Maiyyət: Allah İlə Bərabərlik

Maiyyət: Allah İlə Bərabərlik

Allah (c.c) ilə bərabərliyin yüksək bir şüur və idrak halında qəlbdə yaşanmasına maiyyət deyilir. Həmçinin maiyyət Haqq təalanın hər an bizimlə olduğunu bilərək, düşünərək və hiss edərək hərəkətlərimizi ona görə tənzim etməkdir.

Bu şüur və idrak Allah təalanın quluna ən böyük lütfüdür. Çünki bu hal qulun Rəbbi ilə dost olmasıdır. Dostluq sevənin seviləndə öz xüsusiyyətlərini görməsindən qaynaqlanır. Haqq təala ilə dostluğa nail ola bilmək üçün də Ondan uzaqlaşdırıcı hər şeydən təmizlənən qəlbin Rəhman, Rəhim, Afuv, Ğafur kimi cəmali sifətlərlə vəsflənməsi lazımdır.

Könlün Allah ilə bərabər olması dünya imtahanındakı müvəffəqiyyətin şəhadətnaməsidir. Bunun əksinə Haqdan qafil yaşanan bir həyatın nəticəsi də əbədi bir xüsran və peşmanlıqdan ibarətdir.

Aşağıdakı qissə Haqq təala ilə bərabər olmağın həqiqətini nə qədər də vəciz bir şəkildə ifadə edir:

 

Sən kiminləydin?

Bir vaiz kürsüdə axirətdən bəhs edirdi. Camaatın arasında Şeyx Şibli həzrətləri də vardı.

Vaiz, Haqq təalanın axirətdə soruşacağı suallardan bəhs edərək:

“- Elmini harada sərf etdiyini soruşacaq! Var-dövlətini haradan qazanıb, haraya xərclədiyini soruşacaq! Ömrünü necə keçirdiyini soruşacaq! İbadətlərini soruşacaq! Harama, halala diqqət edib-etmədiyini soruşacaq!..”

Sözlərinə davam edərək bir çox şeylər haqqında da Allahın qulunu hesaba çəkəcəyindən danışdı.

Vaizi dinləyənlər arasında Şibli həzrətləri mülayim bir ifadə ilə belə səsləndi:

“-Ey vaiz! Sualların ən mühümlərindən birini unutdun! Allah təala qısaca belə soruşacaq:

«Ey qulum! Mən səninləydim, sənə şah damarından daha yaxındım. Bəs sən kiminlə bərabər idin?»

Haqqa qulluqda bütün məsələ məhz bu şüura, idraka və belə bir qəlbi səviyyəyə sahib ola bilməkdir!..

Həqiqətən insan oğlu Rəbbi ilə bərabərliyi nisbətində haqq yolda və istiqamət üzrədir. Rəbbindən qafil qaldığı və Onu unutduğu ölçüdə də nəfsaniyyətin cahilliyinə və şeytanın hiyləsinə düçar olur. Qulun bu hala düşməməsi üçün Allah təala belə buyurur:   

“Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin! Onlar (Allahın itaətindən çıxmış) fasiqlərdir!” (əl-Həşr, 19)

İnsanın ruhu imtahan qayəsi ilə yaradıldığı üçün bu fani dünyada bədən qəfəsinə həbs edilmiş əzabkeş bir quş kimidir. Onun könlündə əsl vətənindən ayrı düşməyin cəfası vardır. Bu əzabı dəf edib səadətə çatdıracaq olan da Allah ilə bərabərlikdir. Ona görə də Haqq aşiqlərinin nəzərində ölümün tükürpərdici halı yox olur və ölüm Rəbbə vüslət yolçuluğu olaraq idrak edilir. Belə ki, əshabi-kiram da ölüm döşəyindəki xəstələrə Allah və Rəsuluna qovuşmaları yaxınlaşdığı üçün qibtə ilə baxmış, onlarla Könüllər Sultanı Peyğəmbərimizə salam göndərmişlər.

Şübhəsiz ki, ölümün hansı keyfiyyətdə təcəlli edəcəyi, yəni cənnət zövqü, yoxsa cəhənnəm əzabıyla nəticələnəcəyi ruhun bu aləmdə Rəbbi ilə nə qədər bərabər olduğuna bağlıdır. Ona görə də insan bu dünyada Rəbbi ilə bərabər olmalıdır ki, axirətdə də Rəbbinə dostluğun mükafatı olan nadir nemətlərə və ondan da dəyərli Cəmalullahı müşahidə şərəfinə nail ola bilsin.

Bu dünyada könlü Allah ilə olan bir mömin ömrünü nəfsaniyyətin cəhalətində ziyan etməz, zövq və əyləncə rəzalətinə düşməz, lazımsız macəraların arxasınca getməz, məntiqsizliyə, batilə, azğınlığa dalmaz, boş sevdalara aldanmaz, cahillər ona sataşdığı zaman onlarla həmsöhbət olmaz, dedi-qodularla ömür təqvimini ləkələməz, Haqq təala ilə dostluq içində yaşayar.

