BİR HƏDİS

BİR HƏDİS

عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ مَنْ دَعَا إِلَى هُدًى كَانَ لَهُ مِنْ الْأَجْرِ مِثْلُ أُجُورِ مَنْ تَبِعَهُ لَا يَنْقُصُ ذَلِكَ مِنْ أُجُورِهِمْ شَيْئًا وَمَنْ دَعَا إِلَى ضَلَالَةٍ كَانَ عَلَيْهِ مِنْ الْإِثْمِ مِثْلُ آثَامِ مَنْ تَبِعَهُ لَا يَنْقُصُ ذَلِكَ مِنْ آثَامِهِمْ شَيْئًا

Əbu Hüreyrədən(r.ə) rəvayət olunduğuna görə Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: 

Kim hidayətə (doğru yola) dəvət edərsə, o kəs ona tabe olanların savabı qədər savabı qazanar. Ancaq bu onların savabından heç bir şey əksiltməz. Kim zəlalətə (pis yola) dəvət edərsə, o şəxsə ona tabe olanların günahı da yazılar. Bu da onların günahlarından heç bir şey əksiltməz.”(Müslim, Elm, 6; Əbu Davud, Sünnət, 7).

Cəmiyyət halında yaşamaq məcburiyyətində olan insan oğlu cəmiyyətdə bir çox yaxşı və pis hallarla qarşılaşır. Bu səbəblə də hər bir müsəlmanın qarşılaşdığı yaxşılığı təşviq etməsi, pisliklərdən isə insanları çəkindirməsi onun dini və insani borcudur. Allah Təala Qurani-kərimdə belə buyurur: “Sizdən yaxşılığa (məruf) çağıran, xeyrli işlər görməyi əmr edən və pis əməlləri (münkər) qadağan edən bir camaat olsun! Bunlar həqiqətən nicat tapmış kimsələrdir.”(Ali-İmran 3/104) Bu ayədəki “məruf” İslam dininin yaxşı olaraq qəbul etdiyi və Allaha itaətin içində saydığı hər şeydir. “Münkər” isə bunun ziddi olub, İslamın yaxşı hesab etmədiyi, dini əmrlərə müxalif bildiyi və Allaha qarşı üsyan kimi gördüyü şeylərdir.

Hədisi-şərifdə qeyd olunan insanların dəvət olunduğu hidayət, Allahın rizasına uyğun olan bütün gözəl və xeyir işlərin adıdır. Allah Təalanın hidayəti sayılmayacaq qədər çoxdur. Qurani-kərim də müttəqilər (Allaha layiqincə təzim edənlər) üçün bir hidayət rəhbəridir. Quran insanları irşad etmək və onlara haqqı göstərmək üçün nazil olmuş bir kitabdır. Bu səbəblə də haqq ilə batili, doğru ilə yanlışı bizə Qurani-kərim öyrədir. Haqqa tabe olmaq, doğru olanı etmək bir hidayət olduğu kimi, batildən uzaq durmaq və xətanın arxasınca getməmək də hidayətin bir növüdür.

Bu hədisi-şərif bir kimsəni hidayətə dəvət etmənin və zəlalətdən uzaq durmasına vəsilə olmanın nə qədər böyük bir nemət olduğunu açıq bir şəkildə göstərməkdədir. Çünki hidayətə nail olanlar, dünya və axirət səadətini qazananlardır. Buna vasitəçilik edənlər də onlarla bərabər savab qazanırlar. Bununla birlikdə hidayətə nail olanların savabından da heç bir şey əksilmir. İnsanları zəlalətə dəvət edib onların hidayət yolundan çıxmasına səbəb olanlar da, onlar bu rəzalət içində qalıb günah işlədikləri müddətcə onların günahından öz paylarını alarlar.

Nəticə olaraq onu qeyd etmək olar ki, yaxşılıqları əmr edib, pisliklərdən çəkindirmək ən önəmli vəzifələrdəndir. Cəmiyyətin dini və əxlaqi prinsiplərə yiyələnib bu istiqamətdə irəliləməsi fərdlərin əmr bil məruf nəhyi ənil münkər əmrinə riayət etmələrindən asılıdır.

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz