Qəlb Krizi

Qəlb Krizi

Təcili yardım maşınından tələsik içəri apardılar. Qəlbinin həyəcanı hamını qorxutmuşdu. Hamının həyəcanı da onu qorxutmuşdu. İlk müayinədən sonra ətrafdakıların göz yaşları arasında dərhal reanimasiyaya apardılar.

 Paltarını çıxarıb EKG müayinəsi etdilər. Ürək damarlarının açılması üçün damarına iynə vuruldu...

Oyandıqda qarşısında dayanan ağ paltarlı həkimi görüb təlaşa düşdü. Lakin həkimin sakitliyi, təbəssümlü siması, gülən gözləri az da olsa rahatlıq verdi. Həkim hələ ağzını açmadan, bir kəlmə də demədən çox şey ifadə etmişdi. O da ağzını açmadan gözləriylə halını soruşdu həkimdən. Həkim başını yuxarı-aşağı yellədərək barmağıyla ürəyini göstərib:

“Ürəyinə yaxşı baxmamısan, amma qorxma, yaxşısan. Bundan sonra yediyinə, içdiyinə diqqət etməlisən.” – dedi.

Abdullah bir yandan halının yaxşılaşmasına sevinərkən, digər tərəfdən də Əzrailin qanadının qəlbinə dəyməsinin ürpərtisi və ölümün astanasından qayıtmağın çaşqınlığı içində idi.

Onun kimi yüzlərlə xəstəsi olan həkim Abdullahın qorxusunu hiss edirdi. Getmədən bir-iki kəlmə demək istədi. Abdullaha baxaraq: “Abdullah bəy, gördüyünüz kimi bu iş mütləq qocaların başına gəlmir. Təccüblənmək lazım deyil, şükür etmək lazımdır. Mən öz ixtisas sahəmə aid olanları dedim. Amma zənn etmə ki, qəlb sadəcə dörd kameradan ibarət bir orqandır. Onun bir də mənəvi tərəfi var. Bunu da həkimindən soruşmalısan. Mütləq soruş. Çünki son zamanlarda qəlb krizləri o qədər artdı ki, qoca-cavan, kök-arıq, kişi-qadın demədən hamıya sirayət edir. Düzdür, bunun insanın qəlb sağlığına diqqət etməsiylə əlaqəsi var, amma “əcəba, qəlbimizin mənəvi sağlamlığına səhlənkar yanaşmamızın da buna təsiri varmı?” deyə düşünürəm.” Həkim sözünü bitirərkən yan tərəfdə yatan xəstə müdaxilə etdi:

“Ay Allah səndən razı olsun, həkim! Əlbəttə ki, təsiri var. Gənclərə bir baxın. Mərhəmət, əfv etmək, hörmət, sevgi, iman hissləri yox olub gedir. Qəlblər qaralmış və daşlaşmış. Hər kəs kin və fitnə küpünə döndü. Əhəmiyyət verilməyən hər şey ölür. Qəlblər də ölməyə başladı. İbadət etməzsən, Allah deməzsən, tövbədən xəbərsiz olarsan, əfv diləməzsən, insanı sevməzsən, qonşuya getməzsən, xəstələri ziyarət etməzsən qəlb ölməzmi? Küçələr yaşayan ölülərlə doludur. Halbuki rəhmətlik ustadımız “İnsan qəlbdir” deyərdi. “Əsla qəlbi əhəmiyyətsiz görməyin” deyər və tez-tez:

“Sanma ey hacə ki, səndən zəru-sim istərlər

Yovmə lə yənfəuda qəlbi-səlim istərlər” şeirini oxuyardı.” dedi və başını yellədərək bunları əlavə etdi: “Qəlbin qidası xalqa sevgi və Haqqa imandır.”

Abdullah ədəbiyyatçı idi və yüzlərlə kitab oxumuşdu. Amma qəlbə aid nə isə oxumaq ağlına gəlməmişdi. “İnsan qəlbdir” sözü ona çox təsir etmişdi. Dərin düşüncələrə dalmışdı. Bir beyt düşdü yadına.

Muradın Haqq isə gerçək hülusi-qəlb eylə aşiq

Bu sözlərdən qərəz ancaq səni Haqqa dəlalətdir.

Demək, həyata qəlbdən baxmaq lazımdır. Həqiqətən sevməyi bilməyənə, bir göz yaşı silməyənə qəlbsiz deyirik. Mərhəmət etməyənə qəlbi qara deyirik. Biz də qəlbimizi ac və susuz qoyduq. Eşqsiz və imansız. Qəlbi qəzəblləndirən amil ölümü unutmaq olmalıdır. O da qoca-cavan demədən kürəyimizi yerə vurur. Kimimizi havasız vəziyyətdə soyuq və qaranlıq torpağın qoynuna qoyur. Kimimizə də unutduğumuzu xatırlatmaq üçün ölüm mələyinin nəfəsini üfürür üzümüzə. Səssiz-səmirsiz soldurub dərin bir qorxu buraxaraq ayrılır yanımızdan. Mən də bunlardan biriyəm hər halda. Unutduqlarımı xatırlamalıyam. Allahı, ölümü və sonrasını unutmadan xatirimdən çıxarmamalıyam. Bu ölüm düşüncəsini xatırlatmaq adı soyuq olsa da, itirdiyini tapan bir adamın sevincini yaşatdı Abdullaha. Bir an qəlb krizi keçirməyin belə özü üçün yaxşı olduğunu düşündü. Gülümsədi.

Bu zaman gözü yanaşı çarpayıda yatan qocayla həkimə sataşdı. Həkim ədəblə yaşlı adamın yanına yaxınlaşıb israrla əlini öpmək istəyir, yaşlı adamsa əlini geri çəkirdi. Həkim gülərək yaşlı adama: “Mən sənin qəlbini müayinə etdim, amma sən bir həftədir ki, mənim qəlbimi əməliyyat edirsən. Bu gün xəstəxanadan ayrılmadan ver əlini öpüm, yoxsa icazə kağızını imzalamaram haa.” -dedi.  Yaşlı adam utana-utana əlini uzatdı. Həkim əlini öpdükdən sonra otaqdan çıxmadan: “Muhsin dayı, bizi Abdullah bəylə birlikdə qəlbinin həkiminə apar, olarmı?” –dedi.

Abdullah xəstəxanada qaldığı bu qısa müddətdə yaşadıqlarından o qədər çox şey öyrənmişdi ki, içindən “Niyə də olmasın? Təbii ki, olar. Birinci növbədə o həkimin müayinəsindən keçmək lazımdır.” –deyə düşündü. Fikrə daldı və yaşlı adamın bir az əvvəl qoyub getdiyi jurnalı götürdü. Təxmini bir səhifə açdı. Oxuduğu sətirlər onu heyrətə saldı:

İnsan dünyanın qəlbidir. Adam qəlbinin dünyasına daldıqca insandır.

Ey qəlb, gözlərimiz səni görəni görmədiyi üçünmü əhəmiyyət vermədik sənə. Buna görəmi qəlb krizi yaşayırıq?

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz