QONŞU BELƏ OLAR...
“Ev alma, qonşu al” deyə bir məsəl var. Bunun üçün də hər müsəlmanın yaxşı qonşular arasında ev axtarması lazımdır. Sevimli Peyğəmbərimiz (s.ə.s) də, “Ev satın almadan əvvəl qonşuların necə olduqlarını araşdırın! Yola çıxmadan əvvəl yol yoldaşınızı seçin!” (Şiratul-İslam) buyurmuşdur.
Dünyada ən qiymətli şeylərdən biri də müsəlman olub Allah-Təalanın və məxluqatın haqlarını bilən və buna diqqət edən qonşudur. Yenə hədisi-şəriflərin birində: “Allah-Təala saleh bir müsəlmanın hörmətinə qonşularından minlərlə bəlanı, fəlakəti uzaqlaşdırar”, - deyə buyurulur. Bir hədisdə isə: “Özünün yaxşı, yoxsa pis biri olduğunu anlamaq istəyən biri, saleh, xalis olan qonşularının onun haqqında nə dediklərini öyrənsin. “Yaxşı biridir” deyirlərsə, Allah-Təalanın yanında yaxşı olduğunu anlasın”, - buyurulur.A
İslamı təmsil edərkən, qonşu ilə münasibətə ən gözəl nümunələrdən biri İmam Əzəm Əbu Hənifənin (r.aleyh) sərxoş qonşusu ilə olan bu hadisəsidir:
Nəql olunur ki, İmam Əzəm Əbu Hənifənin (r.aleyh) bir qonşusu var idi. Evləri bir-birinə bitişik idi. Qonşusu davamlı olaraq sərxoş olar, axşamları da evə gəldikdə səhərə qədər saz çalıb mahnı oxuyardı. İmam həzrətləri buna heç bir şey deməz, səbir edərdi. Bir axşam bu adamdan heç bir səs gəlməyincə səhər tezdən evinə gedib qapısını döydü. Adamın xanımı çölə çıxdı. İmam Əzəm (r.aleyh):
– Bu axşam heç səs gəlməyincə diqqətimi çəkdi. Görəsən, qonşumun başına bir iş gəlib? - deyə soruşdu. Qadın kədərli halda və utanaraq dedi:
– Ərim dünən axşam gec saatda bazardan qayıdarkən gözətçilər, sərxoşdur deyə, aparıb həbsə salıblar.
İmam Əzəm həzrətləri dərhal şəhərin valisinin iqamətgahına gedir. Vali Əbu Hənifəni (r.aleyh) qapıda görüncə təəccüblə deyir:
– Buyurun, əfəndi, xeyir ola! Bu gün buranı şərəfləndirmisiniz. Bir arzunuz varmı?
İmam Əzəm (r.aleyh):
– Vali bəy, bizim bir qonşumuz vardı. Axşam gözətçilər, sərxoşdur deyə, həbsə salıblar. Onu həbsdən çıxarmanız üçün gəlmişəm, - deyir.
Bunun üzərinə adamı dərhal həbsdən çıxardırlar və İmam Əzəmə təhvil verirlər. Yolda qonşusuna deyir ki:
– Üzrlü sayın, axşamdan xəbərimiz olmadı. Uşaqlarına da köməklik göstərə bilmədik. Bu pulları al, evdəkilərin ehtiyaclarını gör.
Bu vəziyyət qarşısında adam çox üzülür və etdiklərindən utanır. Bu təsirlə də xalis bir qəlblə tövbə edir. Vəfatına qədər İmam Əzəmdən ayrılmır, onun sadiq tələbələri arasına girir və neçə-neçə lütflərə nail olur.
İbrətlik hadisələrdən biri də Malik bin Dinar həzrətlərinin yəhudi qonşusu ilə aralarında baş verən hadisədir. İslam alimlərinin böyüklərindən Malik bin Dinarın yəhudi bir qonşusu var idi. Yəhudi düşmənlik məqsədilə evinin tualetinin kanalizasiya quyusunu Malik həzrətlərinin otağının arxasına qazdırır. Bundan dolayı otaqdan içəri sızıntı olur, narahatedici pis qoxu əmələ gəlir. Malik həzrətləri hər gün sızıntıları təmizləyir, pis qoxunun qarşısını almaq üçün gözəl qoxulu şeylər yandırırdı.
Yəhudi yaxşı bilirdi ki, Malik həzrətləri bu vəziyyətdən çox narahat olur. Lakin gəlib şikayət etməməsinə heyrət edirdi. Daha çox dözə bilmədi, Malik bin Dinarın yerinə özünün səbri daşdı; evinə gəldi, pis qoxunu hiss edincə dedi:
– Ey Malik, bu qoxu nədir belə?
Malik həzrətləri:
– Burada qoxulu şeylər yandırıram, - deyə cavab verdi.
Qonşu:
– Xeyr, bu qoxu tualet qoxusudur, divardan sızır. Niyə mənə demirsən?
Malik həzrətləri:
– Əgər sənə desəydim, sən üzülə bilərdin. Bizim dinimizdə qonşudan gələn əziyyətlərə qatlanmaq vardır. Qonşunu üzmək və onunla dava-dalaş etmək yoxdur.
Yəhudi gözləmədiyi bu sözlər qarşısında sarsıldı və dedi:
– Mən bu günə qədər İslam dininə düşmən idim. İndi isə İslamiyyətə heyran qaldım. Belə gözəl və xoş hökmlər ancaq haqq olan bir dində olar. Ey Malik, müsəlman olmaq üçün nə lazımdırsa, dərhal etməyə hazıram!
Yəhudi qonşu, Malik bin Dinar həzrətlərinin öyrətməsilə kəlmeyi-şəhadət gətirdi və yaxşı bir müsəlman oldu.
Demək ki, müsəlman olsun və ya olmasın, qonşularla yaxşı dolanmaq, qonşuya hörmət göstərmək dinimizdə diqqət çəkilən ən önəmli xüsuslardan biridir. Hədisi-şəriflərin birində: “Müsəlman olmayan qonşunun bir haqqı, müsəlman qonşunun iki haqqı, qohum olan müsəlman qonşunun isə üç haqqı vardır”, - deyə buyurulur. Ona görə də bir müsəlmana yaraşan qonşuluq: əlindən gəldiyi qədər qonşusuyla maraqlanması, lazım olan hallarda kömək göstərməsi, onları incidəcək söz və hərəkətlər ortaya qoymaması və onlardan gələ biləcək sıxıntılara səbir göstərməsi şəklində olmalıdır.
ŞƏRHLƏR