Könül Kəbəsini Təvaf Et!

Könül Kəbəsini Təvaf Et!

Qəlblə bağlı bu günə qədər çox söz deyilmişdir, bundan sonra da demək olar və deyiləcəkdir. Çünki insan adlanan varlığın bütün hiss və duyğuları qəlb adlanan məkandan keçir.

 Mərhəmət, şəfqət, sevgi, insaf, vicdan. Hər nə qədər bəziləri vicdanın yerinin qəlb olmadığını iddia etsə də “əlini vicdanına qoy” deyildikdə hər kəs əlini ürəyinin üstünə qoyur. Qəlb insanın ən əsas, eyni zamanda ən həssas orqanıdır. İstər maddi mənada olsun, istərsə də mənəvi mənada qəlb olmadan yaşamaq mümkün deyil. İnsanı insan edən ən başlıca dəyərdir qəlb. Hz. Peyğəmbərin bu xüsusda dediyi “Allah sizin cismlərinizə və surətlərinizə baxmaz. Ancaq qəlblərinizə nəzər edər” kəlamı Uca Mövlanın qəlbə nə qədər dəyər verdiyini ortaya qoyur. Əslində bütün əməllərimiz, ibadətlərimiz də qəlbimizin o an hansı səviyyədə olmasına görə məqbul və ya qeyri-məqbul sayılmırmı?

Allah öz yaratdığı bəndələrinin qəlblərinə nəzər edər. Bəndələr də insani münasibətlərdə qəlbi diqqətə almalıdırlar. Doğrudur, hamı Allah dostu deyil ki, digərlərinin qəlbi səviyyəsini anlaya bilsin. Lakin həyata keçirdiyimiz hər bir əməl, atdığımız hər addım qəlbin məhsuludur və qəlbi səviyyəmizdən xəbər verir. Təəssüflər olsun ki, bu gün insani əlaqələrdə daha çox məqam, mövqe və maddi imkana diqqət yetirilir. Molla Nəsrəddinin “Ye kürküm, ye!” lətifəsini bilməyənimiz yoxdur. Rəhmətlik bu gün yaşasaydı “ye vəzifəm, ye”, “ye villam, ye”, “ye maşınım, ye!” deyərdi hər halda. Əfsuslar olsun ki, bu gün insanın daxili keyfiyyətlərindən çox xarici görünüşünə, imkanlarına dəyər verilir. Bu da şeytanın biz nsanları şeytaniləşdirmə səylərinin müəyyən qədər müvəffəq olmasından xəbər verir. Çünki o da Hz. Adəmin zahiri görünüşünə baxmış və Haqqa üsyan etmişdi. Bu mənada sırf zahiri xüsusiyyətlərə əhəmiyyət verən insan şeytani yola təslim olmuş deməkdir. Halbuki bizi yaradan və qəlblərimizi bizdən də yaxşı bilən Allah təala Hucurat surəsinin 13-cü ayəsində “Allah yanında ən hörmətli olanınız ən təqvalı olanınızdır ( Allahdan ən çox qorxanınızdır)” -buyurur. Üstünlük və fəzilət səbəbi yalnız təqvadır. Təqvanın yeri də yalnız qəlbdir.

İslam düşüncəsində qəlb nəzərgahi ilahi sayılır. İnsanın ən mərkəz nöqtəsi və Allahın hüzuruna çıxarılacaq ən qiymətli varlıqdır qəlb. Əslində qəlbimiz o qədər təmiz olmalıdır ki, onu insanlardan gizlətmək ehtiyacı duymamalıyıq. Bir Allah dostunun sözü var: “Qəlbini ovcuna alıb hər kəsin önünə qoya bilmək...” Necə də möhtəşəm! Təmizlənmiş, paklanmış, kin, həsəd və bu kimi kirlərdən arınmış qəlbə sahib olmaq və onu da hər kəsə könül rahatlığı ilə təqdim edə bilmək. Qəlb şeytani və rəhmani qüvvələrin cəng meydanıdır. Qəlb qalasını şeytana təslim etməmək lazımdır. Qəlb imanla dolu olduğu zaman həqiqi mənada qəlbdir. Yoxsa, şair Mehmed Akif Ersoyun dediyi kimi:

“İmandır o cövhər ki, ilahi, nə böyükdür!

İmansız olan paslı ürək sinədə yükdür.”

 

Qəlb nəzərgahi-ilahidir. Bu səbəblə bizim mədəniyyətimizdə qəlb qırmaq ən ağır cinayətlərdən sayılır. Bu gerçəyi dərdli Yunus necə də gözəl dilə gətirir:

“Könül Çalabın taxtı,

Çalab könülə baxdı.

İki cahan bədbəxti

Kim könül yıxar isə.”

 

Şərqin dahisi Hz. Mövlana da Məsnəvisində belə buyurur:

“Əgər sənin könlün varsa, könül kəbəsini təvaf et! Torpaqdan tikilmiş sandığın Kəbənin mənası qəlbdir.

Allah görünən və bilinən surət kəbəsini təvaf etməyi kirlərdən təmizlənmiş bir könül kəbəsi əldə edəsən deyə sənə fərz qılmışdır.”

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz