Psevdosoyqırımın yubileyi ərəfəsində
Məlum olduğu kimi, bu ilin aprel ayında dünya erməniləri özlərinin dünya ictimaiyyətinə sırıya bildikləri psevdosoyqırımın 100 illiyini təntənəli şəkildə qeyd etməyə hazırlaşır.
Hal-hazırda Ermənistan rəhbərliyi bununla bağlı paytaxt Yerevanda keçiriləcək rəsmi tədbirlərə mümkün qədər çox dünyanın aparıcı ölkə liderlərinin iştirak etməsi üçün dəridən-qabıqdan çıxır.
Məsələyə qısa nəzər salsaq deyə bilərik ki, ermənilər bu məsələdə uzaq strateji məqsədləri Türkiyədən maddi təzminat qopartmaq olmuşdur ki, buna nail ola bilməmişlər. Görünür, elə bunun nəticəsidir ki, erməni “soyqırımı” məsələsi ilə bağlı Ermənistanın özündə belə alternativ fərqli fikirlər söyləyənlər az deyil. Belə ki, onlar Azərbaycan və Türkiyə ilə münasibətləri qurmağı və bu dövlətlər vasitəsilə Qərbə inteqrasiya etməyi və bunun müqabilində “soyqırım” iddiasından əl çəkməyi daha çox milli maraqlara cavab verdiyini düşünürlər.
Son iyirmi-otuz il ərzində qondarma erməni soyqırımı məsələsində ermənilərin hansı uğura nail olub-olmamalarına gəldikdə isə qısaca olaraq bunları söyləmək olar. Düzdür, ermənilər Fransa, Almaniya, Rusiya və bütövlükdə 20-yə yaxın dövlətin 1915-ci ildə baş verən hadisələri soyqırımı kimi tanıtdırmağa nail olmuşlar və bunu müəyyən mənada onların diplomatik uğuru hesab etmək olar. Amma digər tərəfdən, illərdir ki, lobbilərinin güclü olmasına baxmayaraq, ABŞ-a rəhbərlik edən partiya mənsubiyyətindən asılı olmayaraq heç bir prezident hər il 24 aprel ərəfəsində etdikləri ənənəvi çıxışlar zamanı “erməni soyqırımı” ifadəsi işlətmir, “faciə”, “qırğın” kimi sözlərdən istifadə edərək seçki zamanı səs aldıqları erməni elektoratını bir növ sakitləşdirmək istəyirlər. Bundan başqa, ermənilərin strateji məqsədlərindən biri Avropa ölkələrində psevdosoyqırımını inkara görə şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına nail olmaqdır. Bəlli olduğu kimi, yalnız bir dəfə Fransanın keçmiş prezidenti Nikola Sarkozinin dövründə Senat bununla bağlı qərar versə də, sonda ölkənin Konstitusiya Məhkəməsi bu qanunu qüvvədən salan qərar qəbul etmişdi.
Bəlli olduğu kimi, Türkiyə və Azərbaycanın rəhbərləri R.T.Ərdoğan və İ.Əliyev 24 aprel 2015-ci il tarixində Çanakkale şəhərində türk ordusunun qəhrəmancasına qələbə qazanmasının 100 illiyini birgə qeyd edəcəklər. Çanakkale döyüşünün 100 illiyinin aprelin 24-nə təyin edilməsi Türkiyə rəhbərliyinin eyni zamanda Yerevandakı tədbirlərdə iştirakdan imtinası və iki qardaş ölkənin erməni yalanına qarşı qoyduqları birgə prinsipial mövqe deməkdir.
Eyni zamanda 2009-cu ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası 50-dən artıq ölkədə uğurla həyata keçirilməkdədir. Kampaniya nəticəsində dünyanın bir sıra parlamentləri, İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Parlament İttifaqı, həmçinin ABŞ-ın 20-yə yaxın ştatı, tərəfindən Xocalı qətliamı soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanınmışdır. 2015-ci ildə isə kampaniua dünyanın müxtəlif ölkələrində “Yalanla mübarizə üçün alov yandır” (Light a Fire to Fight the Liar) devizi altında uğurlar həyata keçirilmişdir.
Fikrimizcə, erməni lobbisi bir yandan, bu ölkədə dərinləşən sosial-iqtisadi problemlərin ağırlığından, digər tərəfdən isə qondarma soyqırımının tanıtma məsələsinin mənasızlığını dərk etdikdən sonra öz fəaliyyətlərinə tam son qoymasalar da, ən azından, bu istiqamətdəki səylərini bir qədər səngidəcəklər. Bəlkə də bir zaman bu dövlətin başında elə qüvvələr duracaq ki, onlar ümumiyyətlə, soyqırımı sevdasında, eləcə də regional inkişaf naminə torpaq iddialarından belə əl çəkəcək. İndiki halda bunu ancaq arzulamaq bizə qalır.
ŞƏRHLƏR