Mənfəətə Qurban Verilən Din
Maraqların toqquşduğu indiki zamanda bəzilərimiz kimlərinsə hədəfinə qurban gedirik. Fərqi yoxdur, bu hədəf istər yaxşı olsun, istərsə də pis... Qurban verilənin mahiyyəti və ya qurban gedənin şəxsiyyəti əhəmiyyət kəsb etmir. Əsas odur ki, qurban verilsin və hədəfə çatılsın. Hədəflər müxtəlif ola bilər:maddi maraq, mənfəət, yüksək məqam, hakimiyyəti ələ keçirmək və s. Bu və bunun kimi hədəflərə çatmaq üçün müəyyən qurbanların verilməsi qaçınılmazdır. Yazımızda hədəfləri əsas almasaq da, qurban verilən və qurban gedənlərdən qısaca bəhs etmək istərdik. Çünki maddi maraqların və siyasi mübarizələrin nəticəsində dünyada milyonlarla insan zərər çəkir. Bunun nəticəsində çoxlu insanlar həlak olur və yaxud yaxınlarını itirirlər. Burada acınacaqlı olan da, hədəflərə qurban gedənlərin insan olmasıdır. Bu, tarix boyu belə olmuşdur, hal-hazırda da bu belədir; bundan sonra da, çox ehtimal ki, belə olacaqdır.
Hədəflər uğrunda verilən qurbanların hamısını bu qısa yazımızda sıralaya bilməsək də, birini ələ aldığımız zaman digərləri öz-özlüyündə bilinəcəkdir. Hədəflər uğrunda verilən qurbanların başında“din” gəlir. Bu din istər Hinduizm, Yəhudilik, Xristianlıq, istərsə də İslam dini olsun, fərqi yoxdur. Ancaq, bizə görə, hədəflərə çatmaq üçün ən çox qurban verilən din - İslamdır. Bəzən, özünü müsəlman adlandıran şəxsin etdiyi bir xəta İslam dininin ayağına yazılır və beləliklə, İslam dini insanların nəzərində gözdən düşür. Hədəf məlumdur: İslamın pis olduğunu, İslamın terrorizmi təbliğ etdiyini bütün dünyaya yaymaq. Bu hədəfin uğrunda, təəssüflər olsun ki, müsəlmanlar da alət olurlar. Ancaq müsəlmanlar bunun fərqinə varmırlar, “qaş düzəldim deyən yerdə, göz çıxarırlar”. Din qurban verildikdən sonra artıq əxlaq, namus, qeyrət və bütün ülvi dəyərlər də qurban verilmiş olur. Bunun nəticəsində də insanların bir-birinə etimadı qalmır;insanlar bir-birinə etibar etmirlər. Bu gün küçədə saqqalı uzun bir adam gördüyümüz zaman istər-istəməz qorxmağa başlayırıq. İçimizdən bunun hər hansı bir terror qrupunun üzvü ola biləcəyini düşünürük. Demək ki, hədəfə çatılmışdır. Müsəlman müsəlmanlardan qorxmağa başladısa, demək ki, qurban verilən İslam dinidir və müsəlmanlardır. Burada bu cür şəxslərin həqiqi müsəlman olub-olmadığını mübahisə etməyə ehtiyac yoxdur, çünki zahirən gördüyümüz tərəfi ilə bizə müsəlman təəssüratı yaratması kifayətdir.
Bu gün dünyada ən çox mübahisə edilən mövzuların başında “terrorizm, təhlükəsizlik, qanlı müharibələrin davam etməsi” kimi mövzular gəlir. Bunun üçün tədbirlər, dəyirmi masalar təşkil edilir. Dünya liderləri bir yerə yığışıb müəyyən məsələləri və bu məsələlərin həlli yollarını müzakirə edirlər. Ancaq alınan bir nəticə yoxdur. Yenə də terror öz işini görür, qurban verilir və hədəfə çatılır;müsəlman ölkələri qan ağlayır. İraq, Suriya və digər müsəlman ölkələrində baş verən hadisələrin tək qurbanı dindir. Bu din də İslam dinidir. Din qurban verildikdən sonra günahsız insanların qətli, qadınların namuslarına təcavüz edilməsi, qocaların və məsum uşaqların öldürülməsi və milyonlarla insanın öz yurd-yuvasından didərgin düşməsi normal hal alır. Ən böyük zərəri görən də yenə din olur. Çünki bu işləri görənlər özlərinin İslam dininə mənsub olduğunu iddia edən insanlardır,yəni “müsəlmanlardır”. Bu şiddətli təcavüzlər “müsəlmanlar” tərəfindən törədildiyi zaman hədəfə çatılır: İslam dini “terror dini” damğasını almış olur. Bu damğanı İslama vurmaq üçün “müsəlmanlar” da fəal bir şəkildə iştirak edirlər. Necə deyərlər, müsəlmanın əli ilə İslam dininə “ləkə” yaxılır.
Təəssüflə bildirmək lazımdır ki, İslam dini hədəflər uğrunda qurban verilir. Ümumiyyətlə, dinin hədəflər uğrunda alət edilməsinin qarşısını almaq mümkün deyildir. Bu, Peyğəmbərimizin (s.ə.s) zamanında da belə olmuşdur. Münafiqlər də öz hədəflərinə çatmaq üçün belə edirdilər... Zahirən müsəlman olduğunu göstərən, ancaq daxilən İslam dinindən uzaq olan insanlar da dini qurban vermiş sayılır. Bu cür insanların dinə faydasından çox zərəri dəyir; İslam dini gözdən salınır. Ancaq bunu da unutmamaq lazımdır ki, bu dini yaşadanlar da elə müsəlmanlardır. Hər nə qədər çirkin hədəflər uğrunda qurban verilən İslam dini bəzi insanlarda pis təəssürat yaradırsa da, yenə də bunu İslam dininin adına yazmaq doğru deyildir. İslam dini pak dindir, onun təşviq etdiyi sülh və əmin-amanlıq prinsipi, təbliğ etdiyi ülvi dəyərlər dünyadakı bütün dəyərlərdən üstündür. Sadəcə olaraqmənsublarının bunu düzgün başa düşməsi və doğru bir şəkildə həyata keçirməsi lazımdır. Əslində, hədəflərimizə görə İslam dinini yox, İslama görə hədəflərimizi qurban verməliyik...
ŞƏRHLƏR