Müsahibə - Dr. Vasif Qafarov
Çanaqqala Zəfəri mənəvi gücün maddəyə qalibiyyətidir!
İrfan:Zəhmət olmasa əvvəlcə özünüzü təqdim edin.
Vasif Qafarov: Tarix üzrə fəlsəfə doktoru, dossient. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun aparıcı elmi işçisi.Azərbaycan Respublikasının nazirlər kabineti yanında “Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupunda çalışıram.Hazırda 1918-1920-ci illərdə Azərbaycanın məruz qaldığı itki və tələfatları, soyqırımları müəyyən rəqəmlərə gətirmək üçün arxiv materialları üzərində işləyirik. Elə bilirəm ki, yaxın vaxtlarda başa çatdıracağıq. 1905-1906-cı illər, 1948-1953-cü illərdə Azərbaycanın məruz qaldığı itki və tələfatları dəyərləndirib vahid bir rəqəmə gətirəcəyik.
- Çanaqqala Müharibəsini bir neçə cümlə ilənecə xülasə edə bilərik?
- Çanaqqala əslində türk tarixinin bir şərəf nöqtəsidir. Antanta dövlətləri Türkiyəni, Osmanlı imperiyasını məğlub etmək, diz çökdürmək üçün Çanaqqala döyüşünə girmişdi. Amma Çanaqqalada bunun əksini gördülər, əsas məqsədlərinə nail ola bilmədilər.
- Çanaqqala döyüşü olmasaydı nə olardı?
- Çanaqqala döyüşü olmasaydı, və ya Çanaqqaladakı türk zəfəri olmasaydı dünya müharibəsinin taleyi tamam başqa bir səmtə gedərdi. Əslində belə deyək ki, Rusiya imperiyasında mövcud olan və yetişən həmin böhranı partlayışdan Çanaqqala xilas etdi.
- Çanaqqala döyüşləri ərəfəsində Azərbaycan-Türkiyə münasibətləri necə olub?
- Azərbaycan-Türkiyə münasibətlərində Çanaqqala iki ölkənin qardaşlıq rəmzi sayılır. Amma Çanaqqaladan əvvəl Azərbaycanla Osmanlı Türkiyəsinin eyni amal, eyni əqidə, eyni mənafe, eyni düşüncəyə malik olması və eyni məqsədlər uğrunda mübarizə aparmasının rəmzi olan başqa bir müharibə də var: Krım Müharibəsi. Çanaqqaladan əvvəl, Krım Müharibəsi dövründə Osmanlı dövlətinə ən böyük dəstəklərdən birini məhz Qafqaz müsəlmanları göstərmişdilər. Bu günə kimi tarixdə bunlar haqqında çox da yazılmayıb, o dövrlər tam aydınlaşdırılmayıb. Amma biz bu gün Osmanlı arxivlərində tədqiqat apararkən görürük ki, hələ Balkan Müharibələri dövründə Qafqaz müsəlmanlarından Osmanlı dövlətinə istər maliyə cəhətdən, istər hərbi cəhətdən xeyli dəstək verilib, buradan könüllü hərbi birliklər oraya yollanıb. Həmin dövrlərdə Balkanlarda Rusiyaya qarşı slavyan təəssübkeşliyi vardı. Təəssüflər olsun ki, Osmanlı dövlətinin əhatəsində olan müsəlman xalqları müsəlman təəssübkeşliyi sərgiləyə bilmədilər. Amma Balkan müharibəsindətürk təəssübkeşliyi müəyyən mənada rol oynadı. Həmin bu müharibədə Azərbaycan türkləri də yaxından iştirak etmişdilər. Osmanlı dövlətində, Osmanlı ordusunda vuruşan azərbaycanlılar var ki, bu gün də onların künyə bilgiləri Osmanlı arxivlərində qalmaqdadır. 1914-cü ilin noyabr ayında Birinci Dünya Müharibəsi başladıqda, Çanaqqala döyüşləri yeni-yeni qızışanda Osmanlı sultanı cihad elan etdi və bütün Türk-İslam aləmini Antantaya qarşı mübarizəyə səslədi. Kompleks şəkildə yanaşıldıqda bu cihad çağırışı istənilən nəticəni vermədi. Bununla belə, Osmanlı dövlətinin, Osmanlı sultanının cihad çağırışına müsbət yanaşıb Birinci Dünya müharibəsində Osmanlı ordularına qatılan və Osmanlı dövlətinə yardım göstərən türk müsəlmanlar da az olmadı. Ümumiyyətlə Birinci Dünya müharibəsi dövründə və Çanaqqala savaşı ərəfəsində Osmanlı dövlətinə Azərbaycanın verdiyi dəstəklə bağlı Türkiyə Cümhuriyyəti Baş Nazirliyin Osmanlı arxivində, eyni zamanda Türkiyə Cumhuriyyəti Genel Kurmay Başkanlığı arxivində xeyli müddət tədqiqatlar apardıq.Azərbaycanın Çanaqqala döyüşündə