Narahat Etmə!

Narahat Etmə!

  Ailəmizdən sonra ən yaxın ictimai çevrəmizi qonşularımız meydana gətirir. Onlarla bütün həyatımız boyu yanaşı yaşayırıq. Yeri gələndə böyük olsun, kiçik olsun hər hansı ehtiyacımız üçün qonşularımızın yanına qaçırıq. Həyatımızın acı və şirin xatirələrini onlarla paylaşırıq. Bu səbəblərə görə dinimiz qonşuluq əlaqələrinə son dərəcə əhəmiyyət vermişdir. Qurani-Kərimdə Allaha imanı əmr edən və şirki qadağan edən ifadələrin dərhal ardından ata-ana və qohumlarla yanaşı, yaxın və uzaq qonşuya da yaxşılıq etmək əmr edilməkdədir.[1]

Hədisi-şəriflərdə qonşuluq əlaqələri və qonşu haqlarının önəmindən çox bəhs edilir. Belə ki, Peyğəmbərimiz (s.ə.s) buyurur: “Cəbrayıl mənə qonşuya yaxşılıq etməyi o qədər tövsiyə etdi ki, qonşunu qonşuya varis təyin edəcəyini zənn etdim”.[2]

İslam dini dünya həyatının sülh və əmin-amanlıq içində keçməsinə, insanların qardaş kimi yaşamasına əhəmiyyət verir.

Qonşuluqda ən mühüm cəhət qarşılıqlı etimaddır. Qonşu qonşuya hər bir məsələdə etibar edə bilməlidir. Qonşulardan biri çətinliklə üzləşdikdə qapıbir qonşusunun və ya digər qonşularının köməyinə yetişəcəyindən əmin olmalıdır. Hətta İslam dininə görə, bir qonşu digərinə yaxşılıq və ya kömək etmək üçün onun çətin və köməyə möhtac anını gözləməməli, buna ehtiyac olmadığı hallarda belə onunla maraqlanmalıdır. 

Hz. Peyğəmbərimiz (s.ə.s) əshabına həmişə qonşuluq münasibətləri məsələsində xəbərdarlıq etmişdir. ƏbuZərr (r.a) belə deyir: Dostum Rəsulullah (s.ə.s) mənə belə tövsiyə etdi: “Şorba bişirdiyin zaman suyunu çox elə, sonra da qonşularını bir-bir gözdən keçir və lazım bildiklərinə gözəl bir şəkildə təqdim et!”[3]

Səhabələrdən Abdullah binAmr bir qoyun kəsdirmişdi. O, ailəsindən: “Yəhudi qonşumuza da verdinizmi?” -deyə təlaşla soruşdu. Sonra: “Mən Hz. Peyğəmbərimizdən (s.ə.s) belə eşitdim”, -deyərək Cəbrayılın Rəsulullaha qonşuya yaxşılıq etməkdə davamlı tövsiyə etməsi ilə bağlı hədisi nəql etdi.[4]

Yenə rəvayətə görə əshabdan bir nəfərə qoyun başı sədəqə verilmiş, o da: “Qardaşım filankəs və ailəsi buna bizdən daha çox möhtacdır”,-deyib qonşusuna göndərmişdi.Ancaq qonşusu da ehtiyac içində olduğunu güman etdiyi başqa bir qonşuya vermiş, beləliklə, qoyunun başı yeddi ev dolaşmış və sonunda yenidən ilk səhabəyə qismət olmuşdu.[5]

Qonşuluq hüququnun ciddiliyini çox yaxşı qavrayan möminlərin anası Hz. Aişə iki qonşusundan hansına əvvəlcə hədiyyə verməsinin lazım olduğunu Peyğəmbərimizdən (s.ə.s) soruşmuş,Hz. Peyğəmbərimiz (s.ə.s) də: “Qapısı sənə daha yaxın olana ver”,- buyurmuşdur.[6]

Hədiyyə verərkən və ya qonaq edərkən qapısı daha yaxın olanın nəzərə alınmasının səbəbi budur: Qonşunun vəziyyətini ən yaxşı onlar bilirlər. Qonşunun mətbəxində bişən yeməklərin iyini hamıdan əvvəl onlar hiss edirlər. Bu səbəbdən qapıbir qonşuların bir-birlərinin haqlarına riayət etmələrinin xüsusi əhəmiyyəti vardır.

ƏbuHüreyrədən (r.a) nəql edildiyinə görə bir adam Rəsulullaha (s.ə.s) –“Ey Allahın Rəsulu! Filan qadının nafilə olaraq çox namaz qılmasına, çox sədəqə verməsinə, çox oruc tutmasına baxmayaraq, dili ilə qonşusuna əziyyət verdiyindən danışılır (nə deyirsiniz?)”,- dedi. Hz. Peyğəmbərimiz (s.ə.s): “O, cəhənnəmdə olacaqdır”,-buyurdu. Həmin adam dedi: “Ey Allahın Rəsulu! Bir qadının da nafilə olaraq az oruc tutduğundan, az namaz qıldığından, az sədəqə verdiyindən, sadəcə yağsız pendir kimi şeylərdən sədəqə verdiyindən, dili ilə qonşusunu narahat etmədiyindən danışılır (bu barədə nə deyirsiniz?). Hz. Peyğəmbərimiz (s.ə.s):“O da cənnətdə olacaqdır”, -buyurdu.[7]

Şübhəsiz ki, yaxşı qonşuluq hər dövrdə əhəmiyyət daşımışdır. Ancaq heç bir dövrdə yaxşı qonşuluq münasibətinə hazırda olduğu qədər zərurət olduğu deyilə bilməz. Dövrümüzdə bir çox ailə bir dam altında, bir binada yaşamaq məcburiyyətindədir. İnsanlar bu cür həyata məcbur, hətta məhkumdurlar. Belə olan halda qonşuya hörmət qoymayan, onun rahat və dinc yaşamasına əhəmiyyət verməyən, sanki dağın başında yaşayırmış kimi özbaşına və məsuliyyətsiz hərəkətlərə yol verənlər dini baxımdan ağır təhdid altındadırlar.Aşağı mərtəbədə də bir ailənin yaşadığını nəzərə almadan yuxarı mərtəbədə istədiyini edən, yuxarıdan aşağı xalça, palaz təmizləyərək qonşusunun yuyulmuş paltarlarını kirlədən, televizor və ya radionun səsini yüksəldərək digər qonşuların narahatlığına səbəb olan ailələr heç də az deyildir. İslam bu cür hərəkət və davranışları qəti şəkildə qadağan edir.

Xülasə, Peyğəmbərimizin  (s.ə.s) diliylə desək: 

“Allaha və axirət gününə iman edən kəs qonşusunu narahat etməsin.”[8]


[1]ən-Nisa4/36

[2]Buxari, Ədəb, 28; Müslim, Birr, 140, 141

[3]Müslim, Birr, 143

[4]Əbu Davud, Ədəb, 122-123

[5]Hakim, II, 526

[6] Buxari, Ədəb, 32

[7] İbn Hənbəl, II, 440

[8]Buxari, Riqaq, 23

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz