ONU DƏRK ETMƏK

ONU DƏRK ETMƏK

On dörd əsr əvvəl... Ərəbistan yarımadası... Çölün ortasında yerləşən, ticarət və ibadətin mərkəzi halına çevrilmiş kiçik bir şəhər: Məkkə. Böyük yarmarkalardan toplu ibadət mərasimlərinə kimi hər şey öz yolunda gedərkən bir nəfər çıxır və: “durun!”, - deyir.

 Alışdığı bir həyat tərzini birdən-birə dəyişmək asan deyil insanoğlu üçün. Eşitməməzliyə vururlar, üç-dörd nəfər xaric. O fərqli səs yenə də: “durun, düz yolda getmirsiniz!”, - deyir. Bu səfər bəziləri, - nə oldu buna, niyə birdən-birə belə sözlər danışmağa başladı, - deyirlər. Yenə də çoxu ona fikir vermədən öyrəşdikləri tərzdə yaşamağa davam edirlər. Buna baxmayaraq o fərqli səs susmaq fikrində deyildi: “hara gedirsiniz, sizi yaradan, yaşadan və ölümünüzdən sonra yenidən dirildəcək olan Rəbbinizi qoyub hara gedirsiniz?  “ – deyərək bütün diqqətləri üstünə çəkirdi. Bu səs təkrarlandıqca bəziləri narahat olmağa başlamışdılar. Bu səfər də, - ona qulaq asmayın, nə dediyini bilmir, - dedilər, amma baxdılar ki, qulaq asanlar çoxalır. O dəlidir, sizi düzgün yola apara bilməz, - dedilər, olmadı. Kahindir, şairdir, sizi aldadaraq mülkünüzə əl qoymaq istəyir, - dedilər, yenə də alınmadı. Ona başqa biri öyrədir, yalan danışır,  - dedilər, nə onu öyrədəni görən oldu, nə də yalan danışdığına şahidlik edən birini tapdılar. O dediyindən dönmürdü. Dedikləri gözəl sözlər idi: Rəbbinizi tanıyın, bir-birinizi incitməyin, qız uşaqlarını da sevin, yalan danışmayın, bir-birinizi aldatmayın ... Problem onun dediyi şeylərdən daha çox onu başa düşməkdə idi: niyə məhz “O”, niyə bu qədər əziyyətlərə dözüb bizi dəyişmək istəyir? Məkkəlilərin bir çoxu Onu başa düşənə qədər illərini sərf elədilər. Bəziləri də Onu başa düşmədən imansız olaraq bu dünyadan köçüb getdilər. “Rəbbim məni bir gecənin içində Məscid-i Haramdan Məscid-i Əqsaya apardı və oradan da Allahın dərgahına yüksəltdi, mənə sizin daha əvvəl görmədiyiniz, eşitmədiyini, bilmədiyiniz mülkünü göstərdi”, - deyəndə onun ağlını itirdiyini düşündülər. Amma onun həqiqətən də Allahın peyğəmbəri olduğunu başa düşənlər: “O deyirsə doğru deyir”, - deyərək ona olan sevgilərini, bağlılıqlarını bir az daha artırdılar. Üç il boyunca Məkkənin bir səmtində cəmiyyətdən təcrid olunaraq əziyyət çəkdiyi halda yenə də: “durun, mən də sizin kimi bir insanam, amma mənə Allahdan vəhy gəlir”, - deyən O son peyğəmbəri təfəkkürdən nəsibi olmayanlar əsla başa düşmədilər. Yerin-göyün yaradılması haqqında düşünməyənlər, hər il quru torpağa Allahın necə can verdiyini düşünməyənlər, yığın-yığın buludların səmada necə də rahat süzüldüyünü düşünməyənlər Onu heç vaxt başa düşmədilər. Halbuki onun hər hərəkətində məna, hər dediyi sözdə ifadə edilən dərin düşüncələr var idi.

Hicrətin altıncı ili idi. Həzrət Peyğəmbər artıq altı il idi ki, Mədinədə yaşayırdı. Bu müddət ərzində Məkkəyə heç gedə bilməmişdi. O mübarək torpaqlar üçün hamısı çox darıxırdılar. Bir gecə Peyğəmbərimiz (s.a.s)-ə Kəbəni camaat halında təvaf edəcəkləri ilham olundu.  Səhabələr bu xəbəri eşidəndə çox sevindilər. Həcc mövsümü olmadığı halda ümrə niyyətiylə hazırlaşıb 1500 nəfərlə yola çıxdılar. Haram ayları olduğu üçün bu ayda müharibə etmək qadağan idi. Buna görə də silahsız olaraq yola çıxdılar. Yanlarında Məkkədə kəsmək üçün xeyli sayıda da qurbanlıq aparırdılar. Bunu eşidən Məkkəlilər onların qarşısına silahlı dəstələr çıxartdılar və Hüdeybiyə deyilən ərazidə önlərini kəsdilər. Bu qədər düşmənçilikdən sonra onları Məkkəyə buraxsalar digər qəbilələrin qarşısında nüfuzlarının düşəcəyini düşünürdülər. Bu il heç bir şəkildə onları buraxmayacaqlarını bildirdilər. Silahsız yola düşən müsəlmanların isə onlarla vuruşmaq imkanları yox idi. Düzdür, silahsız olmalarına baxmayaraq orada son damla qanlarına qədər peyğəmbərin yanında olacaqlarına dair bir daha söz verib beyət eləsələr də, həzrət Peyğəmbər Məkkəlilərlə on illik barış müqaviləsi imzalamağı üstün tutdu. Bu ilahi bir vəhy, rəhmət dolu bir dönəmin başlanğıcı idi. Bir az əvvəl canını vermək üçün beyət edən səhabələr indi bağlanan müqavilə ilə geri qayıdacaqlarını eşidəndə bunu qəbul eləmək istəmədilər. Hətta, - sən Allahın peyğəmbəri deyilsənmi, Kəbəni bərabər ziyarət edəcəyimizi demədinmi, - deyə açıqlama istəyənlər də oldu. Onu başa düşməyə çalışırdılar. Amma gələcəyi bilən yalnız Allah, itaətlə əmr olunan isə sadəcə bir peyğəmbər idi. Həzrət peyğəmbər onlara, - Bu il olmasa da Allahın vədi mütləq gerçəkləşəcək,qurbanlıq gətirdiyiniz dəvələri buradaca kəsin, - dediyi halda heç biri yerindən tərpənmirdi. Sanki işi gecikdirərək bir ilahi vəhyin gəlməyini, işin öz istədikləri, niyyətləndikləri axarda getməyini istəyirdilər. Düzdür, Kəbəni birlikdə təvaf edəcəkdilər, amma vaxtı gələndə. Peyğəmbərin məyus olduğunu görən xanımı, Ümmü Sələmə anamız: Sən kəs, onlar da sənə baxıb kəsərlər, - dedi. Həzrət Peyğəmbər qurbanını kəsəndən sonra isə hamısı bu işi təkrarlamağa başladılar. Onu o gün başa düşmək istəməyənlər bir il sonra ümrə ziyarəti gerçəkləşəndə daha yaxşı başa düşdülər. Onun barış müqaviləsi imzalamasını zəiflik olaraq düşünənlər, iki il sonra 10 000 nəfərlə Məkkəyə döyüşsüz, çəkişməsiz və açıq bir zəfərlə həmişəlik qayıdanda daha yaxşı başa düşdülər: Çünki  “O” əsla özündən danışmazdı. Onun dedikləri yalnız ona bildirilən ilahi vəhydən ibarət idi. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz