QONŞULARIMIZ BİZDƏN RAZIDIRMİ?
Dinimizə görə qarşımıza fərdi məsuliyyətlərimizlə yanaşı cəmiyyətə qarşı riayət etməli olduğumuz bir sıra tələblər qoyulmuşdur. Allah qatında və insanların nəzərində gözəl və rəğbət görən insan olmaq istəyiriksə, bu tələbləri yerinə yetirməliyik. İslam dini fərdləri sosial münasibətlərə xüsusi diqqət yetirərək cəmiyyət planında asayişin bərqərar olmasına səsləyir. Bu mənada qonşuluq haqlarına da xüsusi diqqət yetirərək insanlıq və imanda kamillik zirvəsinə yüksəlmək istəyənlərin məhz bu mərhələni də layiqli şəkildə keçmələri şərtdir. Əsri-səadət illərində bir gün Həzrət Ömərin yanında bir nəfəri tərifləyirlər. Möminlərin əmiri tərifləyəndən soruşur: “Onunla qonşu oldunmu, səfərə çıxdınmı, alver etdinmi?”. Bu sualların üçünə də “yox” cavabı alandan sonra belə buyurur: “Elə isə onu tərifləməyin, çünki siz onu lazımi şəkildə tanımırsınız”. Deməli, bir insanın əsl kimliyi bəşəri münasibətlərin daha çox ön planda olduğu, sevincli və kədərli anlarınınmüşahidə edildiyi, məhrumiyyət və ya imkan sahibi olduğu zamanlarda tanınır. Kənardan baxanda hər hansı bir adamın namazını mükəmməl qılması və ya ağız dolusu verdiyi nəsihətlər, etdiyi söhbətlər bizi aldatmamalıdır.
Həzrət Ömərin sözünü yad etdiyimiz bu misal eyni zamanda bizim də sosial münasibətlərdə nə qədər həssas olmalı olduğumuzu xatırladır. Əgər qonşularımızla münasibətimiz yaxşı deyilsə, onlara faydadan çox zərərimiz dəyirsə, səfərə çıxdığımız zaman yol yoldaşımızı yarıda qoyuruqsa, sahib olduğumuz imkanları paylaşmırıqsa, ticarətimizdə hiylə, yalan hakimdirsə, deməli yaxşı müsəlman deyilik. Hətta namaz və orucumuzu axsatmadan əda etmiş olsaq da…
Allah Rəsulu (s.ə.s) Allaha və axirət gününə inananları qonşusu ilə yaxşı rəftar etməyə səsləyir. Üzərimizdə qonşularımızın bir sıra haqlarının olduğunu bildirərək bu haqları yerinə yetirməyin vacibliyini vurğulayır.
Mərhum Musa Əfəndi xatirələrində belə bir ibrətli hadisəni dilə gətirir:
“Qeyri-müslim bir qonşumuz vardı. Sonradan müsəlman olmuşdu. Bir gün ondan, necə hidayət tapdığını soruşdum, bu cavabı verdi:
“Acıbadəmdə tarla qonşum Rəbi Mollanın ticarətdə sərgilədiyi gözəl əxlaqı səbəbi ilə müsəlman oldum. Molla Rəbi dolanışığını süd sataraq təmin edirdi. Bir axşam bizə gəldi və:
- Buyurun, bu süd sizindir! – dedi. Təəccüblə:
- Necə yəni bizimdir? Axı mən sizdən süd istəməmişdim, - dedim. O həssas və nəzakətli insan bu cavabı verdi:
- Heyvanlarımdan birinin məndən xəbərsiz sizin bağçanıza girib otladığını gördüm. Ona görə də bu süd sizindir. Üstəlik həmin heyvanın təhəvvülat prosesi (yediyi otlar tamamən vücudundan xaric olması) başa çatana qədər südünü sizə gətirəcəyəm.
- Bu nə sözdür, qonşu? Yediyi ot deyimli, halal olsun, - desəm də Molla Rəbi israrla:
- Yox, mümkün deyil, onun südü sizin haqqınızdır, - deyərək heyvanın təhəvvülat prosesi bitənə qədər südünü bizə gətirdi.
Məhz həmin adamın bu hərəkəti məni həddən artıq təsirləndirdi. Bunun nəticəsində gözümdəki qəflət pərdəsi qalxdı və qəlbimə hidayət günəşi doğru. Öz-özümə:
“Bu qədər alicənab insanın dini, əlbəttə ki, ali dindir. Bu qədər zərif, haqpərəst, mükəmməl və tərtəmiz insanlar yetişdirən dinin doğruluğunda şübhə ola bilməz”, dedim və kəlmeyi-şəhadət gətirərək müsəlman oldum”.
Burada dürüst və əməlisaleh bir insanın qonşusuna nə qədər faydalı olduğunu görürük. Gözəl hal və davranış sərgiləyən qonşuların bir-birinə müsbət təsir göstərəcəyinin şahidi oluruq. Deməli, yaxşı qonşu özünün və qonşusunun dünya və axirəti üçün faydalı olandır.
Təəssüflə qeyd etməliyik ki, zəmanəmizdə dünyalıq işlərin sürətlənməsi ilə böyük əhəmiyyət kəsb edən ictimai bir öhdəlik olan qonşuluq haqları arxa plana atılmaqdadır. İş saatlarının uzanması, imkansızlıqların bəhanə edilməsi, televizor və sosial şəbəkə aludəçiliyi qonşu qapılarını bir-birinin üzünə bağlamışdır. Bu kimi neqativ halların qarşısının alınması üçün yenidən Allah və Rəsulunun əhyaedici kəlamlarına qulaq vermək zəruridir.
Yeri gəlmişkən qeyd edək ki, qloballaşma nəticəsində dünyanın sanki bir kənd halına gəlməsi qonularımızın sayını artırmışdır. Artıq sadəcə qapıbir qonşumuz deyil, eyni zamanda məkan olaraq bizdən xeyli uzaqda olan başqa xalqlar və millətlərlə də aramızda qonşuluq hüquqlarının yarandığını qeyd etməliyik. İslamın qonşuluq müəssisəsinə yüklədiyi məsuliyyəti qonşu dövlətlər və xalqlarla münasibətlərimizə əks etdirməliyik. Qapıbir qonşuya həsəd etməyin, yalan danışmağın, haqqında dedi-qodulara yer verməyin, malını mənimsəməyin haram olduğu kimi qonşu dövlətlərin də bir-birinə qarşı torpaq iddia etməsi, qəsbkarlıq niyyətləri daşıması, siyasi arenalarda haqqında yalançı tənqidlərlə çıxış etməsi, əlbəttə ki, yolverilməzdir. Eyni zamanda qonşular arasında yardımlaşmaq, bir-birinə dəstək olmaq kimi müsbət davranışların da miqyasca böyüdülərək dövlətlərə şamil edilməsi İslami nöqteyi-nəzərdən arzuediləndir.“Qonşusu ac ikən tox yatan bizdən deyil” hədisi-şərifini əsas alaraq qıtlıq və səfalət içində qıvranan ölkələrə - qlobal qonşularımıza yardım əli uzatmaq, onlara dəstək olmaq müsəlmanlıq borcumuzdur. Haqqın bərqərar olması naminə zülmə məruz qalan qonşu dövlətlərin yanında olmalı, zülmə və haqsızlığa qarşı birgə mübarizə aparmalıyıq. Tez-tez bu sualı özümüzə verməliyik: “Görəsən, qonşularım məndən razıdırmı?”
ŞƏRHLƏR