Məsnəvidən
Bir quş çəmənliyə uçdu. Orada isə ov üçün tor qurulmuşdu. Ovçu yerə bir neçə buğda dənəsi atmış, özü isə pusquda gizlənmişdi. Ovu yaxalamaq üçün üstünü yarpaq və otlarla örtmüşdü.
Başına da güllərdən papaq qoymuşdu. Quşcuğaz da onu gördü, özünü bilməməzliyə vuraraq yaxınlaşdı, adamın ətrafında uçaraq belə dedi:
“- Ey yaşıllığa bürünən! Sən kimsən? Bu vəhşi heyvanlar arasında, dağda-daşda nə gəzirsən?”
Adam:
“- Mən zahidəm” dedi, “dünyadan uzaqlaşdım, burada otlarla dolanıb qənaətlə keçinirəm. Zahidliyi özümə yol seçdim, çünki əcəlimi gözümün önündə görürəm. Qonşumun ölümü mənə öyüd verdi. Mən də özümə xəlvət üçün yer seçdim...”
Quş belə dedi:
“- Əzizim, xəlvətdə oturma, Əhməd (s.ə.s)-in dinində ruhbanlıq etmək yaxşı qarşılamır. Pis xasiyyətlilərin əziyyətini çəkib səbir etmək, bulud kimi xalqa mənfəətli olmaq lazımdır. Ey adam! İnsanların ən xeyirlisi, insanlara faydalı olandır”.
Adam cavab verdi:
“- Adam olmayanlarla oturub-duranlar ruhbanlardır. Çünki oturub-durduğu adamlar daşdan, kərpicdən fərqli deyil. Hətta onlar daş və kərpicdən daha betərdir. Halbuki daş və kərpic heç kimin yolunu kəsməz, amma bu kərpic kimilərdən insana bir çox zərər gəlir”.
Quş dedi:
“- Düzdür, amma əsl savaş yol üzərində yol kəsənlər olduğu zaman savaş saılır.”
Adam dedi ki:
“- Elədir, əgər insanda güc-qüvvət varsa, pis işlərə qarşı mətindirsə dediyin doğrudur.”
Quş dedi ki:
“- İşə sarılmaq üçün ürəyin düzgün olması şərtdir, yoxsa dost üçün dostlar əskik olmaz. Sən dost ol, saysız-hesabsız dost gör. Dostsuz olsan yardımsız qalarsan. Sürüdən ayrılanı qurd yeyər.”
Sözün qısası, adamla quşun dialoqu uzun sürdü. Daha sonra quş dedi ki:
“- Bu buğda kimindir?”
Adam:
“- Bir yetimin əmanətidir. Məni dürüst tanıdıqları üçün əmanət etdilər. Yetim malıdır” dedi.
Quş dedi:
“- Mən çox acam. Bu anda mənə leş də halaldır. İcazə ver, ey əmanətçi, ey zahid və hörmətli şəxs, bu buğdadan yeyim.”
Adam:
“- Zərurət haqqında fətva verən də sənsən. Bil ki, əgər ehtiyacın yoxdursa, yesən günahkar olarsan. Hətta zərurət olsa da ehtiyat etsən, çəkinsən daha yaxşı olar. Əgər mütləq yeyəcəm deyirsənsə, heç olmazsa pulunu ver” dedi.
Quş o an özündə deyildi. Buğdaları yedi, amma tora düşdü. Nə qədər Yasin, Ənam oxusa da faydası olmadı. Dedi ki:
“- Zahidlərin sözünə qulaq asanların aqibəti budur.”
Adam:
“- Xeyr” dedi “Nahaq yerə yetimlərin malını yeyənlərin cəzası budur”
Hərislik və tamah ehtiyac anında daha betərdir.
Qarışqaların mübahisəsi
Bir qarışqa kağız üzərində yazı yazan qələm gördü. Bu xəbəri o biri qarışqalara belə çatdırdı:
“- O qələm, kağızı gül-çiçək bağına çevirdi. Onun üzərində əcaib şəkillər çəkdi.”
İkinci qarışqa dedi ki:
“- Xeyr, o sənəti meydana gətirən qələm deyil, barmaqlardır. Qələm bu işdə barmaqlara tabedir. Barmaqların idarə etdiyi bir alətdir.”
Uçüncü qarışqa isə belə dedi:
“- Xeyr, sən də düz demirsən. Bütün bunları meydana gətirən əl və qoldur. O qüvvətsiz barmaqlar onun gücüylə bu naxışları çəkdi.”
Beləliklə hər bir qarışqa bu mövzu ilə əlaqəli fərqli bir söz söylədi. Axırda bilik və anlayışı çox olan və qarışqaların başçısı sayılan bir qarışqa dedi ki:
“- Bu hünəri, bütün bu görünən surətlərin meydana gətirdiyini düşünməyin. Surət bundan xəbərsizdir. Bu naxışları meydana gətirən, ağıldan ancaq ağıldır.”
Bu qədər ağıllı olan başçı qarışqa da ağılla ruhun Allahın iradəsi, yaratması olmadan cansız bir şeydən ibarət olduğunu bilmirdi. Allah ağıldan yardımı kəsərsə, ağıl axmaqlıq edər.
Həqiqi Fail Faili-Mütləq olan Allahdır. Bir zamanlar bizi də, təbiət yaratdı, filankəs yaşatdı. O olmasaydı olmazdı deyə bir çox yalan və uydurmalarla yoldan azdırmağa çalışdılar.
ŞƏRHLƏR