iştirakını araşdırmaq üçün Baş Nazirliyin Osmanlı arxivində Çanaqqala ilə bağlı, həmin dövrlə əlaqəli təxminən 1200-ə yaxın portfel, eyni zamanda Ataşearxivində Çanaqqala döyüşləri və bütövlükdə Birinci Dünya müharibəsi ilə bağlı bütün kataloqlar, Müdafiə Nazirliyin arxivinin 330 min şəhidin adının yer aldığı “şəhid təsbit projesi”çərçivəsində incələndi. Bu araşdırmada adbaad, İstiqlal hərbi və bundan əvvəlki dövrlər də daxil olmaqla şəhid olan əsgərlər yer alır. 330 min şəhidin adı və onların bioqrafiyası, doğum yeri, ölüm yeri və s. bütün bunları bir-bir araşdırdıq. Onların içərisində Çanaqqala döyüşündə və İstiqlal hərbində, eyni zamanda Birinci Dünya müharibəsi dövründə müxtəlif cəbhələrdə Osmanlı ordusunda savaşan azərbaycanlıların siyahısını çıxartdıq. Bundan başqa, 1914-cü ildən bu günə qədər Çanaqqala və bütövlükdə Birinci Dünya müharibəsi ilə bağlı Türkiyədə nəşr olunan bütün qəzet və jurnallar, türk dilində dərc olunan bütün elmi ədəbiyat, yəni kitab və məqalələr tam şəkildə tərəfimizdən araşdırıldı. İlkin olaraq Çanaqqala döyüşü ilə bağlı, bu döyüşdə Azərbaycanın iştirakı ilə bağlı bizim təsbit edə bildiyimiz nəticələr aşağıdakılardır:
Çanaqqala döyüşündə iştirak edən və Azərbaycan adlı məmləkətdənyola düşən 19 nəfərin adını təsbit edə bilmişik. Məsələni belə xülasə edə bilərik, Birinci Dünya müharibəsində əslində Şimali Azərbaycan Rusiyanın tərkibində idi və Rusiya İmperiyası tərəfindən azərbaycanlılar üzərində ciddi nəzarət qoyulmuşdu. Eyni zamanda Rusiya ilə Osmanlı dövləti arasında Qafqaz cəbhəsində müharibə getdiyindən həm cəbhə xətti möhkəm qorunurdu, həm də daxildə hər hansı bir üsyan, iğtişaş, qiyamın baş verməməsi üçün bütün lazımi tədbirlər görülürdü. Arxiv sənədləri sübut edir ki, bəhs olunan dövrdə bir neçə istisnai hal xaric olmaqla Qafqazdan kütləvi şəkildə Osmanlı ərazisinə köç edən olmamışdır. Hətta Osmanlı hakim dairələri gediş-gəliş əlaqələrinin olmamasından dolayı Qafqaz Müsəlmanları ərazisində cərəyan edən hadisə və proseslərdən belə bixəbər olmuşdular. Beləliklə, Osmanlı Cənubi Qafqazda gedən proseslərə müdaxilə etmək imkanına malik olmadı. Bizim gəldiyimiz nəticə budur ki, azərbaycanlılar müəyyən qədərÇanaqqala döyüşündə iştirak edə bilməyiblər. Lakinbu sayın az olması o demək deyil ki, azərbaycanlılar Birinci Dünya müharibəsində Osmanlıya kömək etməyiblər və ya Azərbaycandan Osmanlıya könüllü kimi vuruşmaq üçün keçənlər olmayıb. Əbəttə ki, müəyyən yollarla keçib könüllü vuruşanlar olub. Şimali Azərbaycanla müqayisədə isə Cənubi Azərbaycanda bu proseslər daha böyük miqyas almışdı. O zaman Qafqaz və Azərbaycandan olan könüllülərin Çanaqqala cəbhəsində deyil, Qafqaz cəbhəsində hərbi əməliyyatlara daxil edilməsi haqqında qərar qəbul edilmişdi. Qafqaz dağlarından və Cənubi Azərbaycandan gəlmiş könüllülər sözügedən bölgənin coğrafiyasını daha yaxşı tanıyırdılar. Ona görə də məhz həmin könüllülər Osmanlı tərəfindən Qafqaz cəbhəsində öz yerlərini almışdılar.Məsələn, Cənubi Azərbaycandan toplanan yeddi min nəfərlik könüllü atlı birliklər əlbəttə ki,Qafqaz cəbhəsində Osmanlı ordusuna daha yaxşı kömək edə bilərdilər, nəinki Çanaqqala kimi dəniz döyüşünün əsas rol oynadığı hərbi əməliyyatlarda. Necə ki, belə də olmuşdur.Ümumi götürəndə Birinci Dünya Müharibəsi illərindən Osmanlıya kömək üçün səfərbər olanazərbaycanlıların sayı nəinki üç min, on üç mindən də çox olar. Onlar daha çox Ərzurum, Mosul və Vandakı Osmanlı hərbi komandanlığı tərəfindən idarə olunmuş, həmin komandanlıqlara tabe idilər.
