Mur və “Mələklərin sevgisi”
İngilis – İrland poeziyasının bir zaman adı dillər əzbəri olan, İrland əsilli Tomas Murun (Thomas Moore 1779-1852) bu ilin mayın 28-də nə az, nə çox düz 230 yaşı tamam oldu.
Və biz də onun olum ilinin xatirəsini Azərbaycanda çıxan “İrfan” jurnalında qeyd etməyi, xüsusilə onun böyük arzu və islami duyğularla qələmə aldığı “Mələklərin sevgisi” poeması haqqında söz açmağı oxucularımız qarşısında borcumuz kimi qəbul etdik.
Əvvəla, Mur katolik olsa da, ömrü boyu öz dini əqidəsindən dönməmişdir. O, Məhəmməd Şərqinin, müqəddəs Quranımızın aludəçisi olmuş, XIX əsrin ən məşhur poemalarından biri sayılan “Lalla Ruk - Şərq poeması”nı (1817) və “Mələklərin sevgisi” poemasını (1823) Şərq xalqlarının tale yoluna və mübarizəsinə həsr etmişdir.
“Mələklərin sevgisi” poemasından söhbət açmazdan əvvəl onun müəllifinin həyatı haqqında unudulmayan məqamları açıqlamağa dəyər. İrland şairinin 1808-ci ildə başlayan və 1834-cü ildə tamamlanan cəmi 10 cildlik əsərlərinin toplusu nəşr olunmuşdur. Onun İrland xalq musiqisi və nəğmələri üzərində köklənən “İrland melodiyaları” adlı kitabında toplanmış şaqraq, gözəl nəğmələri indinin özündə də çox məşhurdur və bu nəğmələr Murun ən yaxşı lirikası kimi çox yüksək dəyərləndirilir.
Aktrisa Yelizaveta ilə ailə həyatı quran şair yaşadığı ömrünün sonuna qədər ona sadiq qalmışdır. Lakin övladlarının erkən ölümü şairin son həyat yolunun amansız zərbələrinə çevrilmişdir.
Qərbi Avropanın romantik şairləri sırasında XIX əsrin ilk rübündə Şərq mövzusuna, İslami ruhani dəyərlərə yaradıcılığında xüsusi diqqət yetirən Murun 44 yaşında nəşr etdirdiyi “Mələklərin sevgisi”ndə diqqəti çəkən məqamları unutmaq olmur.
Bir dəfə Həzrət Əlidən soruşurlar ki, insan üstündür, yoxsa mələk?
İmam buyurur: “Allah mələklərə yalnız ağıl verib, nəfsani istəklər (yəni yemək, evlənmək tələbatı) verməyib. Heyvanlarda isə nəfsani istək var, ağıl yoxdur. Amma insana həm ağıl, həm də nəfsani tələblər verib. İnsan öz nəfsini ağlına tabe etsə, mələklərdən yüksəyə qalxar. Yox, əgər ağlını nəfsin istəklərinə tabe etsə, heyvanlardan da alçaq səviyyəyə enər” (Bihari-Ənvar).
Mur poemasında Qurani-Kərimdən bəhrələndiyini dönə-dönə qeyd etmiş, yeri gəldikcə müqəddəs kitabımızdan gətirdiyi ayələrin ingiliscə tərcümə variantını təqdim etmişdir.
O, ingiliscədə “angel” kimi işlənən sözün şərhini belə ifadə edir: “Məlum olur ki, “angel” sözü dünyanın çox-çox dillərində “carçı, müjdəçi” mənasını da özündə ifadə edir. “Angel” fars dilində “firiştə” (Firischtin) kimi deyilir və bu söz De Erbeloya görə “Firischtin” – göndərmək felindən yaranmışdır. Yəhudi sözü kimi də “Melak” (mələk) eyni mənanı bildirir”.
Qurani-Kərimdə mələklər haqqında buyurulanlardan məlum olur ki, mələklərin bir hissəsi səmada baş verən hadisələri nizamlamaq, digər hissəsi ağır, yaxud çətin vəziyyətə mübtəla olmuş insanlara kömək etmək, onların daha bir hissəsi isə azğınları cəzalandırmaq vəzifələrini yerinə yetirir.
Mur poemasının yazılma səbəbini Şərq əfsanələrində, xüsusilə Qurani-Kərimdə təsvir edilmiş iki mələk – Harut və Marut haqqında təsəvvürlə bağlayır.
Göydəki mələklər yer üzərindəki insanların qəbahət sayılan işlərini araşdırarkən Allahın hüzurunda onlara qarşı etirazını ifadə edir. Lakin bu işlərin doğru olub-olmaması üçün bu iş Allahın izni ilə Harut və Maruta etibar edilir.
Murun Şərqin dini-ruhani müqəddəs kitabını diqqətlə öyrənməsi onun “Mələklərin sevgisi” poemasında çox-çox mətləblərin incələnməsində açıq-aydınlığı ilə seçilir.
Həzrət Məhəmməd Mustafanın həyatından ən ibrətamiz nəqllər, rəvayətlər poemanın sətiraltı şərhlərində diqqəti çəkən məqamları ilə qələmə alınmışdır.
Nurani varlıqlar kimi dəyərləndirilən mələklərin Allah təala tərəfindən yaradıldığını və onun əmrlərini yerinə yetirdiyini qeyd edən müəllif poemasında Məhəmməd Peyğəmbərimizə, müqəddəs kitabımıza ilıq, səmimi duyğularını ifadə etmişdir. Ən maraqlısı isə budur ki, Murun yaradıcılığında Şərq mövzusu haqqında maraqlı bir dissertasiya işi yazılmışdır. Onun müəllifi gənc tədqiqatçı-alim Üzeyir Həbibbəyli araşdırmasında “Mələklərin sevgisi”nə dair aydın elmi təsəvvür yaratmlş, bütövlükdə isə Mur yaradıcılığında Şərq mövzusuna obyektivlik güzgüsündə düzgün qiymət vermişdir.
ŞƏRHLƏR