Kaş Ki, Mən Olaydım…

Kaş Ki, Mən Olaydım…

Keçən sayımızda “belə ölümü kim istəməz?” deyərək Allahın Cabir (r.a)-ın atasına olan lütfü barədə yazmışdıq. Oxuculardan biri mail göndərərək soruşur ki, ölümü arzulamaq olarmı?

Əslində oxucudan gələn mail bu sayımızda mövzumuzun davamı olaraq yazmağı düşündüyüm başqa bir mövzuya da sual təşkil etdi.

Fani də olsa bu dünyanın bir saniyəsi belə axirət həyatının bəlkə bir saatından, günündən, həftəsindən, hətta tamamından daha əhəmiyyətli və dəyərlidir. Çünki o bir saniyəlik dünya həyatı əbədi səadəti qazandığımız an ola bilər. Bu cəhətdən əlbəttə ki, ölümü arzulamaq qorxuncdur.

Lakin zaman-zaman səhabələr bunu arzulamışlar.

Zamanların ən gözəli, sultanlar Sultanının zamanı…

Mədinədəyik… Rəsulullah səfər tədarükü görür. Bir yerə gedəcəyi zaman əvvəlcədən xəbər verməzdi. Bu dəfə Təbuka işarə edir. Təxminən 1000 km. uzaqlıqda. Qızmar səhrada səfər edirlər. Ordu salətu-salam gətirərək Təbuka doğru irəliləyir. Bir nəfər çox fərqlidir. Daima Rəsulullahın yanındadır. Ona toxunmağa çalışır. Kimdir bu səhabə? Deyirlər ki, o, Zülbicadeyndir. Abdullah bin Amr. 

Məkkədə müsəlman olmuşdu. Rəsulullah (s.ə.s)-i çox sevmişdi. Məkkə ilə Mədinə bir-birindən uzaq olsa da qəlblər çox yaxındı. Əmiləri onu tamamən soyundurdular, bütün patlarını əlindən aldılar. Əlinə bir çuval keçdi. Çuvalın başını kəsərək əyninə keçirdi, sonra iki tərəfdən qollarını çıxarmaq üçün dəlik açdı. Çox sevdiyi Peyğəmbərə qovuşmaq üçün qaçmağa fürsət axtarırdı. Nəhayət fürsət tapıb ayaqyalın, dırnaqları düşə-düşə, qanlar içində Mədinəyə qədər piyada yol qət etdi…

Rəsulullahı görmək istəyirdi. Ayaqları qan-rəvan içində qalmışdı. Lakin bu halda onun hüzuruna necə çıxacaqdı? “Məni üryan qoydular, belə gəldim” deyə bilmirdi, ikiqat qalmışdı.

Sonra bilirsinizmi nə etdi? Əyninə keçirdiyi çuvalı ikiyə böldü. Birini bədəninin alt tərəfinə sarıdı, o birini də çiyninə atdı. İki çul! Sonra Mədinədəki dostlarla birlikdə Rəsulullahın hüzuruna çıxdılar. Rəsulullah onu qanlar içində görüb soruşdu: “Sən kimsən?” “Mən Abdullah bin Amram” –dedi və başına gələnləri danışdı. Nəbilər Nəbisinin gözləri yaşardı, yaşlar yanaqlarına süzüldü, sevgiyə baxın. Rəsulullah “Deməli, sən Abdullahsan! Xeyr, bundan sonra sənin adın Zülbicadeyn olsun” dedi. Bu sözün mənasını bilirsinizmi? İKİ ÇUL SAHİBİ İNSAN deməkdir. Sonra səhabələrə “bu qardaşınızı geyindirin” deyəcəkdi. Zülbicadeyn sevincindən uçurdu. Mövlana kimi fırlanırdı həyəcandan. Allah Rəsulu ona ad qoymuşdu, bundan böyük şərəf vardımı? Sabah Allahın hüzurunda bu adı mənə sultanlar sultanı verdi deyə bilmək nə böyük şərəf. 

Peyğəmbərimiz səhabələrinə dostlarım demiş, bizə isə QARDAŞLARIM. Bu sözə nə qədər layiq olmağa çalışırıq görəsən? Onu geyindirdilər, amma adı Zülbicadeyn qaldı. Sevmək… Bi gecə yarısı oyanmaq, yerində dayana bilməmək… Ona həsrət qalmaq… Göz yaşlarına boğulmaq… Onu görə bilmək üçün dünyaları fəda edə bilmək…

İndi Zülbicadeyn Təbuk səfərinə gedir. Səfər əsnasında Rəsulullaha yaxınlaşdı və izin aldıqdan sonra: “Ey Allahın Rəsulu, mən şəhid ola bilərəmmi?” dedi. Çox qəribə arzu idi. Şəhid olmaq arzusu. Halbuki Təbukda döyüş olmayacaqdı. Amma o, bundan xəbərsizdi. Peyğəmbərimiz bir an sükutdan sonra dua etdi: “Ya Rəbb! Zülbicadeynin qanını cəhənnəm oduna haram et!” Amma o, bunu istəmirdi, şəhadət istəyirəm deyirdi. Ertəsi gün yenə eyni arzu ilə Rəsulullaha müraciət etdi. Rəsulullah yenə sükut etdi.

Təbuka yetişdilər. Çadırla quruldu. Zülbicadeyn aşa-aşa Rəaulullahın çadırına gəldi və: “Ya Rəsulallah bir söz deyə bilərəmmi?” –dedi. İzin aldıqdan sonra “Atam-anam sənə fəda olsun, şəhadətim üçün dua edərsənmi?” –deyə yalvardı. Nə böyük eşq!

Fəxri-Kainat (s.ə.s) baxdı və belə buyurdu: “Humma xəstəliyinə yaxalansan və ölsən, şəhid olarsan.” Zülnicadeyn: “Olarammı, ya Rəsulallah?” –deyə soruşdu. “Olarsan.” –dedi. Zülbicadeyn susurdu. Təbuk susurdu… Ertəsi gün Abdullah bin Amrı gördülər. Alnında tər damlaları vardı, halsız görünürdü gənc igid. Səhabələrdən biri nə olduğunu soruşduqda cavab verdi: “Qızdırmam var.” Qızdırmadan titrəyirdi. Rəsulullahın dediyi olmuşdu. Humma xəstəliyinə tutulmuşdu…

İbn Məsud deyir: Səhər vaxtı idi. Qarşıdan işıq gəlirdi, bir nurdu sanki. Diqqətlə baxdıqda Əbu Bəkr, Ömər və Rəsulullahı gördüm. Demə, o işıq Allahın Rəsulundan gəlirmiş. İbn Məsud davam edir: Gördüm ki, yerdə kəfənlənmiş bir cəsəd var. Səhabələr məzar qazırdılar. “Bu kimdir?” –dedim. Dedilər ki, “Zülbicadeyn hummadan öldü.” Səhər vaxtı vəfat etdi, Mövlasına qovuşdu. “Ya Rəsul! Şəhid olub Təbukda qalarammı?” –deyən Zülbicadeyn…

Allah Rəsulu şəxsən özü məzara enir. İbn Məsud hüznlənir. Rəsulullah: “Onu mənə tərəf uzadın” buyurur. Hz. Ömər və Hz. Əbu Bəkr deyiləni edirlər. İbn Məsud ağlamağa başlayır. Sonra Rəsulullah başını səmaya qaldırdı, duaların mərkəzinə doğru belə deyirdi:

“Allahım! Bu məzarda yatandan mən razıyam, Sən də razı ol!” İbn Məsud dizlərinin üstünə çökmüş və artıq hıçqırıqlarla ağlayır. Sonra İbn Məsudun səsi yüksələcək, səmanı titrədəcəkdi. Uzun illər keçsə də dillərdə dolaşacaq bu. Belə hayqıracaqdı:

“Kaş ki, bu məzarda Zülbicadeynin yerinə mən yataydım!!!

Kaş ki, qucaqlanan mən olaydım!!!

Kaş ki, Allah Rəsulunun “mən ondan razıyam, Sən də ol, ya Rəbb!” dediyi adam mən olaydım!!!”

Ölümə qalib gəlmək, ölümə gülümsəyə bilmək, ölümü arzulamaq bu imiş demək. Əshab Zülbicadeyni orada qoyub Mədinəyə qayıtdı. Qayıdarkən də qulaqlarda o səs vardı, “Şəhid olarammı, ya Rəsulallah!”

Ey Zülbicadeyn, kaş ki, sənin yerində biz olaydıq. Peyğəmbərimiz (s.ə.s) bizim üçün dua edəydi: “Mən ondan razıyam, ya Rəbb, sən də razı ol!” Allah Zülbicadeynin nail olduğu gözəlliyi bizə də nəsib etsin!

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz