Fəzilət Sorağında
Məhəmməd (s.ə.s)-dən bir gün: - Hansı mömin daha fəzilətlidir? – deyə soruşulduqda o, belə cavab verir: “İçində kin və həsədin olmadığı, qəmli qəlbə sahib olan mömin.”
Düşündürən bu cavab qarşısında: “Bu bizdə yoxdur, bundan başqa ən fəzilətli mömin kim ola bilər, ya Rəsulallah? - deyə yenə də soruşulduqda Rəsuli-Əkrəm (s.ə.s): “Dünyaya qarşı zahid, axirətə qarşı istəkli olan mömin” - deyə cavab verir.
Sual soruşanlar da: Bu Rafi bin Hadiycdən başqa kimsədə yoxdur, sonra hansıdır? - deyə məlumatlanmaq istəyirlər. Bunun üzərinə Rəsulullah (s.ə.s): “Gözəl əxlaq sahibi olan mömin” -deyə cavab verərək fəzilətin dərəcələrini ümmətinə bu şəkildə açıqlayır.
İzlədiyimiz dərəcələrin sözlərlə ifadə edilən mahiyyətini əməli müstəviyə keçirdikdə gözlərimiz önündə qəlbləri belə donduracaq bir mənzərə, yəni nübüvvət mükəlləfiyyəti ilə yüklənən Məhəmməd (s.ə.s)-in hövsələyə sığmayacaq irşad mücadiləsi və ilahi yardımla mərhələ-mərhələ möminlərin qəlblərində gerçəkləşən iman bərəkəti canlanacaqdır. Zamanla üstün bir fəzilət libasına bürünən bu bərəkətin mənbəyi olan Rəsulullah (s.ə.s) və onun şanlı səhabələri dövrünə aid ağılalmaz örnəklər, insanlığın qəflət zillətini darmadağın edəcək ölçüdədir:
“Həzrət Əli (r.a) bir gün sübh namazını qılırdı. Salam verincə sağına döndü və böyük bir üzüntü içərisində iman sahiblərindən biri kimi əlini alnına qoyaraq, günəş məscidin divarına əks edənə qədər durdu. Sonra əlini qaldıraraq belə buyurdu:
“Vallahi, Rəsulullahın səhabələrindən bir iz gördüm. Onlara bənzəyən heç kimsəni görməməkdəyəm. Vallahi onlar toz-torpaq içində, dağınıq və üzləri solğun halda səhərə çıxardılar. Allahın kitabını oxuyaraq ayaqları ilə alınları arasında (qiyam və səcdə) gedib gələrdilər. Allah təala anıldığında külək kimi əsərək özlərindən keçərdilər. Gözlərindən yaşlar boşalar və bununla da geyimləri islanardı. Buna rəğmən, yenə də özlərini qafil olaraq sabahlamış sayardılar.”
İslam dininə qarşı kəskin mövqeyi ilə seçilən Əbu Süfyanın xanımı Hindin, səhabənin fəzilət dolu ibadət nurları ilə qəlbi zillətinin fərəhə çevrildiyini hiss edincə Məkkənin fəth edildiyi günün səhəri yoldaşına:
“- Mən Məhəmməd (s.ə.s)-ə beyət etmək istəyirəm”, -deməsi üzərinə Əbu Süfyan:
“- Sənki onu inkar edirdin”, -demişdi. Buna müqabil iman həyəcanının mahiyyətinə sirayət etdiyini bildirən Hind bunları söyləmişdi:
“- Bəli! Ancaq Allaha and içirəm ki, bu məsciddə (Kəbədə) Allaha bu gecədən öncə bunun kimi həqiqi bir ibadətlə ibadət edildiyini görmədim. Vallahi səhərə kimi namaz qıldılar. Gecəni qiyam, rüku və səcdə ilə keçirdilər.”
Fəzilət sorağında Peyğəmbərlərin insanlara təlim etdikləri incə məqamlar, bu istiqamətdə dini bilgilərimizin artırılmasında önəmli rol oynamaqdadır:
Həzrət Musa (ə.s) Allah təaladan soruşmuşdu:
“- Qullarının hansı daha zəngindir?” Uca Allah:
“- Verdiyimlə qənaət edən kimsə!”
“- Hansı daha adildir, ya Rəbb!”
“- Özünü hesaba çəkərək başqalarının haqqını verən!”
Rəbbinə qulluq həssaslığını bir an belə tərk etməyən Həzrət Həsənin davranış mədəniyyəti fəzilət əhli olan şəxslərin qiymətini bizlərə nə gözəl anladır:
“Bir nəfər ehtiyacı olan şeyləri kağıza yazaraq Həzrət Həsənə verdi. Həzrət Həsən (r.a) kağızı oxumadan həmin adama:
“- İstəklərin yerinə yetiriləcək!” dedi. Onun belə davranışına ətrafında olanlar təəccüb etdilər. Və təəccüblərini belə dilə gətirdilər:
“- Ey Rəsulullahın nəvəsi! Heç olmasa kağıza baxardınız və orada yazılanlara görə cavab verərdiniz.”
Həzrət Həsənin cavabı isə belə oldu:
“- Uca Allah o kağızı oxuyana qədər, adamın qarşımda boynu bükülmüş vəziyyətdə durmasının hesabını məndən soruşar.”
Aləmlərə rəhmət olaraq göndərilən Məhəmməd (s.ə.s)-in qəlblərə əbədi diriliş üfüqlərini seyr etdirən mübarək sözləri hər bir möminin davranış əxlaqını nizamlayan əvəzsiz bir ilahi nemətdir. Rəsulullah (s.ə.s) belə buyurur:
“Allah təaladan qorx ki, insanların Ona ən çox qulluq edəni olasan. Qənaətkar ol ki, insanlar içində Rəbbinə ən çox şükür edən olasan. Özün üçün istədiyini başqaları üçün də istə ki, (kamil) mömin olasan.”
ŞƏRHLƏR