İNTERNETİN ƏSİRİ OLMAYAQ!
XVIII əsrin sonundan etibarən baş verən iqtisadi və sosial dəyişikliklərlə müşayiət olunan sənaye inqilabı texnikanın inkişafına və insanların rifah səviyyəsinin yüksəlməsinə təkan verdi. Sürətlə inkişaf edən texnika, bir-birinə təkan verən yeni ixtiralar yavaş-yavaş insan əməyinə olan ehtiyacı azaltmağa başladı. Bəşəriyyət inkişaf mərhələlərindən keçə-keçə XXI əsrə qədəm qoydu.
Bu gün demək olar ki, bütün texniki avadanlıqların insana rəqəmsal baza əsasında xidmət etdiyinin şahidiyik. Əlbəttə ki, texnikanın bu qədər irəliləməsinin bizim üçün müsbət cəhətləri var. Bu gün sahib olduğumuz imkanlar sayəsində asanlıqla dünyanın bir ucundan o biri ucuna səyahət edə bilirik. Bir neçə saniyə ərzində internetə qoşularaq dünyanın bizə ən uzaq nöqtəsində baş verən hadisədən xəbər tuta bilir, minlərlə kilometr uzaqdakı yaxınlarımızla canlı ünsiyyət qura bilirik. İstənilən kitabı, məqaləni bir anda kompüterimizə, ağıllı telefonlarımıza və planşetimizə yükləyib oradan oxuya bilirik. Lakin gəlin görək bizə vaxt qazandıran, əldə etmək istədiyimiz məlumatla aramızdakı əngəlləri qaldıran bu texniki irəliləyiş bizə necə təsir edir? Təəssüflər olsun ki, bu gün insanların əksəriyyəti bu kimi imkanlar qarşısında tənbəlliyə qapılmaqdadır. Elmin əlçatan olması insanların nəzərində onun dəyərini itirməsi kimi qarşılanır. Minlərlə kilometri aylarla yol qət edərək getmək yerinə, aradakı məsafəni bir neçə saatda aşmaq bizi üçün zamanı dəyərsizləşdirib. Burada sadaladıqlarımız demək olar ki, hər birimizin ən ağrılı yeridir. İlk növbədə qeyd edək ki, hər bir nemət yalnız şüurlu formada istifadə edildiyi zaman bir məna ifadə edir. Şüursuz və kortəbii istifadə əlbəttə ki, insanın zərərinədir. Nə yazıq ki, ilahi nemət olan ağıl və iradəsindən istifadə etməyən insan texnologiyanın çarxları arasında sıxışıb qalmışdır. Bu gün küçələrimizdə bir saatlıq gəzinti insanların necə də robotlaşdığını, özündən uzaqlaşdığını göstərmək üçün kifayət edir.
Bir vaxtlar deyirdilər ki, kompüterlər və robotlar dünyanı istila edəcək. Bu haqda filmlər çəkilir, fantastik romanlar yazılırdı. Biz bu istilanı robotlarla insnaların müharibəsi kimi başa düşürdük. Lakin işin əsli başqa imiş. Gəlin baxaq, mobil telefonundakı saatın zəngi ilə yuxudan ayılan, səhər yeməyini televizorun qarşısında yeyən, bir tərəfdən də gələn mesajları oxuyan və cavablandıran, avtobusda, metroda vaxtdan “səmərəli” istifadə etmək üçün mobil telefonunda oyunlar oynayan, bütün gününü işdə kompüter monitoru arxasında əyləşməklə keçirən, bir tərəfdən də yanında gəzdirdiyi mobil cihazların enerjisinin tükənməməsi üçün çarələr axtaran, özü ilə elektrik avadanlıqları daşıyan insan kompüterin əsirinə çevrilib, ya yox? Bu, ən sadə misaldır. Hələ həyata rəng qatmaq, yeknəsəklikdən xilas olmaq və günün tələbləri ilə ayaqlaşmaq adına sosial şəbəkələrlə nəfəs alanları demirəm. Düşünün ki, bir-biri ilə görüşmək üçün hansısa çay evinə toplaşan dostlar içəri girən kimi məkanın “wi-fi” şifrəsini soruşurlar. Sonrasını yəqin ki, təxmin etdiniz. Söz buraya gəlmişkən bir neçə ay bundan əvvəlşahidiolduğum bir mənzərəni də siz dəyərli oxucularla paylaşmaq istəyirəm. Xətrini çox istədiyim insanların da içində olduğu bir qruplaKonyaya getmək üçün Ankaradan sürət qatarına minməli idik. Hələ qatar platformaya yaxınlaşmadan bizimkilər qatarda internetin olub olmadığını soruşdurmağa başladılar. Qatara mindik, yenə eyni həyəcanla hamı internetə girməyin, feysbuk səhifəsində hara getdiyini paylaşmağın dərdində idi. Amma o gün bizimkilərin bir çoxu Konyaya çatana qədər internetə girə bilmədi. Feysbukda hal-hazırda olduqları yeri işarə edə bilməməyin acısı o qədər böyük idi ki, sanki qatarın özünə gecikmişdilər. Onu da qeyd edim ki, bir çoxlarımız ilk dəfə saatda 250 km. sürəti olan qatara minirdik və Konyada ilk dəfə olacaqdıq. Yolları, bizim üçün tanış olmayan bir ərazinin təbiətini seyr etmək heç kimdə maraq doğurmurdu. Sanki feysbukun mavi rəngləri səmanın mavisindən daha rəngli və canlı idi. Bəli, biz insanların içində qıvrandığı acınacaqlı hallardan sadəcə biri idi.
Əslində telefon və internet rabitə vasitəsidir və insanlar arasında əlaqə qurmağa xidmət etməlidir. Bu gün isə rabitə vasitəsi olan bu imkanlar bizi yanımızdakılardan soyutmağa, dostluqları virtuallaşdırmağa sürükləyir. Təəssüflər olsun ki, zamanın tələbi adı ilə istifadə etməyə can atdığımız vasitələr,içinə daldıqca bizi yaxınlarımızdan uzaqlaşdırmağa başladı. Rəgarəng internet saytları, telefon və kompüterlərin işıqlı monitorları bizi təbiətin canlı rəngini görməkdən məhrum etdi. Yediyimiz yeməyi sosial şəbəkədə paylaşa bilməyəndə dadını almaz olduq. İnternetin yoxluğu bizim üçün kabusa çevrildi. Ən acınacaqlı hal isə ondan ibarətdir ki, ailələrdə böyüyən uşaqların tərbiyəsi ilə də internet məşğul olmağa başladı. İşdən gələn ata, ev işlərindən yorulan ana ya televizor qarşısında əyləşib serial izləməklə istirahətini dəyərləndirir, yaxud da internetdə vaxt keçirir. Belə olan təqdirdə başıboş qalan uşaqlar da valideyndən gördüklərini təkrarlamağa can atırlar. Əfsuslar olsun ki, bu gün uşaqlarımızı kimlər tərəfindən çəkildiyi bilinməyən, insanın şüuraltına işləyən gizli mesajların verildiyi cizgi filmləri tərbiyələndirir. Amanın günüdür, başı qarışsın, mənə mane olmasın məntiqi ilə televizor və internetin insafına tərk edilən uşaqlar öz milli-mənəvi kimliyimizdən biganə yetişirlər. Hər gün aldığımız intihar, zorakılıq, oğurluq, quldurluq və bu kimi kriminal xəbərlərin ən böyük müqəssiri də elə məhz sözünü etdiyimiz internet əsiri laqeyd valideynlərdir. İsra surəsinin 64-cü ayəsində şeytanın mallara və övladlara şərik olmasından söz açılır. Şeytanın hər dövrə görə forma dəyişən şərikliyi XXI əsrimizdə internet və televizor vasitəsilə gerçəkləşir. Gələcəyinin parlaq olmasını istəyiriksə, ilk növbədə virtual asılılıqdan xilas olmalı, övladlarımızı özümüz tərbiyələndirməli, həyatı real yaşamalıyıq.
Bu gün dünyada xüsusi qeyd olunan müxtəlif günlər var. Məsələn, Beynəlxalq Siqaretsiz Gün, Uşaqların Beynəlxaq Müdafiəsi Günü,Beynəlxalq Tualet Günü və s. Bu günlərə artıq yeniləri əlavə olunub: Beynəlxalq İnternetsiz Gün, Beynəlxalq Telefonsuz Gün. Bəlkə heç olmasa ildə bir dəfə, bu qeyri-adi təqvim günündə sevdiklərimizə vaxt ayıraq, həyatı olduğu kimi yaşamağa çalışaq.
ŞƏRHLƏR