Mömin olan kəs ömrünü xeyirxahlıqla bəzəyər, Quran və sünnəni özünə rəhbər bilər, Allah rizasına uyğun işlərlə məşğul olar, mülkün həqiqi sahibini tanıyaraq malını və canını necə sərf edəcəyini bilər. Dini və əxlaqi qiymətinə kölgə salacaq şərlərdən və yerlərdən ruhunu qoruyar. İbadətlərə, xeyirxahlığa və söhbət məclislərinə rəğbətini artırar. Nəhayət Rəbbinin yer üzündəki bir şahidi olaraq özündən sonra fəzilətlərlə dolu xatirələr qoyub gedər.

 

Məni kiminlə zənn edirdin?

Dünya səltənətində Süleyman (ə.s)-ın səviyyəsinə heç bir bəşər çatmamışdır. Lakin dünya Həzrət Süleymanın könlünü məşğul etməmiş, Allah ilə bərabərliyinə mane olmamışdır.

Rəvayətə görə qiyamət günündə zəngin bir qul gətiriləcək. Allah təala:

“-Səni mənə qulluqdan uzaqlaşdıran nə idi?” deyə soracaq. O zəngin:

“-Ya Rəbb! Malımın çoxluğu məni məşğul etdu.” deyəcək.

Haqq təala Süleyman (ə.s)-ı misal göstərərək:

“-Sən, Süleyman qulumdan da zəngin idin? Onu niyə o qədər mülkü məşğul etmədi?” buyuracaq. (Bax: Bursəvi, Ruhul-Bəyan, IV, 258; Beyhəqi, Şuabul-İman, V, 202-203)

Həmçinin insan üçün ən qiymətli şey olan mal, can və övladdan imtahan nöqtəsində Eyyub (ə.s)-ın həyatı, həyatın hər mərhələsində Allah ilə bərabərlik şüurunun qazandırdığı səbir və şükrün müstəsna bir nümunəsidir:

Allah təala Eyyub (ə.s)-ı çox ağır imtahanlardan keçirdi. Əvvəlcə malını əlindən aldı. Sonra güclü zəlzələ ilə uşaqlarını aldı. Daha sonra da vücuduna sağalmaz bir xəstəlik verdi. Eyyub (ə.s) illərlə davam edən bu xəstəliyi boyunca heç bir şikayət və fəryad etmədi. Xanımı Rəhimə xatın ona:

“-Sən bir peyğəmbərsən, duan məqbuldur. Dua et, şəfa tap!” dedi.

Həzrət Eyyub (ə.s) isə:

“-Allah mənə səksən il səhhət verdi. Xəstəliyim isə hələ səksən il olmadı. Bir neçə ildir ki, xəstəyəm. Haqq təaladan səhhət istəməyə həya edirəm!” buyurdu.

Nə vaxt ki, xəstəliyi qulluq vəzifələrini könül rahatlığı ilə icra etməyə mane olmağa başladı, o zaman Allah təalaya dua etdi. Rəvayətə görə bu həqiqəti Peyğəmbərimiz (s.ə.s) belə ifadə etmişdir:

“Allah təalaya and içirəm ki, Eyyub bəladan inləmədi, sızlamadı. Lakin yeddi il, yeddi ay, yeddi gün, geddi gecə əzab-əziyyət içində qaldı. Ayaqüstə namaz qılmaq istədi, dura bilmədi, yıxıldı. Haqq yolundakı xidmətində qüsur gördükdə isə (Rəbbinə yalvararaq): “Mənə həqiqətən də xəstəlik qalib gəldi” dedi.” (Bax: Qurtubi, Təfsir, XI, 323, 327)

Onun bu dastanlaşan səbri və təslimiyyəti nəticəsində Allah təala bütün dərd və sıxıntısını dəf etdi və ona əvvəlki həyatını eynilə qaytardı.

Eyyub (ə.s) bu xəstəlikdən qurtulduğu ilk gecənin səhərində dərindən bir “ah!” çəkdi. Səbəbini soruşdular, dedi ki:

“-Hər gecə dan yeri ağaranda “Ey bizim xəstə qulumuz, necəsən?” deyə bir səs eşidirdim. İndi yenə o vaxt gəldi, ancaq: “Ey bizim sağlam qulumuz, necəsən?” səsini eşitmədim. Ona görə də kədərləndim.”

 

Ən acı xəstəlik

Rəvayətə görə İsa (ə.s) bədənində qotur olan və xəstəlikdən iki gicgahı da içəri batmış bir şəxslə rastlaşdı. O şəxs məruz qaldığı xəstəliklərdən sanki xəbərsiz bir halda öz-özünə:

“-Ya Rəbb! Sənə sonsuz həmd-sənalar olsun ki, insanların bir çoxunu mübtəla etdiyin dərddən məni xilas etmisən!..” deyirdi.

İsa (ə.s), həmsöhbətinin idrak səviyyəsini anlamaq və mənəvi kamalını yoxlamaq məqsədilə ona:

“-Ey qardaş! Allahın sənin xilas etdiyi hansı dərd var ki?!” dedi.

Xəstə belə cavab verdi:

“-Ey Ruhullah! Ən dəhşətli xəstəlik Haqdan qafil və məhrum olmaqdır. Şükürlər olsun ki, mən Allah təala ilə bərabər olmağın zövq, ləzzət və feyzi içindəyəm. Sanki vücudumdakı xəstəliklərdən xəbərim belə yoxdur...”

Allah təala bizi ən dəhşətli xəstəlik olan Haqdan qafil qalmaqdan qorumaqda və ayeyi-kərimələrdə qullarına yaxınlığını, hər an onlarla olduğunu bəyan etməkdədir:

“Siz harada olsanız, O sizinlədir...” (əl-Hədid, 4)

“...Biz ona şah damarından da yaxınıq!” (Qaf, 16)

“...Bilin ki, Allah insanla onun qəlbi arasına girər...” (əl-Ənfal, 24)

“Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır...” (əl-Bəqərə, 115)

Bu xüsusla əlaqəli olaraq hədisi-şərifdə də:

“İmanın ən üstün mərtəbəsi, harada olursan ol, Allahın səninlə bərabər olduğunu bilməndir.” buyurulmuşdur. (Heysəmi, I, 60)

 

Yarın hüzurunda...

Allah təala hər an və hər yerdə bizimlə bərabərdir. Mühüm olan bizim də hər an və hər yerdə Onunla bərabər ola bilməyimizdir. Bu şüurla edilən kiçik bir əməl belə, dağlar qədər böyüyərkən, Haqdan qafil olaraq edilən heç bir şeydə xeyir yoxdur. Belə qafil bir könül ilə qılınan namaz ruhsuz, verilən sədəqə boş, edilən dua qarşılıqsız, tövbə də yenidən bir tövbəyə möhtacdır.

Aşağıdakı qissə bu həqiqəti nə gözəl izah edir:

Leylinin eşqi ilə çöllərə düşən Məcnun, qəflət içində namaz qılan bir nəfərin qarşısından keçir. Namaz qılmaqda olan şəxs salam verib namazdan çıxdıqdan sonra hiddətlə səslənir:

“-Bilmirsənmi, namaz qılanın qarşısından keçmək olmaz?!”

Məcnun o şəxsə belə cavab verdi:

“-Mən, Leylinin eşqindən səni görmədim?! Bəs sən, hüzurunda namaz qıldığın Allahın eşqindən məni necə görə bildin?!”

 Demək ki, bu fani könlü belə, aşiq olduğu kimsəyə dair hissiyyat bürüyər. Onun gözü başqa bir şey görməz. Bunun kimi, Haqq aşiqlərinin ibadətləri də Allah ilə kamil mənada bir bərabərlik iqlimində təcəlli edər. Bu könül Allah ilə bərabərlik zirvəsinə hansı nisbətdə yaxındırsa, ibadətləri də o nisbətdə səviyyə qazanar.

Həzrət Aişə anamız buyurur ki:

“Rəsulullah (s.ə.s) namaz qıldıqda bəzən köksündən qazan qaynaması kimi səs gəlirdi.” (Əbu Davud, Salət, 157; Nəsai, Səhv, 18)

Həzrət Əli (r.a) da ibadətlərini müstəsna bir xüşu iqlimində edərdi. Bir müharibədə ayağına ok batmışdı. Şiddətli ağrı səbəbilə oxu çıxara bilmədilər. Həzrət Əli (r.a):

“-Mən namazda ikən siz oxu çıxardın!” dedi.

Dediyi kimi etdilər. Heç bir çətinlik çəkmədən oxu çıxardılar. Həzrət Əli salam verib: “Nə etdiniz?” deyə soruşduqda, “Çıxardıq.” dedilər.

Misallardan da göründüyü kimi, qəlbi Allah ilə olanın ibadətindəki xüşu və mənəvi həzz başqadır.

Digər tərəfdən maiyyət, yəni Allah ilə bərabərlik şüuru sadəcə ibadətlərə məxsus deyil. O, möminin bütün həyatına yön verən bir könül halıdır. İbadətlər qədər ailə həyatını da, ictimai həyatı da, qazancı da, xərcləməni də, xülasə bütün bəşəri davranışları nizama salan mənəvi bir həssaslıqdır...

 

Qəflətin acısı

Həyatın eniş-yoxuşları qarşısında həmd, riza, təslimiyyət və şükür göstərəcəyi yerdə nankorluq, şikayət, etiraz və nadanlıq göstərən bir könül Allah ilə bərabərlik həssaslığını itirmiş olur.

Belə ki, bir qul nə qədər Rəbbi ilə bərabərdirsə, Rəbbi ona şani-uluhiyyətinin fəzl və kərəmilə daha çox yaxın olar. Çünki Haqq təalalanın quluna olan məhəbbətinin bəşər idrakına təqdim edilmiş bir misalını nəql edən bir hədisi-şərifdə (Bax: Buxari, Tövhîd 15, 35, 55; Müslim, Tövbə 1, Zikr 2, 19) ifadə edildiyi kimi, bir qul Rəbbinə bir qarış yaxınlaşarsa, Rəbbi ona bir arşın yaxınlaşar. Qul Rəbbinə yeriyərək gələrsə, Rəbbi ona qaçaraq gələr. Onu zikr etdiyi hər yerdə onunla olur, rəhmət və yardımını ondan əsirgəməz.

Bu bir həqiqətdir ki, maddi və mənəvi rifah içində ikən Rəbbini unutmayan və Onunla bərabər olan bir könül, hər hansı bir sıxıntıya düşdüyü zaman Rəbbini yanında görər. Qul imtahan edildiyi çətinlik və sıxıntılara səbir edib əcrini umarsa, Allah ona səbir və dözümü asanlaşdırar. Əgər qurtulmağı diləyərsə, Allah ona nüsrət və rəhmətilə kifayət edər.

Allah təala faili-muxtardır, yəni fellərində sərbəstdir. O, qullarını nemətlə də, məhrumiyyətlə də sınağa çəkər.Ağır imtahanlarda belə, qulun Rəbbi ilə bərabər olması, onun imandakı sədaqətinin sübutudur. Buna görədir ki, Allah təala ən çətin imtahanları ən çox sevdiyi qullarına vermişdir. Ayeyi-kərimədə buyurulur:

“Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş cənnətə daxil olacağınızımı güman edirsiniz? Onları (şiddətli) fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: "Allahın köməyi nə vaxt gələcək?" - demişdilər. Bilin ki, Allahın köməyi yaxındır!” (əl-Bəqərə, 214)

Ona görə də bir müsəlmanın çətinliklərlə qarşılaşdığında ümidsizcə sızlanmağa və: “Qulu olduğum Allah nə üçün bu çətin zamanımda yanımda deyil?” qəbilindən sonu küfrə aparan ifadələri işlətməyə əsla haqqı yoxdur. Çünki bu imtahan aləmində Allah qulunu imtahan edər, haşa, qul Rəbbini deyil!

Bu səbəblə həyatın çətinlikləri ilə qarşılaşan mömin:

“Qəm yemə, Allah bizimlədir!” (ət-Tövbə, 40) ayəsindəki maiyyət, yəni Allahla bərabər olma təlqinini xatırlayıb Onunla bərabərlik və dostluğun sevincini yaşamalıdır.Dünya imtahanında ən çox çilə dairəsindən keçən peyğəmbərlər və saleh qullar da daima bu sevinci yaşamış və ətraflarına bu sevinci saçmışlar.

Unutmamaq lazımdır ki, könülləri Allah ilə olan kamil möminlərə dünyada da, axirətdə də kədər və qorxu yoxdur. Haqq təala onlara son nəfəslərində olan ikramını və müjdəsini belə bildirir:

“Şübhəsiz: "Rəbbimiz Allahdır!" - deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): "Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!” (Fussilət, 30)

Haqq təalanın rəhmətinin coşub-daşdığı üç aylar mövsümündə olduğumuzu unutmayaq. Bu aylar mənən bərəkətli bahar yağışları kimidir. Məhz belə mübarək aylarda ruhundan aləmə rəhmət daşan, mərhəmətin zirvəsinə yüksələn, əfv edə bilməyin həzzini duyan, çilə və iztirabları səbir silahıyla dəf edən, Haqqın rizasının ləzzəti içində heç kimsəni incitməyən və heç kimsədən inciməyən, Xaliqin nəzərilə məxluqata çiçəklər kimi təbəssüm edən möminlər necə xoşbəxtdirlər!

  Allah təala bizə, özü ilə maiyyət duyğumuzu artıraraq bu mübarək ayların bərəkətindən layiqincə istifadə edə bilməyi nəsib etsin!

Rəbbimiz hər zaman və məkanda Allah ilə bərabərlik şüurunu könüllərimizin səadət xəzinəsi qılsın! Bizi bu dünyada maiyyət iqlimində yaşadıb, axirətdə də uca camalını müşahidə neməti ilə şərəfləndirdiyi məsud və bəxtiyar qulları arasına qatsın!

Amin!         

 

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz