ÇANAQQALANI ÖLÜMSÜZLƏŞDİRƏN RUH

ÇANAQQALANI ÖLÜMSÜZLƏŞDİRƏN RUH

Çanaqqala Müharibəsinin davam etdiyi günlər idi. Rumeli Məcidiyyə Batareyası düşmən gəmilərindən atılan bombalarla sükuta qərq olmuşdu. İstehkam Mövqe komandanı Cavad Paşa xəbəri alan kimi mühərrikli qayığı ilə topçu birliyinin olduğu yerə gəldi.

 Vəziyyət acınacaqlı idi. Bir topdan başqa bütün toplar istifadəsiz hala düşmüş, əsgərlərin əksəriyyəti şəhid olmuşdu. Onların bəzisi diri-diri torpağın altında qalmışdı. Yaşayanlar da yaralı idi. Paşa bir az qabaqda yerə uzanıb çətinliklə nəfəs alan əsgərə yaxınlaşdı, şəfqətlə:

- Oğlum, yaralanmısan?,- deyə soruşdu.

İgid mehmedçik vüqarla:

- Xeyr, komandir!,- dedi.

 Cavad Paşa diqqətlə baxıb yaralı əsgərin gözlərinin görmədiyini başa düşdü və:

- Oğlum, gözlərin!... qəbilindən bir neçə söz söylədi. Lakin o fədakar vətən övladı halından məmnun şəkildə belə dedi:

 - Narahat olmayın, komandir, gözlərimi görəcəklərimi gördükdən sonra itirdim...

Bu sözlərdəki ruh və şüur Paşanı ağlatdı. Çünki igid əsgərimiz “görəcəklərimi gördüm” sözü ilə ingilis zirehli gəmisi “Queen Elizabeth”in iki ağır zədə almasını qəsd edirdi.

Məhz bu ruh Çanaqqalanı ölümsüzləşdirmiş və 1914-15-ci illər Çanaqqala Müharibələrində müsəlman türk millətinə bir deyil, iki zəfəri birdən qazandırmışdı. Bu zəfərlərdən biri, düşmənə qarşı zahirən qazanılan qələbə, ikincisi isə, ruh və məna, fəzilət və fədakarlıq, din, iman və vətən sevgisi baxımından qazanılan misilsiz zəfərdir. Yuxarıdakı misalda olduğu kimi, igid əsgərin düşmən hücumuna məruz qalaraq gözlərinin kor olmasına baxmayaraq özünü düşünmədən “yaralı deyiləm” sözü könlünə hakim olanruhu açıq-aydın əks etdirir. İstiqlal şairi mərhum Mehmed Akif bu ruhu necə də gözəl ifadə edir:

Ne çelik tabyalar ister, ne siner hasmından,

Alınır kal’a mı göğsündeki kat kat iman?

Asım’ın nesli… diyordum ya… nesilmiş gerçek,

İşte çiğnetmedi namusunu çiğnetmeyecek!

Şüheda gövdesi, bir baksana dağlar, taşlar,

O rüku olmasa, dünyada eğilmez başlar...

 

Bu ifadələrə ilham qaynağı olan Çanaqqalada yazılan dastan ədiblərin ifadələrində və şairlərin şeirlərində söylədiklərindən daha ülvi və böyükdür. Çünki orada maddi gücümüz düşmənin gücü ilə müqayisədə çox az idi. Hətta əsgərlərin ayağındakı çəkmələr İstanbuldan Çanaqqalaya gedənə qədər yararsız hala gəlirdi. Bəzən atmağa barıtları qalmadığı halda misli görülməmiş mal və can fədakarlığı yaşandığı üçün zəfərə müvəffəq olurdular. Mehmetcik silah-sursat qıtlığını iman gücü ilə aradan qaldırır və nəyin bahasına olursa-olsun nəticəni öz lehinə çevirirdi. İngilis ordu komandanı General Hamiltonun:

“Bizi türklərin maddi gücü deyil, mənəvi gücü məğlub etdi. Çünki onların atacaq barıtı da qalmamışdı. Lakin biz göydən enən gücləri gözümüzlə görürdük!..” sözləri və etirafı bu həqiqəti gözlər önünə sərir.

Əlbəttə ki, bu kimi yardımlar əsgərin yüksək mənəviyyatı qarşısında Allah-Təalanın lütfü idi. Ayeyi-kərimədə buyurulan:

“Atdığın zaman sən atmadın, lakin Allah atdı” (əl-Ənfal, 17) sirrinin saysız-hesabsız təcəllilərindən biri idi.

Bu ilahi yardımı hiss edərək dilə gətirənlərdən biri də Çörçildir. Çörçil müharibədən sonra məğlubiyyətin səbəbkarı kimi məhkəmə qarşısında sorğu-sual əsnasında çətin vəziyyətdə qaldığı zaman bu etirafı etmişdir:

“Axı niyə başa düşmürsünüz, biz Çanaqqalada türklərlə yox, Allah ilə döyüşdük. Əlbəttə ki, məğlub olacaqdıq!..”

Bu da onu göstərir ki, Çanaqqalanı ölümsüzləşdirən ruha sahib olan qəhrəman ordumuz Allahın yardımına məzhər olacaq qədər yüksək keyfiyyətli qəlb daşıyırdı.

Zabitindən tutmuş sıravisinə qədər bütün ordu fədakarlıq torpağında əkilmiş toxum kim idi. O toxumlar qanla suvarılırdı. Onlar bilirdilər ki, əzəl-axır bu dünyanın da sonu gələcək, bu dünyaya tapınanların da... Obiri aləmdəkilərsə ölümsüzdürlər. Ona görə də ölümsüz olanı, yəni əbədini seçdilər. Beləliklə də Çanaqqalada sadəcə qəhrəmanlıq və cəsarət dastanı deyil, eyni zamanda sahib olduqları yüksək mənəvi səviyyənin bərəkəti ilə fəzilət dastanı yazıldı. Qəhrəman əsgərlər hələ döyüşə girmədən onun zəfər müjdələri ilə dolu röyalarını gördülər və gördüklərini gerçəkləşdirdilər. O gün Allahın lütfünə nail olaraq rahatlıq tapdılar.

Çünki qəlblərində canlarından daha əziz vətən sevgisi vardı. Bu sevgini özündə əks etdirən misilsiz bir tablo:

1915-ci il 18 martda Dəniz Hərəkatında üstün müvəffəqiyyət əldə edən Həsən-Mövquf Batareya komandanı yüzbaşı Həsən bəyin qızı dünyaya gəlmişdi. İstanbuldan Çanaqqala İstehkam Mövqe Komandanlığına teleqraf göndərildi. Teleqrafı alan Cavad Paşa atı ilə topçu batareyasına gəldi və yüzbaşı Həsən bəyə:

- Oğlum, Həsən, qızın olub, Allah atalı-analı böyütsün, icazəlisən, evə gedə bilərsən,- dedi.

Həsən bəyin verdiyi cavab sıravi əsgərindən komandirinə qədər Çanaqqala mücahidlərinin könül dünyalarını əks etdirəcək fədakarlıq duyğuları ilə dolu idi:

- Komandir, vətən daha müqəddəsdir, gedə bilmərəm. Mümkünsə xəbər verin, adını Didar qoysunlar!..

O gecə bütün topçu batareyası ilə birlikdə yüzbaşı Həsən bəy də şəhid olanlar arasında idi. Dünyaya yenicə gəlmiş qızını bir dəfə də olsun görə bilmədən gözlərini yummuş, əlini məsum əlinə toxundurmadan əlvida demişdi...

Çünki sevginin ən təbii nəticəsi fədakarlıqdır. Sevən sevdiyinə qarşı sevgisi nisbətində fədakarlıq etməyi zövq və vəzifə bilər. Bu, aşiqin məşuqu yolunda can verməsinə qədər uzanır. Can və malın Allah yolunda, vətən və millət uğrunda fəda edilməsi də qulun Rəbbinə qarşı məhəbbətinin ən gözəl təzahürüdür. Ona görə də:

“Vətən sevgisi imandandır...” buyurulmuşdur.

Hər hansı bir varlığın nə qədər sevildiyi lazım gəldikdə onun uğrunda göstərilən fədakarlıq və gözə alınan risk ilə ölçülür. Bu baxımdan Çanaqqakada yaşananlar hər cəhəti ilə müstəsna bir vətən sevgisinin ən canlı təzahürlərini sərgiləmişdir.

