“ÖMÜR BİTƏR, YOL BİTMƏZ”
Bəzi avtomobillərin arxasındammüxtəlifyazıların yazıldığınıhamımız görmüşük. Bu yazıların bəzisi, əlbəttə, çox maraqlı fikirlərdir, sözün əsl mənasında, sözün özəyini təşkil edən cümlələrdir. “Sürmə yüz, yaşa yüz!”, “Sürət məsafəni deyil, ömrü azaldır” və s. Olduqca çox gözəl ifadələrdir. İnsanın ömrünü təhlükəyə atmaması üçün əyani surətdə insanlara xəbərdarlıq edilir və bu xəbərdarlığın içində həm xahiş, həm tövsiyə, həm də nəsihət var.
Biz hər gün xəbərlərdə, qəzetlərdə, müxtəlif bölgələrdə, o cümlədən, paytaxtımızda ağır qəzaların baş verdiyini eşidirik və oxuyuruq. Bu qəza nəticəsində bir neçə nəfər öz həyatını itirir və ya ağır şəkildə yaralanır. Beləliklə, yol qəzaları baş alıb gedir. Sürücülərin də, sərnişinlərin də bütün bu yol qəzalarından xəbərləri olur. Bəzən ya avtomobillə, ya da avtobusla harasa gedəndə, birdən görürük ki, yolda tıxac var, maşınlar dayanıb, izdiham vardır. Bəli, deməli, burada qəza baş verib, sürücü də yavaş-yavaş maşını idarə edir, bütün sərnişinlər bu qəzaya çox maraqla, təəssüf hissi ilə, dəhşətlə baxırlar. Bunu hər kəs görür, sürücü də, piyada da, sərnişin də. Hamısı da “Allah kömək olsun”, “Allah qorusun” deyib öz təəssüflərini bildirirlər. Bəzi sürücülər də öz münasibətlərini bu şəkildə bildirirlər:
-Əşi, yavaş sürəydi.
-Xamdı da, şoferliyi bacarmır, ona görə.
-Maşın sürə bilmir, oturub rulun arxasında - və s... Bəzən başqa sürücülər isə belə deyirlər:
-Qəzadır da. Hər adamın başına gələ bilər. Gərək ehtiyatlı olasan.
Beləliklə, hər kəs öz münasibətini müxtəlif formada bildirir. Hər kəs qəza baş verdiyi üçün kədərlənir. Ancaq bir şeyi də nəzərdən qaçırmayaq ki, bu hal, mən deyərdim ki, bir neçə saniyə çəkir. Çünki hər gün qəza baş verir, demək olar ki, qəzanın baş vermə səbəbinin 90 %-i eynidir. Yüksək sürət. Deməli, heç kim bundan ibrət götürmür. Yəni bəzi sürücülər elə fikirləşirlər ki, onların başına bu qəza gələ bilməz. Çünki onlar nə qədər sürətlə sürsələr də, onlar avtomobili idarə etməyi bacarırlar, təhlükəli anda qəzadan qurtula bilirlər. Bəli, bu, onların özünə çox güvənmələrindən irəli gəlir. Ancaq bir şeyi də yaddan çıxarmayaq ki, qəza baş verəndə nə qədər məharətli olsan da, yenə qəzadan yaxa qurtara bilməzsən.
İbn Abbasdan soruşurlar ki, necə olur Hüdhüd quşu harada yerin altında su varsa, onu bilir, lakin yerin üstündə ovçunun qoyduğu tələni görə bilmir. Bunun səbəbi nədir? İbn Abbas (r.a) da belə cavab verir: “Əgər əcəl gəlmişsə, artıq gözlər görməz olur”. Bəli, bəzən oturduğun yerdə başına qəza gələ bilər. Bu, əlbəttə ki, biz müsəlmanların iman gətirdiyimiz qədər anlayışının nəticəsidir.
Cavan sürücülərimiz isə avtomobili olduqca sürətli idarə etməyə çox həvəskardırlar. Hətta maşını yaxşı sürdü, ya da pis sürdü fərqi yoxdur, gərək sürətli sürməlidir. Yoxsa onun dost-tanışları onu qorxaq, ya da əfəl adlandırarlar. Hünərlərini bəzən sükanın arxasında, yüksək sürətdə göstərmək istəyirlər. Amma qəza baş verəndə onlara heç bir hünər kömək etmir. Ya həyatdan köçürlər, ya da ömürlük əlil olurlar.
Cavan sürücülərimizinəksəriyyətində eyni xüsusiyyət var. Avtomobilin qabaq tərəfini qaldırmaq, şüşələrə qara pluyonka yapışdırmaq, şüşələri aşağı salıb yüksək səslə mahnı qoşmaq -hətta bu mahnı gərək bassla ola-, gözdə qara eynək və yüksək sürət. Beləliklə, özlərini mahir bir sürücü kimi göstərməkdən daha çox özlərini avtoş sürücü kimi göstərməlidirlər. Avtomobili idarə edərkən bir təhlükə ilə üz-üzə gəlib qəzadan bir təhər canını qurtaranda öz-özünə qürurlanırlar, hətta bunu özlərinə fəxr də bilirlər. Ancaq bu bir dəfə, iki dəfə olar, bir də görürsən maşın əzilib və bu “hünərli” sürücü də içində xurd-xəşil olub.
Bəli, “Ömür bitər, yol bitməz”. Olduqca çox düşüncürücü sözdür. Həqiqətən, düşünəndə görürsən ki, getdiyin yolu bitirmək istəyirsən, ancaq yol sənin ömrünü bitirir. Yollar tələsmir, insanlar tələsir. Bəli, insanlar ömür qısa olduğu üçün tələsirlər. Bəzən biz harasa gedəndə vaxta baxıb deyirik ki, hələ vaxta var, tələsməyə ehtiyac yoxdur, ancaq vaxta az qalanda dərhal cəld hərəkət etməyə başlayırıq. Deməli, yol uzundur, heç yerə tələsmir, amma bizim ömrümüz qısadır, biz tələsirik.
Bu ifadədə gizli bir həqiqət var: ömrünü gözəl sonluqla bitir. Ömrünü yarımçıq bitirmə. Onsuzda yol bitməz, yolu sürətlə bitirmək istəsən, ömrünü bitirərsən. Bu o deməkdir ki, ehtiyatlı olmaq lazımdır. Həm sürücülər, həm piyadalar, həm də sərnişinlər. Bir-birimizin həyatını əlindən almayaq. Qəza nəticəsində başqalarına da ziyan vurmayaq. Onların ölümünə səbəb olmayaq. Onları şikəst etməyək. Bir də ki, yola çıxarkən yolun da, sürdüyümüz vasitənin də sahibi olan Allahdan yardım diləmək lazımdır.
ŞƏRHLƏR