Həyat Fürsətdir
Kainatın Rəbbi insana dəyər verdi, həyatı ona qızıl bir fürsət olaraq təqdim etdi və ömrün bir gün tükənəcəyini söylədi.
Rəbbimizin buyruqlarını açıqlayan Əziz Peyğəmbərimiz beş nemətin ardından beş sıxıntının gələcəyini xatırlatdı. Gəncliyə güvənmə sona çatar; sağlıq-səhhətə güvənmə gedər; zəngin olan yoxsullaşa bilər; vaxtım var zənn edərsən, iş-gücə başın qarışar və ölüm gələr, həyat sönər, deyərək bizə xəbərdarlıq etdi. (Hakim, əl-Müstədrək, IV, 341)
Həm Uca Rəbbimiz həm Əziz Peyğəmbərimiz həyatın həqiqətən bir fürsət olduğunu bizə fərqli hadisələrlə göstərdi. İndi sizə bunlardan ikisini təqdim edəcəyik.
Təvaf edərkən
Birinci hadisə Peyğəmbərimizin vəfatından iki əsr sonra baş verdi və onu bizə Qasım bin Osman əl-Cui (ö. 248/862) adında hədis alimi nəql etdi. Hədis alimlərinin doğru sözlü mənasında “saduq” deyə tanıtdıqları bu zat, Süfyan bin Uyeynə kimi hicri ikinci əsrin məşhur hədis hafizlərinə tələbəlik etdi və uzun müddət ac yaşama adətində olduğu üçün əl-Cui ünvanıyla anıldı.
Bu hədis alimi deyir ki:
“Kəbəni təvaf edirdim. Mənim kimi təvaf edən bir adamın sözləri diqqətimi çəkdiyi üçün yanına yaxınlaşdım. Dayanmadan belə deyirdi; “Allahım! Möhtacların ehtiyacını həll etdin. Təkcə mənim ehtiyacımı həll etmədin.” Ona:
– Niyə dayanmadan eyni şəkildə dua edir, başqa bir şey söyləmirsən? -dedim.
Dərdini danışmağa başladı:
Biz, hər biri başqa məmləkətdən gələn yeddi yoldaş idik. Savaşda iştirak edib düşmən üzərinə yeridik. Fəqət düşmən bizi pusquya salaraq əsr aldı. Boynumuzu vurmağa qərar verərək bir yerə topladı. Elə həmin vaxt başımı qaldırıb göy üzünə baxdığımda nə görsəm yaxşıdır, göydə yeddi qapı açılmış və hər bir qapıda cənnət hurilərindən biri dayanıb.
Yoldaşlarımdan birini aparıb boynunu vurdular. O anda əlində bir dəsmal olan bu gözəllərdən biri yerə enib yoldaşımızın yanına gəldi.
Altı yoldaşımı bir-bir şəhid etdilər. Hər biri şəhid olduqca göydən bir huri eyni şəkildə yanına gəlirdi. Geridə sadəcə mən, göy üzündə açıq bir qapı və orada gözləyən bir huri qalmışdı. Elə bu sırada məni apardılar. Boynumu vuracaqları vaxt düşmən liderlərindən biri məni öldürməyib ona vermələrini istədi. Məni ona verdilər. Bu zaman göydəki huri mənə belə səsləndi:
“– Ey məhrum! Nələr itirdiyini bilirsənmi?” Sonra göydəki qapı bağlandı.
Mənim hekayəm bax budur. İtirdiyim şeyə o gündən bəri heyfslənirəm.
Hər halda siz də o adamın halına acıdınız. Çünki bizim ölçümüz belədir. Əlində beş milyonluq ticarət malı olan adama “al sənə əlli milyon” dediyimizdə malını satmazsa, əldən qaçırdığı fürsət səbəbilə ona çoxumuz acıyarıq. Amma o malın dəyərini bilən və bir müddətdən sonra beş yüz milyon edəcəyini anlayanlar üzülməz.
İndi də bu hadisəni bizə nəql edən islam aliminin dəyərləndirməsini dinləyək. Qasım bin Osman əl-Cui belə deyir:
“- Mənə görə o yeddi nəfərin ən dəyərlisi həyatda qalan bu adamdır. Çünki o, digər yoldaşlarının görmədiyi hadisələri görmüşdür; bundan başqa böyük bir arzu və həvəslə Allaha yönəlməsi üçün sağ buraxılmışdır.” (Beyhəqi, Şuabul-iman, Beyrut 1410, IV, 57)
Demək, həyatı dəyərləndirmək surətilə yaşamaq əldə olunmaz bir fürsətdir.
Qəribə yuxu
Peyğəmbərimizin zamanında baş verən ikinci hadisəni dinlədiyiniz zaman əl-Cui həzrətlərinin nə qədər doğru dediyini görəcəksiniz.
Bəni Uzrə qəbiləsindən üç nəfər Rəsuli-Əkrəm -səlləllahu əleyhi və səlləm-in hüzuruna gələrək müsəlman oldu. Bunlar fəqir adamlar idi. Himayəyə ehtiyacları vardı. Peyğəmbərimiz əshabına:
“- Mənim adıma, kim bunların məişətini üzərinə almaq istəyər?” -deyə soruşdu.
Rəsulullah tərəfindən cənnətlə müjdələnən on nəfərdən biri olan Talha bin Ubeydullah:
“- Mən!” dedi. Həzrət Talha zəngin səhabələrdən biriydi. Onları özü ilə apardı.
Bir müddətdən sonra Hz. Peyğəmbər düşmən üzərinə bir dəstə göndərməyə qərar verdi. Bu üç yoldaşdan biri onlarla birlikdə getdi və şəhid oldu.
Aradan zaman keçdi. İkinci yoldaşları da başqa bir əsgəri dəstəyə iştirak edərək şəhid oldu.
Üçüncü səhabə isə bir müddət yaşadaı və rahat doşəyində öldü.
Bir gün Talha -radiyallahu anh- bir yuxu gördü. Cənnətdəydi. Himayəsinə götürdüyü o üç yoldaş da orada idi. Amma qəribə olan bu idi ki, ən son ölən adam yoldaşlarından qabaqda yeriyirdi. Onun arxasında ikinci şəhid olan adam vardı. İlk şəhid olan isə ən arxada idi.
Gördüyü bu mənzərə Hz. Talhanı heyrətə saldı. Qalxıb Allah Rəsulunun yanına getdi və gördüyü röyanı anlatdı.
Peyğəmbərimizin cavabı çox maraqlı idi. Belə buyurdu:
“- Bunun nəyini anlamadın, Talha? Allah qatında ən fəzilətli kəs müsəlman olaraq uzun bir həyat sürən və sübhanallah, Allahu əkbər, lə iləhə illəllah deyərək Allahı çox zikr edəndir.” (Əhməd b. Hənbəl, Müsnəd, I, 163)
ŞƏRHLƏR