Cənnətin yolu qonşuluqdan keçir

Cənnətin yolu qonşuluqdan keçir

Günümüzdə, insanların maddi (var-dövlət, texnologiya, lüks həyat) inkişafa meyl salması  bəzi mənəvi münasibətlərimizə ciddi mənada zərər vurmuşdur. Bu zərərdən nəsibini alan münasibətlərdən biri də - dinimizin və adət-ənənəmizin ən çox dəyər verdiyi - qonşuluq münasibətləridir. İnsanların həm fiziki, həm də psixoloji cəhətdən sağlam formada yaşaya bilməsi üçün ictimai münasibətlərə ehtiyacı var. Qonşuluq, yaşadığımız yerin mədəniyyətini əks etdirən əhəmiyyətli bir göstəricidir. 

Qonşuluq bölgədən-bölgəyə, cəmiyyətdən-cəmiyyətə müxtəlif formalarda təzahür edən bir anlayışdır. Ümumiyyətlə, bütün cəmiyyətlər qonşuluğun nə qədər əhəmiyyətə malik olduğunu yaxşı bilir.Bizim ulu əcdadımızın da qonşuluq münasibətləri ilə əlaqəli nümunəvi hekayələri və ifadələri qızıl hərflərlə tariximizin səhifələrinə həkk olunmuşdur. Bu mənada "Ev alma, qonşu al",  "Qonşu qonşunun külünə möhtacdır", “Qonşuda bişər, bizə də düşər" və bu kimi onlarla atalar sözü, məsəllər hər birimizin istifadə etdiyi sözlərdir.Ancaq əfsuslar olsun ki, bu sözlər sadəcə kəlmələr olaraq beynimizdə yer alır. İctimai həyatımızda onlara qətiyyən yer ayırmamışıq. Çünki yaşadığımız mühit və zaman bizi buna vadar edir. Biz zaman keçdikcə daha da fərdiləşir və digər insanlardan uzaqlaşırıq. Odur ki, zaman keçdikcə qonşuluq anlayışı evlərdən və küçələrdən uzaqlaşır, hətta hündürmərtəbəli evlərdəki mənzillərin qapısına belə yaxınlaşa bilmir. Hər birimiz qapımızı möhkəm-möhkəm bağlayıb otururuq evimizdə, qapı zəngi çalınanda gözlükdən baxırıq, gözümüzə inanmırıq, qapıdakını səslə "yoxlayırıq", buna da əmin olmuruq, qapını zəncirdən ayırmırıq, bir gözümüzü qıyıb qapı önündə təbəssümlə bizə baxan və əlindəki payı uzadan qonşumuza təəccüblə baxırıq... Təəccübümüzün səbəbi: nadir hallarda rast gəldiyimiz "qonşuluq"dur.

 Yaxın zamanlara qədər  qonşuda bişirilən çörək və yeməkdən mütləq qonşuya pay ayrılıb verilərdi. Çünki qonşusu ac ikən tox yatmağın bizim mədəniyyətimizdə qətiyyən yeri yox idi... Çünki bişirdiyimizin qoxusu qonşumuzun nəfsinə xoş gəlmiş olar, deyə narahat olardıq... Bizqul haqlarına riayət edən bir cəmiyyət idik. Məhz bu cür incə nüansların əlimizdən alınması bizi bir-birimizə yadlaşdırdı;“uzaq qohumdansa, yaxın qonşu yaxşıdır” ifadəsinin mənasını anlamaz olduq. Çünki biz Hz. Peyğəmbərin (s.ə.s) bizə miras buraxdığı “ümmət” anlayışının yerinə,kapitalizmin şüarı olan “eqoizm”i  seçdik. Bəs bu xəstəlikdən qurtulmanın yolunədir? Əlbəttə ki, əslə dönüş, adət-ənənəyə sədaqət və dini maariflənmədir;Hz. Peyğəmbərin (s.ə.s) qonşuluqla əlaqəli bahabiçilməz tövsiyələrini sadəcə bilmək deyil, eyni zamanda onu həyatımızda tətbiq etməkdədir, bizim qurtuluşumuzun yolu.

Qonşuluq o qədər önəmli xüsusdur ki, Hz. Peyğəmbər (s.ə.s) bu münasibətlərdə hər hansı din, dil, irq fərqi qoymamışdır. Bir rəvayətə görə, üzərimizdəki haqlarına görə qonşular üç qismə ayrılır: 1) Qeyri-müsəlman qonşular:bunların üzərimizdə sadəcə qonşuluq haqları vardır. 2) Müsəlman qonşular:bunların həm qonşuluq, həm də din qardaşlığı haqqı vardır. 3) Qohum və müsəlman olan qonşular:bunların həm qonşuluq, həm din qardaşlığı, həm də qohumluq haqları vardır. (Heysəmi)

Hz.   Peyğəmbər (s.ə.s) qonşuluq münasibətlərində diqqət ediləcək xüsusları bütün incəliklərinə qədər təlim etmişdir. O, şorba bişirsən suyunu biraz çoxaldıb qonşuya da verməyi tövsiyə etmiş, qonşunun acqalmasının ilk səbəbkarı kimi qonşusunu göstərmişdir. Qonşu xanımlarının küçələrdə oturub qeybət etmək yerinə,dəyəri nəzərə alınmadan,bir-birilərinə hədiyyə vermələrini tövsiyə edərək aralarındakı münasibətlərin güclənməsini arzu etmişdir.

Qonşuların bir-birilərinə qarşı vəzifələrindən bəziləri bir hədisdə belə qeyd edilmişdir: 1) Borc istəsə, borc vermək. 2) Darda qalınca, köməyinə çatmaq. 3) Maddi ehtiyaclarında köməklik göstərmək. 4) Sevincli və kədərli gününə şərik olmaq. 5) Bişirdiyi yeməkdən bir qismini ikram etmək. 6) İcazəsiz, evinin qarşısına tikili tikməmək. 7) Xəstələndikdə ziyarətinə getmək. 8) Öldükdə qəbrə qədər götürmək və dəfn etmək. (Heysəmi)

Xülasə olaraq ifadə edə bilərik ki, müsəlman din və dindarlıq, bölgə və mədəniyyət fərqliliyini nəzərə almadan bütün qonşularla yaxşı münasibət qurmalıdır. İslam dininin mənsubları yardımlaşma, xeyriyyəçilik, zərər verməmək və küsməməkəsaslarına görə davranışsərgiləməlidir;unutmamalıdır ki, qonşusuna yaxşı rəftar bəsləmək iman kamilliyinin göstəricisidir. Kamil iman da cənnət qapısının açarıdır. Odur ki, qonşusu ilə yaxşı keçinən, sözün əsl mənasında qonşu olan kimsə həm dünyada “cənnət”ini yaşayar, həm də axirətdə cənnətə girmək üçün fürsət əldə edər.

Ey Peyğəmbərə (s.ə.s) qonşu olma arzusu ilə yanıb tutuşan müsəlmanlar! Bu dünyada qonşularımıza yaxşı davranaq ki, axirətdə Peyğəmbər (s.ə.s) bizi qonşuluğuna qəbul etsin...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz