BİR AYƏ
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
أَيَحْسَبُالْإِنْسَانُأَنْيُتْرَكَسُدًى
Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!
Qiyamə surəsi, 75/36
Qurani-Kərimin yetmişbeşinci surəsi olan “Qiyamə” surəsi Məkkədə nazil olmuş və qiyamət gününün xüsusiyyətlərindən bəhs etməklə yanaşı insanın dünya həyatında işlədiyi əməllərindən məsul olaraq Allahın hüzuruna çıxarılmaqla hesaba çəkiləcəyini bildirir.
Bu ayədə, ölmüş insanların yenidən dirildilməsi, başıboş buraxılmayaraq Allahın insanlara verdiyi irili xırdalı bütün nemətlərinə, Onun inayəti ilə bəxş olunan hər cür imkanların və onların necə və harda istifadə olunduğuna dair mütləq olaraq hesab verəcəklərinə dair açıq və qəti bir bilgi verilir. İnsanın dünyaya gəlməsinin yeganə səbəbi Uca Yaradanın əmrinə və qadağalarına riayət edərək yaşam tərzini nizamlaması və əsas qayə olan axirət həyatına qovuşmasıdır.
Ölüm, insanın qəlbini saran və ondan qurtuluşun imkansız olduğu böyük bir hadisədir. Davamlı surətdə Allah tərəfindən xatırladılan qorxunc ölüm həqiqəti insanın əbədi səadətini təmin etməkdən başqa bir hədəf güdməməklə yanaşı, dünyada ikən həm bəşər övladının özünün və aid olduğu cəmiyyətin xilaskarı olmasını təlqin edir. Heç kəsin ölümdən xilas ola bilməyəcəyi, ətrafındakı insanlara da vəsilə olacaq, şəfaət edəcək və müqavimət göstərəcək yaxud da arxasında qoya biləcək bir gücə sahib olmadığı bəyan edilir. Yer üzərində təkəbbür edən, “qiyamət günü nə vaxdır?” deyən kafirlərə özlərindən əvvəlki, yəni ilk yaradılışlar xatırladılacaq. Bu xatırlatmanın qayəsi insanın ilk yaradılışdakı incəlikləri düşünməsi və qiyamət günündə dirilmə hadisəsinin təkrar meydana gələcəyinə inanmasıdır.
O gün inkar edənlər başları havada, gözləri tək bir nöqtəyə çevrilmiş sanki gipnoz olmuş kimi qaçarlar. Sadəcə Allahın istədiyi şəkildə hərəkət edib, çağrıldıqları istiqamətə doğru yönələcəklər. Allahın vəd etdiyinə görə əmin-amanlıq içərisində olan möminlərin xaricində hər kəs böyük bir qorxu içərisində olacaqlar.
Dünyada ikən iman etməmiş olanlar çaşbaş vəziyyətdə qaçarkən nə özlərinə, nə də başqalarına baxa bilərlər. O gün nə mallarına, nə oğullarına, nə də dünyaya olan ehtirasları heç bir dəyər daşımaz. Hər kəs qeyd-şərtsiz bir itaət içərisində olacaq. Tək dəyər daşıyan amil iman olacaq.
Həyatda ikən insan üçün bir dönüş nöqtəsi olacağına inandığı müəyyən bəzi hadisələr vardır. Yüksək səviyyədə təhsil alma, diplom sahibi olmaq, evlənmək, övlad sahibi olmaq kimi... Bu və bənzəri planları olan insanlar qoyduqları hədəfə nail olana qədər gün sayar, bir çox hazırlıqlar edərlər. Həyatlarında sadəcə bir hədəf vardır və bu hədəf uğruna hər cür fədakarlığı edər, yetər ki, onu əldə etsin. Hansı ki, insan hər şeydən əvvəl Allahı tanımaq və ona itaət üçün xəlq olunmuşdur. Baxmayaraq ki, özü qəbul etməsə də yeganı məqsəd bundan ibarətdir və həyatı boyunca da bu həqiqəti unutmağa çalışaraq yaşayar. Bir sözlə göz ardı edər. Bir həyat boyunca nə edərsə etsin, hansı maddi imkanlara sahib olursa olsun bütün səylərin nəticəsində gedəcəyi son mənzil Allahın hüzuruna çıxacağı andır. Bu an, hesab verəcəyi məhşər anıdır...
ŞƏRHLƏR