İNSANIN YARADILIŞ MÖCÜZƏSİ

İNSANIN YARADILIŞ MÖCÜZƏSİ

Qurani-Kərimdə müsbət elmlə bağlı bir çox ayə mövcuddur. Quranın əsl qayəsi tövhid inancını insanların qəlbinə yerləşdirməkdir. Müsbət elmlərə işıq tutacaq ayələr də buna xidmət edir.

            İnsanın yaradılışı zamanı rüşeymin inkişafı barəsində Quranda verilən məlumatlar heyrətamizdir. İlk insanın atasız olaraq torpaqdan yaradıldığı ayələrdə belə açıqlanır:

            “Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. (Allah) onu torpaqdan yaratdı, sonra isə ona “Ol!”- dedi, o da oldu”.(Ali İmran, 59)

            “Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən, odur….” (əl-Ənam, 2)

            “ Sizi torpaqdan xəlq etməsi onun dəlillərindəndir….” (ər-Rum, 20)

            İnsanın torpaqdan yaradıldığının sübutlarından biri dəbədənimizdə var olan və çəkimizin 99%-dən çoxunu təşkil edən oksigen, karbon, hidrogen, azot, kalsium, kalium, fosfor, kükürd, xlor, natrium, maqnezium, yod və dəmir kimi elementlərin torpağın ehtiva etdiyi elementlərdən olmasıdır.

            Allah-Təala insanın əslinin torpaqdan yaradıldığını xəbər verməklə yanaşı, insanın ana bətnində keçirdiyi inkişaf mərhələlərinidə 14 əsr əvvəl möcüzəvi olaraq bizə xəbər vermişdir:

“Biz, həqiqətən, insanı tərtəmiz palçıqdan yaratdıq. Sonra onu nütfə halında möhkəm bir yerdə (ana bətnində yerləşdirdik.) Daha sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra obir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra onu başqa bir məxluq tək xəlq etdik….” (əl-Muminun 12-14)

            Yuxarıdakı ayədə keçən “mudğa” kəlməsi “bir tikə ət” və ya “bir dişlək çeynənmiş ət” mənalarına gəlir. Bu ifadə amerikalı anatomiya alimi Prof. Dr. Marshall Consonu heyrətə salmışdır. Çünki rüşeymin görünüşü, müasir texnologiyanın köməyi ilə çəkilən fotoşəkillərə baxdıqda, həqiqətən, dişlərin düzülüşünə görə şəkillənmiş, sanki çeynənərək üzərində dişlərin izi qalmış formada müşahidə olunmaqdadır. Bunları gördükdən sonra o, belə  demişdir: “Bəli, elm adamlarına yol göstərən bu Quran Allah tərəfindən endirilmişdir. Vaxtı çatdıqca onun həqiqətləri tək-tək açılacaq və meydana çıxacaqdır”.

            Yenə Prof. Dr. Keith L. Moore elmi araşdırmaların əldə etdiyi nəticələrin Qurani-Kərimlə üst-üstə düşdüyünü dilə gətirmiş və Qurandan öyrəndiklərini Before We Born (Biz doğulmamışdan əvvəl) adlı kitabında qeyd etmişdir.

            Müasir elmi araşdırmalarda alimlər  uşağın ana bətnindəki embrioloji inkişafını, hər üç aydan bir olmaq üzrə, üç mərhələyə ayırmışdır. Birinci mərhələdə “ziqot” bölünərək çoxalır, bir hüceyrə kütləsinə çevrildikdən sonra özünü bətn divarına yapışdırır – Qurani-Kərimdə bu, “aləqa” (asılı, yapışmış) olaraq ifadə edilir.  İkinci mərhələdə hüceyrə təbəqələrindən bədənin əsas orqan və sistemləri əmələ gəlir – Qurani-Kərimdə bu mərhələ “mudğa” (bir tikəət) olaraq keçir.  Bu dövrdə uşaq rüşeym adlandırılır. Üçüncü mərhələdə isə rüşeym artıq fetus adlandırılır. Bu mərhələdə fetusun üzü, əlləri və ayaqları şəkillənmişdir. Bu mərhələni Qurani-Kərim belə anladır: “…Sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq tək xəlq etdik”.(əl-Muminun, 14)

            Bütün bu məlumatlar müasir texnoloji cihazlar vasitəsi ilə bilindiyi halda, Qurani-Kərim heç bir texniki vasitə olmadan 1400 il bundan əvvəl belə bildirmişdir: “O,sizi analarınızın bətnində üç zülmət içində yaranışdan-yaranışa salaraq yaradır…” (əz-Zümər 6)

            Yenə yaradılış ilə bağlı, Hz. Peyğəmbərimiz də belə buyurmaqdadır: “Hər birinizin yaradılış mayası ana rəhmində nütfə olaraq qırx gün inkişaf edir. Sonra bunun kimi, aləqa halına gəlir. Sonra da bunun kimi, ət parçası halındadır. Bundan sonra bir mələk göndərilər. (Mələk Allahın əmri ilə) ona ruh üfləyər və ruzisini, əcəlini, əməlini, şaki və ya said olacağını yazar”. (Buxari, Qədər,1)

Bütün bunlar bir daha bizə göstərir ki, müasir biologiyanın bu sahədəki araşdırmaları və gəldiyi nəticələr Qurani-Kərimin verdiyi məlumatlarla uyğunluq təşkil edir. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz