Qardaşlıq -İsar
Vüqarla Fikrət Sovetin vaxtında xidmət elədikləri desant qoşunlarında dostlaşmışdılar. Qonşu alayın, batalyonun əsgərləriylə dalaşmışdılar, bir yerdə döyüb-döyülmüşdülər, altı-bazar bir yerdə şəhərə çıxmışdılar. Qonşu batalyonda xidmət edən cavan əsgələri döyüb şil-küt etdiklərinə görə,batalyon komandirləri hər ikisini üç günlüyə qubbağasalanda(haupvaxta: qısa müddətli həbs cəzası)Fikrət Vüqara demişdi: “Həə, Vüqar, ölmədik bu günü də gördük”.
Əsgərlik bitdi, Vüqar doğulub, boya-başa çatdığı Cəbrayıla, Fikrətsə Nəvahiyə qayıtdı. Sonra ermənilər Moskvadan Dağlıq Qarabağı tələb eləməyə başladı. Mitinqlər, ilk toqquşmalar, ilk qurbanlar oldu. Vüqar könüllü dəstələrdən birinə qoşulub,ov tüfəngiylə vətəni qorumağa başladı. Həm o tərəfdə, həm bu tərəfdə döyüşənlərtüfəngdən avtomata, pulemyota, Alazandan Qrada, zirehli döyüş maşınlarından tanklara keçəndə,aydın oldu ki, artıq əsl müharibə gedir.
Vüqarartıq xüsusitəyinatlı Gəncə batalyonunda vuruşurdu. Bu batalyon səhər saat dörddə-beşdə qəfildən ermənilərin postlarına hücum edir, oranı alır, mövqeləri möhkəmləndirir, sonra postu bizim əsgərlərə təhvil verirdi. Yeri gəlmişkən, bu batalyon Ağdərənin alınmasında da iştirak etmişdi.
Günlərin bir günü mövqe tutduqları meşədə dostu Fikrət gəlib onu tapdı. Qucaqlaşdılar, öpüşdülər, kövrəldilər. “Sən hara, bura hara?” – deyən Vüqar hələ də gözlərinə inanmırdı.Oturdular, ümumi hal-əhvaldan sonra əsgərlikdə dalaşmaqlarından tutmuş şəhərdə qızlarla tanış olmalarına qədər başlarına gələn macəralardandanışdılar. Ocaqda bişmiş kələpur yedilər.Yeməyi yeyib-qurtarana yaxın uzaqdan atışma səsləri gəlməyə başladı.
– Hə, Fikrət, sən dur, yavaş-yavaş get burdan. Çox sağ ol ki, gəldin məni tapdın, mən də səni gördüm çox sevindim. Hesab elə ki, ömrümü uzatdın, – Vüqar dostuna dedi.
– Lap yaxşı ki, ömrünü uzatdım, ay dost. Amma burdan getmək söhbətini unut. Mən gəlmişəm sənlə bir yerdə vuruşmağa. Təkcə səni görməyə gəlməmişəm ki.Nə də kələpur yeməyə gəlmişəm, – Fikrət gülə-gülə sönmüş ocaqdan asılmış qazanı göstərdi.
– Sən deyəsən, mənlə məzələnirsən. Vuruşmaq nədi? Çıx get evinə, dədən-anan evdə səni gözlüyür.
– Məzələnmək nədi, gəlmişəm vuruşmağa. Zarafat-zad eləmirəm mən.Vuruşa bilməsəm, deyərdim, sən düzsən. Amma əsgərlikdə avtomat atmağımı da görmüsən, tank sürməyimi də.
– Ay Fikrət, sən ölənlərinin goru, tərslik eləmə. Çıx get deyirəm sənə. Mən sənin yerinə vuruşuram.
– Mən də sənə deyirəm ki, öz yerimə vuruşmağa gəlmişəm, sənin yerinə yox...
Dostunu öz evinə göndərmək istəyən Vüqar tək onu yox, ata-anasını da düşünürdü, – fikirləşirdi ki, birdən Fikrətin valideynləri elə bilər oğullarının cəbhədə qalmağının səbəbkarı o olub.Ona nə isə olsaydı,sonra valideynlərinin üzünə necə baxacağını fikirləşirdi. Qısası, Vüqar dostunu fikrindən döndərə bilmədi və Fikrəti Gəncə batalyonuna götürdülər. Beləcə, dostlar çiyin-çiyinə ermənilərə qarşı vuruşmağa başladılar.
Hər dəfə ermənilər onlara tərəf Qraddan, minaatanlardan mərmi atanda, hər snayper gülləsi başlarının üstündən vıyıltıyla uçub gedəndə,Vüqar tez özünü dostunun qabağına verirdi. Bir dəfə Fikrət əliylə alnına vurubgülə-gülə demişdi: “Eh, ay qardaş, alnıma yazılıbsa, o güllə, ya Qrad snaryadı (mərmisi) gəlib elə mənim bu alnıma dəyəcək. Ona görə özünü həlak eliyib qabağıma keçmə”.Bu sözlərdən sonra Vüqar lap xoflanmışdı, ona elə gəmişdi ki, dostu artıq öz ölümünü hiss elədiyinə görə belə deyir. Hər axşam Allaha yalvarırdı ki, Fikrətə yox, ona dəysin güllə, ya da heç olmasa,qəlpə, ya güllə onun sümüyünə dəyməsin, eləcə ətini zədələsin. Fikirləşirdi ki, Fikrət yüngül yara alsa, bu dəfə onu inandırıb, elə xəstəxanadanca Nəvahiyə evlərinə yollayacaq.
1992-ci ilin 12 iyununda Azərbaycan ordusu irimiqyaslı hücuma keçdi, Cəbrayıldakı əsgərlərinHadrutun kəndlərini erməni döyüşçülərindən azad eləmək üçünhəyata keçirdikləri Ağyol əməliyyatındaFikrət çiynindən yaralandı. Yara elə də ağır deyildi, – qabaq tərəfdən dəyən güllə çiyin sümüyünə toxunmadan arxa tərəfdən çıxmışdı. Dostunu xəstəxanaya çatdıran Vüqar həkimin ona: “Qorxulu bir şey yoxdu, narahat olma,” – deməsindən sonra həm rahatlandı, həm də bir az sevindi. Nəhayət ki, bu dəfə dostunu öz evlərinə göndərməyə razı sala biləcəyinə bərk ümidliydi. Fikrət xəstəxanada olanda, onların vuruşduğubatalyonu Qubadlıya atmışdılar.Vüqara elə gəlmişdi ki, yarası sağalandan sonra dostu onu Cəbrayılda axtarıb, tapammayıb nəhayət ki, Nəvahiyə gedəcək.
Fikrət sağaldı, ayağa durdu vəaxtarıb-arayıb dostunu Qubadlının Güləbird kəndində tapdı. Yenə mübahisələr, qışqırıq, əsəbi tonda bir-birinə ağır sözlər dedilər. Yenə Fikrət öz dediyindən əl çəkmək istəmədi, dedi ki, burdan gedən deyiləm, qalıb səninlə burda vuruşacam. “Ay dost, axı sən məni ata-ananın qarşısında pis vəziyyətdə qoyursan. Elə şey var, adam deyə bilmir, gərək özün başa düşəsən məni, balaca uşaq deyilsən axı”, – Vüqarın yalvarışlı sözlərinin xeyri olmadı.
Yenə bir neçə ay çiyin-çiyinə vuruşdular, kəndlər aldılar, irəli getdilər, sonra ermənilər əks-hücuma keçdi, bizimkilər bəzi postları itirdi və dostlar yenə Cəbrayıla qayıtdı. Günlərin birində Cəbrayılın Süleymanlı kəndində Xırmanlıq deyilən yerdə iki dost ermənilərin qəfil mühasirəsinə düşdü. Avtomatdan atılan güllələrdən biri Fikrətin zirehli jiletini deşib qarnına girdi. Bundan xəbər tutan Vüqar ondan soruşdu ki, yeriyə bilirsənmi? “Hə” cavabını alan kimi Vüqar “Oldu, onda sən düş dərəyə,” – dedi vəbaşladı avtomatla ermənilərə tərəf aramsız atəş açmağa.Vəziyyətdən istifadə edən Fikrət əyilə-əyilə dərə tərəfə qaçmağa başladı. Az sonra ermənilərin qumbaraatandan atdığı atəş nəticəsində Vüqar hər iki ayağından yaralandı.
– Məllim, ağrıdan hiss elədim ki, qranatamyotun mərmisisümüklərimə dəyib. Başa düşdüm ki, ancaq sürünə-sürünə ordan aralana bilərəm. Başladım avtomatla güllə ata-ata sürünməyə. Başımın üstündən güllələr vıyıldayır, mən də sürünürəm qayaya tərəf. Eyni vaxtda da fikirləşirəm ki, ay Allah, görən, Fikrət gedib bizimkilərin postuna çıxa bildimi, – Vüqar iyirmi iki il sonra o döyüşdə başına gələnləri mənə danışırdı...
Vüqar qayaya yaxınlaşanda,Allahın möcüzəsi baş verir: saçları “rastyajka” deyilən piyada əleyhinə minanınağacın gövdəsinə bağlanmış simlərinə ilişir və adətən, partlamağa “həssas” olan minapartlamır.Ehmalca minanın simlərini saçlarından aralayır, sürünərək gəlib qayanın başına çıxır. Hardasa üç metrlik hündürlükdən yerə hoppanır,onsuz da mərmidən yara almış ayaqları bu dəfə yenə bir neçə yerdən sınır.Sonra bizim postda olan döyüşçülərhər ikisini QAZ-53-ün yük yerində başqa yaralılarla bir yerdə Cəbrayıl mərkəzi xəstəxanasına gətirirlər.
Tibb bacıları palataya daxil olub Vüqarı əməliyyat otağına aparmaq istəyəndə, Vüqaronu əməliyyat edəcək Təyyar həkimlə qohum olduğunu etiraf edib deyir ki, siz yaxşısı budu həkimi bura çağırın.Tibb bacılarından biri deyəndə ki, bu, mümkün deyil,bizə səni birinci əməliyyat otağına aparmaq tapşırılıb,mübahisə başlayır.Ağrıdan tərləyib qızarmış Vüqar yerindən tərpənməyəcəyini deyir və iki dəqiqəlik də olsa,həkimin palataya gəlməsini israrla xahiş edir.
Əlacsız qalan tibb bacılarından biri palatadan çıxır, az sonra həkimlə palataya qayıdır. Palataya girən kimi Təyyar həkim əsəbi-əsəbi qohumunun üstünə çəmkirir ki, niyə “sestraların” (tibb bacıları) sözünə qulaq asmırsan,mübahisə eliyirsən. Vüqar başıyla qonşu çarpayıda uzanan Fikrəti göstərib deyir ki, qadan alım, ay doxtur, sən əvvəlcə dostuma bax, mənimləsonra məşğul olarsan. Əlavə edir ki, eybi yox, mən ağrılara dözərəm. “Bir də ki, bu adam lap deyək heç dostum deyil, Nəvahidən durub gəlib burda Cəbrayılda vuruşur. İnsafdan olmaz axı, o ağır yaralı ola-ola məni apirasiya eliyəsiz”.Fikrət isə deyir ki, həkim, o qələt eliyir, dözməyə qalsa, mən dözməliyəm, mən bir yerimdən yaralanmışam, o beş yerdən.“Bir də, o məni xilas eliyib, erməninin mühasirəsindən çxarıb, ona görə birinci ona baxın”.Həkim gah öz qohumuna baxır, gah da dostuna, heç nə demir,baxışlarıyla tibb bacılarına göstəriş verir ki,Fikrəti xərəyə qoysunlar.
Həmin gün əvvəlcə əməliyyat masasında Fikrətin zirehli jiletini deşib qarnının çox da dərinliyinə getməyən, dərisini dəlib bir-iki santimetr içəri irəliləyən mərmi qəlpəsini çətinlik çəkmədən, – bu dəfə də Allah Vüqarın duasını eşitmişdi, güllə sümüyünə dəyməmişdi, – tapıb çıxartmışdılar. Sonra isə Vüqarın hər iki ayağının baldır hissəsində sınmışsümüklərini,dağılmış daban-topuqlarını birləşdirib, hər iki ayağını gipsə salmışdılar.
Sonrakı günlər dostlar əsgərlik vaxtlarını xatırlayanda, çalışırdılar başlarına gələn gülməli hadisələrdən danışmasınlar, – onda biri qarnında, o biri isədəmir asılqandan asılmış gipslənmiş ayaqlarında ağrı hiss edirdi.
ŞƏRHLƏR