İnternetdəİnternat Həyatı
Düşünürəm ki, hər biriniz internat həyatı yaşayan insanlarla qarşılaşmısınız. Hər zaman gözlərində həsrət, ürəklərində qübar və insanlardan uzaq olan insanlar. Ata-ana nəvazişinə həsrət, özlərini hər zaman tənha hiss edənlər. Dərdlərini deyəcək bir adəm övladı tapmayanlar və bu həyatın gözəlliklərini hiss etmədən yaşayanlar.
O insanların üzündə təbəssümü dədemək olar ki görmək qeyri-mümkündür. Dünyanın özü boyda dərdi onların gözlərində özünə məskən edib. Xəyalları da hər zaman yaşadıqları həyatları kimi zülmün qəfəsləri içində inləyir.
Hər halda bütün bu dediklərimi az da olsa indi siz də yaşayırsınız. Əvvəllər hər gün görüşdüyünüz insanlara indi ayda bir dəfə vaxt ayıra bilmirsiniz. Hər şeyi dərd edib bütün günü yorğun dolaşırsınız. Övladlarınızla vaxt keçirə bilməməyiniz onları sizdən uzaqlaşdırıb.Sosial şəbəkələrdə saxta dostluqlara aldanıb həqiqi dostlarınızdan uzaqlaşırsınız. İnsanlara qarşı sevginiz və mərhəmətiniz azalıb. Bunun bir səbəbi var o da həyatımızı internet deyilən sehirli və kifayət qədər də təhlükəli bir aləmə bağlamağınızdır.
Hələ illər öncə bir kimsəyə internat uşağı deyildiyi zaman onun çox şeylərdən məhrum olduğunu düşünürdü insanlar. Onun gələcək həyatında uğur qazanmayacağından əmin olurdu el-aləm. İndi internetə həyatlarını bağlayanlara bu şəkildə baxılır.
Hal-hazırdabu həyatı sadəcə internat evlərində olanlar deyil, internet xəstəsi olanlar da yaşayır. Artıq bu həyatı yaşayan insanları axtarmaq üçün çox zəhmətə ehtiyac yoxdur. Belə insanları ətrafımızda çox rahatlıqla görə bilərik. İnsanlardan uzaq insanlar formalaşır cəmiyyətimizdə. Canlı həyatda cansız həyatla həyatımızı canlandırmağa çalışırıq.Övladlarımızı öz əllərimizlə internetin internat həyatına yollayırıq. Bizim tərbiyəmizdən uzaq, internetdəki fərqli tərbiyələrdən öz payını alır övladlarımız.
Belə ki, internet qarşısında əyləşən şəxs saatlarının necə gəlib keçdiyini hiss belə etmir. Və bunsuz bir günün deyil, bir neçə saatının keçməsinə belə razı deyil. Halbuki həyatda ona həyatı, həyatın gözəlliklərini, sağlamlıq nemətini və bir çox saya gəlməyəcək nemətləri verən Allahına və onun üçün gecəsini gündüzünə qatmış ata-anasına belə o vaxtı xərcləmir. Yaxud da o vaxtın heç yarısını belə internetin geniş qabiliyyətindən istifadə edib elmi, dini və.s tədqiqatlara xərcləmir.
Ailələr uşaqlarını kitab oxuma kimi fərqli şeylərlə məşğul etməli və onların internet evlərinə (kafe) getməsinə mane olmalıdır. Öz evlərində internetə abunə olacaqsa, ona mütləq nəzarət etməlidirlər.
Demək, bu sahədə vəziyyət arzuolunan səviyyədə deyil. Bu şəkildə yetişən gənc və uşaqların sabah cəmiyyətə nə qədər faydalı olması sual altındandır. Amma bu, “internetdən imtina edilməsi bir zərurətdir” mənasına gəlməməlidir. Zərərli şeylər bütün dövrlərdə olmuşdur və olacaqdır. Əsas məsələ toplumun yetkinliyidir. Toplum nə qədər sağlam olarsa, cəmiyyət nə qədər dəyərlərinə, köklərinə bağlı olarsa, gənclik nə qədər düzgün istiqamətləndirilərsə, yetişdirilərsə və ali qayələri mənimsəyərsə, bu zərərli hallar da minimum səviyyəyə enər.
Mənəvi boşluq, cəmiyyətdə özünü tapa bilməmə, quru idealistlik, xəyalpərəstlik kimi xüsusiyyətlər, pessimist düşüncələr, bayağı zövqlər, iradəsizlik və s. Bu hallar xüsusilə gənclərdə müşahidə edilir. Gənc idealını, hədəfini müəyyənləşdirməkdə, dost-tanışlarla münasibət qurmaqda çətinlik çəkir, iradəsini ortaya qoya, özünü ifadə edə bilmir. Ümumiyyətlə, bu kimi neqativ hallarda gənci yetişdirən məktəb, ailə və mühitin çəkisi az deyildir. Belə gənc özünü ifadə etməyə yer axtarır. Bunun da əlverişli məkanı internet olur. Daha çox da tanışlıq saytları. Burada gəncin (qız və ya oğlan) tərəf müqabili onu yaxından tanımır, onun haqda heç nə bilmir. Beləcə gənc real həyatda tapa bilmədiyini, və ya özü ilə bağlı ifadə edə bilmədiyini internetdə tapmağa çalışır. Daha doğrusu, bu kimi xəyallarla təsəlli tapır. Artıq onunla kimsə maraqlanır, kimsə nəyisə bölüşür. O da hislərini bölüşür, amma dəyişdirərək, yalanla cilalayaraq. Çünki bu hislər, fikirlər, düşüncələr faydalı olsa idi, elə ona real həyatda fayda verərdi. Həyatda özünə yer tapa bilməyən gənc qüsurlarını düzəltmək, yaxşı vətəndaş, faydalı insan olmaq yerinə, bunun əziyyətinə qatlanmaq əvəzinə, həvəsinin əsiri olaraq internetə yönəlir.
Son olaraq onu deyim ki, insan insanlarla birgə yaşayıb, onlara faydası dəydiyi müddətcə insandır. Məhz insanların xoşbəxtliyi də başqalarını xoşbəxtliyində gizlidir. Özünə qapılmış, özünü cəmiyyətdən təcrid edib ömrünü internetin quru yollarında keçirənlər bütün bu xoşbəxtliklərdən uzaqdır. Gəlin, həyatımızı və övladlarımızın həyatını internet qarşısında internat həyatına çevirməyək...
ŞƏRHLƏR