HƏYAT DƏFTƏRİNDƏN
LİMON KOLU
Vaxtı ilə hamilə bir qadın qonşusuna qonaq olur. Oturduqları otaqda budaqları meyvə ilə dolu limon kolu görür. Ürəyi limon istəsə də, utandığı üçün bunu qonşusuna deyə bilmir.
Qonşu mətbəxə keçən kimi yaxasından çıxartdığı iynə ilə limonlardan birini deşib suyunu yalayaraq arzusunu yerinə yetirir.
Vədə yetişir, bir oğlan usağı dünyaya gətirir. Oğlan böyüyüb küçədə dolaşma çağına gəlir. Əlinə bir mıx götürüb tuluqla su daşıyanların tuluğunu deşərək sudan içməyə başlayır. Bu hal təkrarlanaraq bir neçəgün davam etdiyi üçün məsələni uşağın atasına şikayət edirlər.
Ata düşünsə də, oğlunun nə üçün belə etdiyini başa düşə bilmir. Vəziyyəti xanımına bildirərək uşağın nə üçün belə etdiyini soruşur. Qadın da vaxtilə qonaq getdiyi evdə etdiyi hərəkəti açıb danışır.
Məsələnin əslində hardan qaynaqlandığını anlayan ailə başçısı xanımına:
- Tez qonşuya get və etdiyin hərəkəti ona danış, halallıq istə. İnşallah, oğlumuz bu hərəkətini düzəldər.
Qadın qonşusunun yanına gedib hər şeyi ona danışır və halallıq alır.
Qonşusu eşitdiklərinə görə çox təsirlənir. Nə üçün o vaxt ürəyi istədikdə bunu demədiyi üçün incidiyini bildirir. Haqqını halal etdikdən sonra uşaq pis vərdişindən əl çəkir.
KÜLƏKLƏ YARPAĞIN DOSTLUĞU
Küləklə yarpaq dost olmuşdular. Artıq külək yarpağı sovurmurdu.
Külək yarpağa dedi:
- Dostum, hara getmək istədiyini söylə, səni oraya sovurum.
Yarpaq çox düşünsə də, ağlına heç nə gəlmədi.
Külək təkrar soruşdu:
- Haydı, getmək istədiyin yeri söylə, səni oraya sovurum.
Yarpaq təkrar düşünsə də, ağlına heç nə gəlmədi.
- Bilmirəm, sən söylə! – dedi küləyə.
Külək:
- Gedəcəyin yeri bilmədikdən sonra küləklə dost olsan nəyə yarar?.. Sovrulub gedərsən, - dedi və öz bildiyi kimi əsməyə davam etdi. Yarpaq yenə sovruldu. Üstəlik bu dəfə onu sovuran dostu idi.
İnsan bu dünyada nə istədiyini bilməlidir. Bilmədiyi zaman yarpaq kimi oradan-oraya sovrulub gedər.
ŞƏRHLƏR