Həqiqətən də hər bir əsgər Hz. Peyğəmbərin mübarək dilindən çıxan:

“Cənnətə girən heç kim yer üzündəki hər şey ona verilsə də dünyaya geri qayıtmağı arzulamaz. Yalnız şəhid gördüyü möhtəşəm ehsan və ikram səbəbi ilə yenidən dünyaya gəlməyi və on dəfə şəhid olmağı arzulayar”. (Buxari, Cihad, 21; Müslim, İmarə 109)

“Hər hansı biriniz qarışqanın dişləməsindən nə qədər ağrı hiss edirsə, şəhid olan hər bir kəs də ölərkən yalnız o qədər ağrı hiss edər”. (Tirmizi, Fəzailul-Cihad, 26)

“Şəhid olmağı sidq ürəkdən arzu edən kəs şəhid olmasa da savabına nail olar”. (Müslim, İmarə, 156)

müjdələri ilə yoğrularaq şəhadət eşqi ilə dolu idilər. Şəhid ola bilmək böyük sevdaya çevrilmişdi. Xərəklə aparılan yaralı bir əsgərin komandirinin yanından keçərkən heyfslənərək:

“Şəhid ola bilmədim, Paşam!”,- deyərək hüznünü dilə gətirməsi bu sevdanın ən möhtəşəm misallarındandır.

Çünki şəhidlik Allahın qullarına xitab edərək buyurduğu “Rəbbinə dön” fərmanının ən gözəlidir və şəhidlər bu dəvətə hamıdan əvvəl nail olan bəxtiyarlardır. Bu dəvətlə bağlı Hz. Mövlana nə gözəl buyurur:

“Madam, Allah-Təala səni istəyir, başını ayaq et, Ona qaç! Onun “gəl” deməsi insanı ucaldar. Mənəvi sərxoşluq verər, nələr bəxş edər, nələr!”.

Bu dəvətə can atan şəhidlərə verilən ilk mükafat şübhəsiz ki, bu ayeyi-kərimədir:

“Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. (Ali-İmran, 169)

Məhz bu ilahi həqiqətə görə Allah yolunda öldürülənlərə “ölü” yox, “şəhid” deyilmişdir. Şəhid kəlməsinin “şahid” mənası da var. Təfsir alimlərin onların şəhid olduqları an ruhlarının cənnətə daxil oluşunu və oradakı nemətləri gördüyünü qeyd edirlər digər möminlərin ruhları isə cənnəti yalnız qiyamət qopduqdan sonra görəcəklər.

Dünya tarixinin ən əzəmətli döyüşlərindən biri olan Çanaqqala Müharibələri də düşmənin misilsiz maddi gücünə rəğmən iman gücünün Haqq yolunda maldan və candan fədakarlığın zəfər əldə etməsinin sadəcə bir misalıdır. Füzulinin dili ilə desək:

Canı canan diləmiş verməmək olmaz, ey dil,

Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim!..

-ifadələri Çanaqqalada açıq-aydın sərgilənirdi.

Qəhrəman türk əsgərlərindən Yozqatlı Həsənin saçlarını xınalayaraq Çanaqqalaya göndərən anası ona yazdığı məktubda:

“Oğlum, sən bu ailənin seçilmiş qurbanısan. Bizim kənddə qurban edilmək üçün seçilən qoyunları xınalayırlar. Mən də səni övladlarımın arasından seçərək qurban edirəm. Saçlarını ona görə xınaladım. İndidən mələklər səni rəhmətlə anacaqlar”,- yazırdı.

1915-ci ilin payız ayında sərin və yağışlı bir gündə Söyüdün Akgünlü kəndindən ağbirçək, beli bükülmüş, solğun bənizli yaşlı bir ana Biləcik dəmiryol stansiyasından oğlunu cəbhəyə yola salırdı. Onu bağrına basarkən belə deyirdi:

“Hüseynim, igid oğlum!.. Dayın Şıpkada, atan Döməkdə, böyük qardaşların Çanaqqalada şəhid düşdülər. Bax, sonuncu övladım sənsən. Əgər minarədən azan səsi kəsiləcəksə, məscidlərin qəndili sönəcəksə, südüm sənə haram olsun. Öl, amma kəndə qayıtma!

Yolun Şıpkaya düşsə, dayının ruhuna bir Fatihə oxumağı unutma! Haydı, oğul, Allah yolunu açıq etsin!..” (A. Mısıroğlu, Kuvay-ı Milliye’nin Kadın Kahramanları, İst. ts., s. 44)

Orada hər bir əsgər ölümü özünə dost bilmişdi. Ölüm də onların qarşısına bir dost kimi çıxdı. Onların ölümü könüllərindəki güllərin rəngində oldu, yəni şəhadət gülü rəngdə...

Bu hadisə nə qədər də ibrətlidir:

Çanaqqalada Anzak Korpusuna qarşı dirənən 27-ci alay ilə onlara köməyə gələn 57-ci alayın iki taboru da şəhid olmuş, lakin ölümləri bahasına anzakların hücumunu durdura bilmişdilər. Səngərlərdə əlbəyaxa döyüşləri başlamışdı. Müharibə bu minvalla davam edərkən gecə düşdü. Sağ qalan sonuncu tabor ilə ertəsi gün üçün hücum əmri alan 57-ci alay komandiri hal-hazırda məzarının olduğu Bombasırtı güney ətəklərindən aşağı baxarkən dumanlı aprel səhərində həmin ərazidə topalar halında ağartılar görür. Tabor komandirini çağırıb soruşur:

- Oğlum, bunlar nədir?

- Komandir, onlar dan yerinin sökülməsindən bir az əvvəl əmrinizlə hücuma keçəcək əsgərlərimizin alt paltarlarıdır.

Hər bir vətən övladı şəhid olmaq üçün yuyunaraq təmiz paltarlarını geyinmişdi... Məhz şəhidliyə bu cür hazırlanıb vətənə fəda olan bu təmiz igidlər Çanaqqala Korpusunun ingilis komandanı General Uilyam Birdvorda:

“Yer üzündə türk əsgəri qədər vətəni üçün gözünü qırpmadan ölən, döyüş əsnasında misligörülməmiş cəsarətlə fırtınalar əsdirən, yaralı düşmənini arxasına alaraq onu ölümdən qurtaran başqa bir əsgər görülməmişdir”,- dedirtmişdir.

Türk əsgərinin zəfər sirri bu idi. Beləliklə hər bir igid əsgər ruhunda sevda vulkanı kimi püskürən şəhadət eşqi ilə düşmən qarşısında keçilməz divar hörmüşdü. Bu hal qarşısında aciz qalan ser Soben Korbet deyir:

“Çanaqqalada bizim gəmi bombardmanımız altında böyük itkilər verlən birliklər türk olmasaydı, əsla yerində qala bilməzdi. Halbuki türklər bütün müharibə ərzində yerlərindən ayrılmadılar. Bütün tədbir və planlarımıza baxmayaraq onlar möhtəşəm qələbə qazandılar”.

Bu zəfərin bir sirri də əsgərindən tutmuş komandirinə qədər hər kəsin, hətta bütün millətin Çanaqqalada bir yumruğa dönməsi, birlik-bərabərlik halında bölünməzliyi qoruması idi. Şairin dediyi kimi “Toplu vurduqca ürəklər, onu top sindirəməz” ruhunun yaşanması idi. Yəni Çanaqqalada düşmənin önünü əslində mehmetciyin timsalında bir millətin ürəyi qarşıladı. Çünki üstlərinə gələn saysız-hesabsız düşmənin qarşısını yalnız beləliklə almaq mümkün idi. Qarşılarında kimisi aldadılaraq, kimisi özgə torpaqlarına göz dikərək gəlmiş bir çox millətdən ibarət böyük bir insan kütləsi vardı.

Müharibələr çox vaxt sərhəd bölgələrdə baş verdiyi üçün sərhəddə keşik çəkmək ən müqəddəs vəzifələrdən biri sayılmış, sülh zamanında da olsa əsgərlik vəzifəsi İslam nəzərində cihad sayılmışdır. Necə ki, bir hədisi-şərifdə buyurulur:

“Allah yolunda bir gün sərhəddə keşik çəkmək dünyadan və dünyadakı hər şeydən daha xeyirlidir”. (Buxari, Cihad, 6)

Vətəni müdafiədən məqsəd sadəcə torpaqları qorumaq deyil. Buradakı əsas məqsəd o torpaqlarda yaşayan insanların dinini, canını, malını və namusunu qorumaq, millətin fərdlərini asayiş içində yaşatmaqdır. Əlbəttə ki, bu da vətən coğrafiyası üzərində olacağı üçün vətəni müdafiə olaraq ifadə edimişdir.

Ona görə əsgərlik vəzifəsini icra edərkən vəzifə başında ölənlər Rəblərinə şəhid olaraq qovuşarlar. Şəhidin əməl dəftəri bağlanmaz, dünyada işlədiyi gözəl və xeyirli əməllərin savabı da qiyamətə qədər davam edər. Şəhid qəbirdə mələklərin suallarından və qəbir əzabından azad olar. Ancaq burada sağlam imana və cihad şüuruna sahib olmaq zərurəti var. Ona görə bütün hədislərdə “Allah yolunda” şərti var.

Bu etibarla Çanaqqala türk nəsillərə iman idealının təlimatgahına çevrilmişdir. Qazilik və şəhidlik bu millət üçün ən böyük ziyafət idi. Ölmək, şəhidliyin səadəti, yaşamaq isə qaziliyin şərəfi idi.

Qəhrəman əsgərlərimiz Çanaqqalada bu səadət və şərəfə o qədər könüldən bağlanmışdılar ki, silahları kimi imanlarına, imanları kimi də silahlarına sarılmışdılar. Belə ki, bəzi şəhidlər canlarını versələr də, silahlarını vermirdilər. Bu xüsusda Çanaqqala qəhrəmanlarından biri olan şeyx Abdullah Dağıstani həzrətlərinin paylaşdığı bu təəssürat çox ibrətlidir. O, şəxsən başından sonuna qədər Çanaqqala müharibələrində iştirak etmişdir. Ondan əvvəl könüllü olaraq Balkan Hərbində iştirak etmiş, Çanaqqaladan sonra isə Bağdad cəbhəsinə yollanmışdır. Mübaribə xatirələrində Çanaqqala ilə bağlı qeyd etdiyi bu cümlələr çox ibrətlidir:

“İngilis, fransız və italyan donanmaları ərazini bombardman etdikdən sonra quruya qoşun yeritdiyi zaman İslam əsgərləri dərhal hücum edir, dənizin içərisindəcə düşməni süngüləyib məhv edirdi. Lakin donanma uzaqdan atəş açaraq suya dalmış əsgərlərimizi şəhid edirdi. Əlində silahla ölən əsgərlərimizin silahını götürməyə çalışsam da, qətiyyən ala bilmirdim. Məcbur əlindəki silahla dəfn edirdim. Alahın hüzuruna o cür çıxmaq istəyir, silahlarını vermirdilər. Qəlbi imanla dolu olan bir çox şəhidi bu cür dəfn etdim. Əllərindəki silahı almaq mümkün olmadı. Vətənin qiymətini bilən mömin əsgər bax belə olar”.

***

Unutmamaq lazımdır ki, keçmişin bitdiyi yerdə millət bitər, insan bitər, şüur bitər. Millət tarixindən ibarətdir. Onu mənəvi dəyərlərindən və tarix şüurundan uzaqlaşdırsanız, geriyə insan sürüsü qalar. Keçmişimizin miras qoyduğu ünsürlərin zənginliyi nisbətində yeni əsərlər və yeni nəsillər canlı və davamlı olar. Millətlərin bəqası həssas, duyğulu və səviyyə qazanmış qəlbə sahib olan nəsillər yetişdirməklə mümkündür. Uşaqlarına laylasında tarixini və Çanaqqala dastanını aşılayan nəsillər imanına, millətinə və bütün maddi-mənəvi dəyərlərinə sahib çıxacaqdır.

Sultan Alparslanın Allah yolundakı cəhdlərinin bərəkəti ilə Anadolunun qapılarını açan Malazgird, Qılıncarslanın minlərlə cənginə şahid olan Anadolu ovalıqları, əcdadımızın sümükləri ilə vətən sərhədlərinin çəkildiyi Çanaqqala inkar edilməz və yaddaşlarıdan silinə bilməzsə, bu zəfərləri bəxş edən və onlarla həyat tapan milli müqəddəsat da yox edilə bilməz. Milli vicdan zədələnməz. Bu vicdanın sahibi haqqın sahibidir. Xatirələrsə onu gücləndirən amildir.

***

Xülasə, Çanaqqala barəsində söyləmək istədiyimiz son sözü istiqlal şairi mərhum Mehmed Akifin bu mənalı ifadələrinə veririk:

Bastığın yerleri toprak diyerek geçme, tanı,

Düşün altındaki binlerce kefensiz yatanı,

Sen şehîd oğlusun, incitme, yazıktık atanı,

Verme, dünyâları alsan da bu cennet vatanı!..

............

Gök kubbenin altında yatar, al kan içinde,

Ey yolcu, şu topraklar için can veren erler.

Hakk’ın bu velî kulları taş türbeye girmez,

Gufrana bürünmüş, yalınız Fatiha bekler!..

Ya Rəbb! Bizi o şanlı əcdadımıza layiq bir nəsil eylə! Müqəddəs vətənimizi düşmən tapdağı altında əzmə! Cümləmizi birlik və bərabərlik içində Sənin rizanı qazanmağa nail eylə!..

Amin…

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz