Dəyişməyən insan

Dəyişməyən insan

“Nəhayət Nuh (ə.s) Rəbbinə yalvarmağa başladı: Ey Rəbbim, mən məğlub oldum, mənə yardım et...”

Dünyanın çox çətin bir dövrünü yaşayırıq. Hara baxsaq qəzəb, şiddət, zorakılıq, bədbəxt hadisələr və s. İnsanoğlunun işlədiyi hər günah üçün bir qara nöqtə qoyulsaydı, yəqin ki, bu gün dünyada ağ rəngi görməyə həsrət qalardıq. Bir çox insan boş vaxt tapıb oturub fikirləşəndə deyir ki, “Allah niyə bu insanlara belə vəhşiləşməyə imkan verir, əlimdə olsaydı bu pis adamların hamısını birdən yox edərdim”. 

İnsan özü iç aləmi ilə baş-başa qalanda belə deyir. Amma başqa biri ilə qarşı-qarşıya qalanda, mənfəətləri toqquşanda bütün bunları unudaraq yalnız öz xeyrini, öz faydasını düşünür. Öz rahatı üçün fəda etməyəcəyi heç nəyi yoxdur insanın. Bəs yaxşı, çıxış yolu nədir? Görəsən, bu labirintdən çıxmağın bir yolu varmı? Bu vəziyyətdən çıxmaq üçün çıxış yolu axtaran ilk insan biz deyilik. Bu məsələyə qlobal çıxış yolu axtaranlardan biri və məncə ilki Həzrət Nuh peyğəmbər idi. Bunu onun Quranda keçən dualarından, Allaha yalvarışlarından başa düşürük. Ondan əvvəl insan yox idimi? Əlbəttə ki, var idi. Deyilənə görə, Həzrət Adəmdən bu yana təxminən min ildən çox keçmişdi. Adəmin belə bir problemi yox idi. İnsanlar onunla yayılırdı dünyaya. Sözünə baxmayan, günah işləyən olanda da, Qabil kimi cəzalandırıb qəbilədən uzaqlaşdırırdı. Belə bir bənzətmə eləsək yəqin ki, səhv olmaz: yeşikdəki almaların çürüməyini əngəlləmək üçün çürük olanı götürüb qırağa qoya bilirdi. Amma Nuhun dövrü belə deyildi. Bu səfər çürük almalar çoxluq təşkil edirdi və sağlam qalanları isə “siz çox təmizsiniz” deyərək uzaqlaşdırmağa çalışırdılar.

Tapındıqları bütlərini buraxa bilmədilər, öyrəşdikləri vərdişləri tərk edə bilmədilər, kasıblarla, zəiflərlə bir cərgəyə düzülə bilmədilər. İnsan üçün ən çətin şeydir vərdiş elədiyini tərgitmək. Dağdan üzüaşağı diyirlənən təkərli arabanı durdurub bir də üzüyuxarı qaytarmaq çox çətindir. Üzüaşağı getmək asan olduğu üçün elə insan da hər zaman aşağı düşməyə meyillidir. O dərəcədə ki, Quranın ifadəsi ilə desək, ən aşağı mərtəbəyə, heyvandan da daha aşağı mərtəbəyə enməyə həvəskardır. Ən sadə bir misal verəcək olsaq, heyvanlar heç olmasa qarnı acanda ovlanır, bir-birinin ətini yeyir. İnsan isə çox vaxt bitməyən ehtirasları səbəbi ilə, doymayan dünyəvi arzuları səbəbi ilə ağlını, idrakını, düşüncəsini və mərhəmət hisslərini bir qırağa qoyur, özünü və qarşısındakını ölümə, dəhşətə, faciələrə  sürükləyir. Bax belə insanların içində qalan Həzrət Nuh da bir gün “illallah” dedi. O demədi, ona dedirtdilər. Çünki o, bu sözü deməmək üçün 950 il səbirlə çalışdı, danışdı, anlatdı, haqqa çağırdı. Son çarə olaraq dedi ki: “Ya Rəbbi, yer üzündə heç bir inkarçı buraxma, buraxsan, sənin qullarını doğru yoldan azdırarlar, əxlaqsız və imansız nəsillər yetişdirərlər...” Bir çox qaynaqlara görə bu hadisə başverdiyi zaman insanlıq tarixi hələ 1500 yaşında idi. Nuh da çıxış yolu olaraq bütün imansızların məhv edilib yeni, təmiz bir nəsil yetişdirərək yer üzündə küfrün, inkarın və əxlaqsızlığın kökünü kəsmək istədi. Allah-Təala bunun bu şəkildə mümkün olmadığını bilirdi, amma bizə göstərmək üçün Nuhun duasını qəbul elədi. Nuhun təbliğini qəbul etməyən bütün inkarçılar, hətta Nuh onu qurtarmaq istədiyi halda öğ oğlu belə inkarçılardan olduğu üçün bu bəlalı gündə məhv oldu. Tufandan geriyə ancaq iman əhli olan səksənə yaxın insan qaldı. Onların arasından da yalnız Nuhun oğulları vasitəsi ilə insan nəsli davam elədi. Buna görə də Nuha insanlığın Adəmdən sonrakı ikinci atası deyildi. Nuh uzun təbliğ illərinin arxasından öz tərbiyəsi ilə, tərtəmiz bir nəsil ilə insanlığı yenidən başlatmağa nail oldu. Bəs alındımı?! Həzrət Nuhdan sonra, görəsən, insanlar neçə il qan tökmədən, bir-birini incitmədən, haram yemədən, əxlaqsız hərəkət etmədən dözə bildilər? Demək ki, çıxış yolu hamısını birdən yox eləmək deyilmiş. Aradan min illər keçib, amma insan dəyişmir, içindəki ehtirasa məğlub olan kimi vəhşiləşir, cahilləşir. Qurani-Kərimdə Allah-Təala insan haqqında deyir: “nankor insanı inkara yönəldən nədir?” Belə deyir, amma yenə də möhlət verib yaşadır. Zülm, əxlaqsızlıq, imansızlıq, qısacası, haqqı inkar onun rizası daxilində deyil, amma bu dünyaya Rəhman sifəti ilə nəzər saldığı üçün möhlət verir. Bəs biz nə edirik?! Həzrət Nuh kimi hər şeyin birdən dəyişməyini istəyirik, yoxsa “hər nəfsin qazandığı  özü üçündür” deyərək öz hesabımızı necə verəcəyimizi düşünürük? Bütün insanlara mərhəmət onları haqqa dəvətlə olur. “Bəlkə içlərindən elm əhli nəsillər çıxacaq”,- deyərək Taifin məhv olmasına razı olmayan rəhmət peyğəmbəri Həzrət Muhammədin qəlb hissiyyatı, görəsən, nə qədər qəlblərimizə işıq salır?

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz