tərbiyə edilən nəfs, vəhylə dirilən həyat və onunla yeriyən insan olmadıqca Haqqın tilavət haqqını ödəmiş olmarıq.

Bir müsəlman kimi verdiyimiz söz bizim sədaqət, ciddiyyət, səmimiyyət və nəhayət haqqa riayət borcumuzdur. Hər bir əməlimiz qeydə alınır və bir gün bunlardan bir-bir hesaba çəkiləcəyik. Bunu bilən bir mömin bu vəzifəsinin təxirəsalınmaz bir borc olduğunun fərqində olar. Əks halda Haqqın: “Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları (qiyamət günü) bağışlanma və (Cənnətdə) tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!” (əl-Ənfal, 4) vədinə məzhər olmarıq. Şübhəsiz ki,  Allah heç kimə tük qədər belə haqsızlıq etməz. Elə isə bizim də ona haqsızlıq etməyə haqqımız yoxdur.

Verdiyi nemətlərə qarşı şükürlə, yaratdıqlarına qarşı sevgi, hörmət və qayğı ilə, buyruqlarına təqvalı əməl, hikmətlərinə təslimiyyət ilə Haqqın haqqını verən müsəlman öz dünyası və ətrafını aydınlığa qərq edən ulduz kimidir; özü sönsə belə, işığı qalar.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz