Peyğəmbəri unut(ma)maq

Peyğəmbəri unut(ma)maq

İslam dini Həzrət Peyğəmbər (s.ə.s) və Onun sünnələri (həyat tərzi) ilə bütünlük ərz edir. İslam dininin əsas mənbələrindən birini məhz Peyğəmbərimizin (s.ə.s) sünnələri təşkil edir. Quranı anlamaq istəyən, həqiqi mənada Allahın buyurduğu şəkildə müsəlman olmağa çalışan kimsə mütləq Onun(s.ə.s) sünnələri ilə əməl eməyə məcburdur. Çünki Allaha gedən yol Həzrət Peyğəmbərə tabe olmaqdan və Ona məhəbbət bəsləməkdən keçir.

 Uca Allah bu mənada Qurani-Kərimdə belə buyurmuşdur: “(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın...” (Ali imran, 31). Deməli,Həzrət Peyğəmbərin (s.ə.s) buyuruqlarına qulaq asmadan dini bütünlükdən söz etmək olmaz. Çünki Həzrət Peyğəmbərinhəyat tərzi Quranın əməli/tətbiqi formasıdır. Odur ki, hər bir sünnə önəmlidir və ona laqeyd qalmaq İslam bütövlüyünü pozar.

Həzrət Peyğəmbərin (s.ə.s) dünyaya təşrif buyurduğu günləri qeyd edirik bu günlərdə. Aradan əsrlər keçməsinə baxmayaraq Peyğəmbərimizə (ə.s.s) qarşı vəfa borcumuzu ən gözəl şəkildə, onun sünnələrini ehya etməklə yerinə yetirmiş olarıq. Həzrət Peyğəmbərə (s.ə.s) qarşı sevgimiz və məhəbbətimiz onun sünnələrinə qarşı göstərdiyimizi qayğı və etina dərəcəsinə bağlıdır. Ona göndərəcəyimiz hər bir salavat, Onun bizə miras buraxdığı hər bir sünnəyə əməl etməyimiz Onu şad edəcək və biz ümmətindən xoşnud olacaqdır.

Günümüzdə ən əsas problemlərdən biri də məhz sünnəyə layiqincə dəyər verməmək və həyatımıza tətbiq etməyə çalışmamaqdır. Hədislər sadəcə əzbərlənərək və öyrədilərək mühafizə edilməz, eyni zamanda o hədislərin bizə tövsiyə etdiyi hökmləri həyata keçirmək lazımdır. Aydın məsələdir ki, İslam dini tətbiqat dinidir və bir müsəlman sadəcə bildiyinə görə deyil, bildiyi ilə əməl etdiyinə görə dəyər qazanır.

 Bu yazımızda unutduğumuz bəzi sünnələri xatırlamaq və xatırlatmaq istədik. Səbəb Həzrət Peyğəmbərin bu hədisi oldu: “Hər kim məndən sonra tərk edilmiş bir sünnəni əhya edərsə, o sünnə ilə əməl edən hər kəsin savabı qədər o şəxsə savab yazılar...” (Beyhəqi). Eyni zamanda hər unudulub tərk edilmiş sünnənin yerini, heç bir dəyəri və faydası olmayan ixtiraların (bidət) əvəz edəcəyi fikri də bizi buna sövq etdi. Undulub həyatımızda yer almayan sünnələrin bəziləri belədir:

İki nəfər də olsa fərz namazlarını imamla əda etmək. Kişilərin namazlarda başlarını təkkə kimi geyimlərlə örtmələri. Günboyu dəstəmazlı olmaq və yatağa dəstəmazlı girmək. Hər dəstəmaz alanda misvakdan istifadə etmək. Dəstəmaz aldıqdan sonra qibləyə sarı dönüb su içmək.  Cümə günü qüsl almaq, ətir sürtmək  və dırnaqları kəsmək. Dua edərkən əlləri qaldırmaq. Asqıranda “Əlhəmdulilləh”-deyərək şükür etmək. Əsnəyərkən ağzını əli ilə bağlamaq. Faydalı işə başlamadan əvvəl “Bismillah” çəkmək. Borc alıb-verərkən yazmaq və şahidlər tutmaq. Paltar, ayaqqabı geyinməyə hətta bütün xeyirli işlərə sağ tərəfdən başlamaq. Ətraf mühiti təmiz saxlamaq. Suyu oturaraq və üç nəfəsə içmək. Yemək və içməyə bismillah ilə başlayıb, bitirincə “əlhəmdulillah”-deyərək Allaha şükür etmək. Az gülmək və güləndə də təbəssüm ilə gülmək. Az yemək, az yatmaq, az danışmaq. Sağ tərəfə (çiyin üzərinə) yatmaq.  Gündə iki öynə yemək yemək. Qaynar şeylər yeməmək və soyutmaq üçün yeməyə üfürməmək. Yeməkdən əvvəl və sonra əlləri yumaq. Sağ əl ilə yeyib-içmək.Ayaqyolu ehtiyaclarını oturaraq görmək.Ayaqyolunda (önü və arxası)qibləyə tərəf oturmamaq. Yatmazdan əvvəl ixlas, fələq və nas surələrini oxuyub ovuclara üfürərək bütün vücuda çəkmək. Hər gün ölümü təfəkkür etmək. Hər gün tövbə etmək. Hər gün Quran tilavət ilə məşğul olmaq. Səfər əsnasında birini “böyük” seçmək. Məşvərət etmək. Qəbirləri ziyarət etmək. Qəbir əhlinə salam vermək. Cənazə evinə yemək göndərmək. Duha, əvvabin və təhəccüd namazları qılmaq. Hər kəsə salam vermək. Sədəqə vermək. Yetimlərin başını oxşamaq...

Yuxarıda qeyd olunanlar fərqində olmadan tərk etdiyimizi gündəlik sünnələrdən bəziləridir. Hər bir insan sahib olduğu mədəniyyəti ilə qaim və daimdir. İslam mədəniyyətinin də əsli Peyğəmbərin (s.ə.s) sünnələridir. Elə isə hər bir müsəlmanın borcudur ki, sünnələrə diqqət yetirsin və onunla əməl etsin. Çünki bəzi hallarda Peyğəmbər (s.ə.s) “Kim mənim sünnəmdən üz döndərsə, bizdən deyildir” (Buxari, Müslim) buyuraraq, sünnənin önəm və əhəmiyyətinə diqqət çəkmişdir. Nicat sünnəyə tabe olmaqdadır.

Allahummə salli alə Muhamməd və alə əli Muhamməd. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz