Allahın Zati Sifətləri
ALLAHIN SİFƏTLƏRİ
Allaha iman etmək - Onun zatı haqqında vacib olan kəmal sifətləri ilə Ona aid edilən və haqqında caiz olan sifətləri bilib inanmaq, Allahın zatını bütün nöqsanlıqlardan təmiz tutmaqdır. Allahın sifətlərindən məqsəd, Ona aid edilən xüsusiyyət və vəsflərdir. Allah (c.c) şəninə layiq olan bütün kəmal sifətləri ilə vəsf olunur. Allahın sifətləri əzəli və əbədidir. Allahın sifətləri başqa varlıqların sifətlərinə bənzəməz. Biz Allahın zatını və mahiyyətini idrak edə bilmədiyimiz üçün Onu isim və sifətləriilə açıqlayırıq. Busifətləri zati və sübuti olmaq üzrə iki qisimdə incələməyə çalışacağıq.
ZATİ SİFƏTLƏR:
Allah-Təalanın özünə, zatına aid sifətləri vardır. Bu sifətlərə “zati sifətlər” deyilir. Bu sifətlər yalnız və yalnız uca Allaha məxsusdur. Zati sifətlər aşağıdakılardır:
1- Vücud: Allah-Təalanın var olması deməkdir. Allah vardır və yoxluğu düşünülməz. Vücud bütün sifətlərin əsli və ortaya çıxış səbəbidir. Bu sifət Allahın özünəxas olduğu üçün ona sifəti-nəfsiyyə deyilmişdir. İslam alimlərindən bəziləri vücud sifətini müstəqil bir sifət saymış, bəziləri isə zati sifətlərdən saymışdır.
2- Qidəm: Allah-Təalanın varlığının başlanğıcının olmaması, əzəli olması deməkdir. Allah-Təala qədim (əzəli) olduğunu Qurani-Kərimdə belə bildirir: “Əvvəl Odur”....[1]Hz. Peyğəmbər (s.ə.s) isə bir hədisdə belə buyurmuşdur: “Allah vardı və Onunla bərabər başqa heç kimsə yoxdu”.[2] Onun haqqında qidəm və əzəliyyət vacib (zəruri) və bunun ziddi olan hudus (sonradan var olma) muhaldır (Allah haqqında düşünülməz).
3- Bəqa: Allah-Təalanın varlığının əbədi və davamlı olması, sonunun olmaması deməkdir. Uca Allah Quranda bu həqiqəti belə dilə gətirir: “Axır Odur”,[3]“Ancaq əzəmət və ikram sahibi rəbbinizin zatı baqi qalacaq”.[4]Kainatdakı hər şey Allahın qüdrəti ilə yaradılmışdır və Onun qüdrəti ilə də yox olacaqdır. Yalnız Allah-Təala baqi qalacaq. Çünki O, başqasının qüdrəti ilə yaranmayıb ki, dəyişsin və ya yox olsun. Qidəm və bəqa, vacib lizatihi və vacibül-vücud olan Allahın zəruri xüsusiyyətlərindəndir. Hudus və yoxluq Allah-Təala haqqında muhaldır, belə bir şey düşünülə bilməz.
4- Vəhdaniyyət: Allah-Təalanın zat, sifət və hərəkətlərində bir və tək olması, şəriki və bənzərinin olmaması deməkdir. Yəni uca Allah zat və sifətlərində təkdir. Yeganə xaliq (yaradıcı) və həqiqi təsirli qüdrət sahibi Odur. Ondan başqa məbud, ibadətə layiq olan başqa bir zat yoxdur. İxlas surəsində Allahın bir olduğu və heç kimə möhtac olmadığı bizə belə xəbər verilir: “De ki: O Allah birdir. Allah (heç kimə və heç nəyə) möhtac deyildir. O, nə doğmuş, nə də doğulmuşdur. Onun heç bir tayı-bərabəri, bənzəri də yoxdur.”.[5] Başqa bir ayeyi-kərimədə isə Allahın təkliyi düşüncə sahiblərinə belə bir misal ilə açıqlanır: “Əgər (yerdə və ya göydə) Allahdan başqa ilahlar olsaydı onların ikisi də fəsada uğrayardı (müvazinətdən çıxar, nizam-intizamında ziddiyyətlər yaranaraq pozulardı)...”[6]
5- Müxalifətün lil-həvadis: Allah-Təalanın zat və sifətlərində heç bir şeyə bənzəməməsi deməkdir. Başqa şeylər mümkün, yəni var olmaq üçün yaradılmağa möhtac, sonradan var olmuş və fanidirlər. Allah-Təala isə vacib-lizatihi (zatına görə varlığı zəruri) - ehtiyacsız, əzəli və əbədidir. Hər şey Ona möhtacdır. Uca Allah mümkün olan varlıqların bütün xüsusiyyətlərindən münəzzəhdir. Belə ki, Allah-Təala cisim xüsusiyyəti olan şəkil və surətlərdən münəzzəhdir. Çünki şəkilli və surətli olan şeylər sonludur, məhduddur və ölçülə bilər. Allah isə məhdud və müəyyən olmadığı kimi, sonlu da deyildir. Onun cinsi və növü yoxdur. Allah-Təala əşyanın xüsusiyyətlərindən rəng, qoxu, dad, istilik, soyuqluq, yaşlıq, quruluq, sərtlik, yumşaqlıq, zəiflik kimi keyfiyyət və xüsusiyyətlərə sahib olmaqdan da münəzzəhdir. Bütün alimlər Onun hissi ləzzətlər, kin, hüzn, qorxu, sevinc və bunların bənzəri kimi eqoist keyfiyyətlər ilə də xüsusiyyətlənmədiyində ittifaq etmişdirlər. Xülasə, Allah-Təalaya zatında bənzəyən və ya Onun zatının yerini tutan heç bir şey olmadığı kimi, Onun sifətlərini və ya bunların bir qismini daşıyan və sifətlərinin yerini tutan heç bir şey də yoxdur: “Onun bənzəri heç bir şey yoxdur. O, hər şeyi eşidən və görəndir”.[7]
6- Qiyam bi-zatihi (Qiyam bi-nəfsihi): Allahın varlığında və varlığının davamında heç bir şeyə, zamana və məkana möhtac olmayaraq zatı ilə qaim olması və hər cür ehtiyacdan uzaq - münəzzəh olması deməkdir. İxlas surəsindəki “əs-Saməd” [8] kəlməsi Haqqın bu sifətini ifadə etməkdədir.
[1]əl-Hədid 57/3
[2]Beyhaqi, Şuabul-iman; I, 204
[3]əş-Şura 42/11
[4]ər-Rəhman 55/27
[5]əl-İxlas 112/1-4
[6]əl-Ənbiya 21/22
[7]əş-Şura 42/33
[8]əl-İxlas 112/2
ŞƏRHLƏR