Doğru ol! Doğru yol!
Doğru olmaq! Doğru yolda olmaq...
Sözü ilə, duruşu ilə, yaşamı ilə, əqidəsi ilə, bir sözlə, hər bir cəhəti ilə doğru olmaq…
Bəlkə də, həyatda ən çətin vəzifəmiz… O vəzifə ki, insan olmağın keyfiyyət göstəricisi…Var olduğu halda insani keyfiyyətlərin də var olduğunu göstərən əlamət və ölçü...
Bəlkə də, hansı “mənzilə” gedəcəyimizi təyin edən meyar…O meyar ki, İki Cahan Günəşi Hz. Muhamməd Mustafanın (s.ə.s) timsalında ümmətinin məsuliyyətini qat-qat artıran ən vacib vəzifəmiz…
Bu məsuliyyətin başqa bir məsuliyyət ilə o dərəcə fərqi olmalıdır ki, Uca Yaradandan Rəsuluna “Əmr olunduğun kimi tam doğru ol!” (Hud, 11/112) əmri gəlincə saç telləri bir gündə ağarmış və Peyğəmbərimizin (s.ə.s) “Hud və bənzər surələr məni yaşlandırdı” (Tirmizi, Təfsir 57) sözünü duyan onun aşiqləri son dərəcə heyrətlər içərisində qalmışdı; məhz bu dərəcə çətin bir işdir, doğru olmaq...
Unutmamaq lazımdır ki, yuxarıda keçən ayənin mahiyyəti və məsuliyyəti sadəcə Peyğəmbərimizə deyil, eyni zamanda istiqamətini onun həyatından və anlayışından qidalanaraq təyin edən, onu özünə düstur kimi seçən ümmətinə də aiddir. “Sırati-müstəqim” üzərində ümmətindən diqqətli bir şəkildə yürümələrinin tələb edilməsi və onların bu imtahanı necə verəcəyi Peyğəmbərimizi daha çox düşündürmüş və məhz bu səbəblə mübarək saçları ağarmışdı
Əshabı-kiramdan Süfyan ibn Abdullah əs-Səqafi bir gün Rəhmət Peyğəmbərinə gələrək:
-“Ey Allahın Rəsulu! Mənə müsəlmanlığı elə öyrət ki, onu səndən başqasına soruşmağa ehtiyac duymayım”, - dedi. Xatəmul-ənbiya ona:
-“Allaha inandım de və doğru ol!”- buyurdu.
Həmin səhabə beləcə doğru olmağın müsəlmanlıq olduğunu öyrənmişdi. Bir də özü ilə əlaqəli başqa bir sual soruşdu:
- “Ey Allahın Rəsulu! Mənə görə ən çox narahatçılıq duyduğun şey nədir?” – deyəndə, Peyğəmbərimiz dilini göstərərək:
-“Bax, budur!” – buyurdu. (Müslim, İman 62) Onun dilinin ucbatından günaha girəcəyindən, sıxıntıya düşəcəyindən narahat olduğunu bildirdi. Demək ki, müsəlman doğru və dürüst olmalıdır. Demək ki, nəyi söyləyib-söyləməyəcəyini müsəlmanın düzgün təyin etməsi lazımdır. Əks halda, heç hesabda olmayan yanlışlar və xətalar ortaya çıxar. Doğru yol üzərində olmağa niyyət edən kəs isə ən az xəta ilə yoluna davam etməlidir.
Hz. Ənəs (r.a) Peyğəmbərimizin (s.ə.s) belə buyurduğunu nəql edir: “Şübhəsiz, “Rəbbimiz Allahdır” dedikdən sonra doğru istiqamət üzrə olanların üzərinə mələklər enər və onlara “Qorxmayın, üzülməyin, sizə vəd olunan cənnətlə sevinin!” deyərlər” ayəsini oxudu və belə buyurdu:
-“İnsanlar bunu hər zaman dedilər, ancaq daha sonra əksəriyyəti yolunu azdı. Kim bu sözə sadiq qalaraq ölərsə, həmin kəs istiqamət üzrə olanlardan olar”. (Tirmizi, Təfsir, 41/3250)
Doğru olmaq üçün Allahın kəlamı ilə təması sıxlaşdıraraq vəhyə qulaq verilməlidir...
Doğru olmaq üçün Peyğəmbərin (s.ə.s) yoluna və onun bizə öyrətdiklərinə möhkəm sarılmaq lazımdır...
Doğru olmaq üçün batinimizi saflaşdıraraq zahirimizi düzəltməyimiz lazımdır...
Doğru olmaq üçün həyatımızda lüzumsuz eniş və çıxışlar olmamalıdır...
Doğru olmaq üçün məhək daşı olan prinsiplərimizdən geri addım atılmamalıdır...
Doğru olmaq üçün Allahın qoyduğu sərhədlərə riayət edilməsi lazımdır...
Doğru olmaq üçün sevgi və nifrətin Allah üçün edilməsi lazımdır...
Doğru olmaq üçün yaxşılığı əmr edib, pis əməllərə mane olmağımız lazımdır...
Doğru olmaq üçün ibadətlərimizə diqqət edib onları layiqincə yerinə yetirməyimiz lazımdır...
Doğru olmaq üçün həyatımızda və qərarlarımızda adil olmağımız lazımdır...
Doğru olmaq üçün sevgi dolu olub, onu paylaşmağı bilməyimiz lazımdır...
Doğru olmaq üçün doğru olan şeyləri daha çox düşünüb, həyata keçirməyə cəhd etməyimiz lazımdır...
Doğru olmaq üçün alıb-verdiyimiz nəfəslərin haqqın yolunda alınıb-verildiyinə diqqət edilməsi lazımdır...
Doğru olmaq istiqamət üzrə olmaqdır. İstiqamət isə qamətin əyilmədən gedildiyi yoldur..
ŞƏRHLƏR