1915-ci ildə özü də Qafqaz əsilli olan Ömər Nacinin rəhbərliyində 500 nəfərlik könüllü birlik, Ruşidi bəy mufrəzəsi adı ilə arxivlərdə yer alan üç yüz könüllüdən ibarət hərbi tabur, üç yüz nəfərdən ibarət Dağıstan alayı, yenə 300 nəfərlik Şeyx Şərafəddin taburu və burada qeyd edə bilmədiyimiz bir çox könüllü birliklər həmin dövrdə Osmanlı Türkiyəsinə müxtəlif cəbhələrdə böyük dəstək olmuşdur. Cənubi Azərbaycandan Əmir Haşmətin rəhbərlik etdiyi yeddi min nəfərlik könüllü birlik var ki, Urmiyada Rusiyaya qarşı vuruşaraq burada çox ciddi dirəniş göstərmişdir. Sonrakı dövrlərdə də məsələn, Azərbaycan Cumhuriyyəti süqut etdikdən sonra Azərbaycan ordu birliklərinin bir qismi döyüşə-döyüşə Naxçıvana, oradan da İrana keçir. Təxminən 1200 nəfərlik Azərbaycan ordusunun bu əsgərləri ki, bunların arasında əlli altı zabit var idi, onlara polkovnik Nuh bəy rəhbərlik edirdi. Daha sonra onu bu vəzifədə Səməd bəy əvəz edir. Onlar İrana gələndə Türkiyəyə keçmək istədiklərini bildirirlər. İran hakimiyyət dairələri onları silahlarını vermək şərti ilə Türkiyəyə buraxacaqlarını bildirirlər. Amma Azərbaycan ordusunun əsgəri, “silahını vermiş əsgərin şərəfi tapdalanmışdır”, -deyərək bu şərti qəbul etmir və İran əsgərləri ilə döyüşə girirlər. Onlar silahlarını verməmək üçün girdikləri bu döyüşdə yaralı və itkilər verirlər. Bütün bunlara baxmayaraq Türkiyə ərazisinə gedib çıxa bilirlər. Və orada 1200 nəfərlik birliyə komandanlıq etmək polkovnik Nuh bəydən Səməd bəy Rəfiqbəyova həvalə olunur. Səməd bəy 28 yaşında idi və polkovnik rütbəsi daşıyırdı. O, Mustafa Kamal Paşa ilə şəxsən görüşən Azərbaycan zabitidir. Hətta onu komandan olaraq orduda saxlamaq istəsələr də yaşı az olduğu üçün deyirlər ki, sən “minbaşı” rütbəsi ilə xidmətə başla. Səməd bəy isə cavabında deyir ki, -mən türk ordusunda sıravi əsgər kimi də xidmət göstərməyə hazıram. 1948-ci ildə isə türk ordusunda “general” rütbəsi alır. Beləliklə türk ordusunda generallığa yüksəlmiş ilk xarici olaraq Türkiyə tarixinə düşmüşdür. Bütün bunlar bugünə kimi əldə etdiyimiz məlumatlardır. Araşdırmalar davam etdikcə, hələ açılmamış olan bəzi məxfi sənədlər açıldıqca bu say daha da arta bilər. Məsələn, bu yaxınlarda Türkiyədə şəhid təsbit projesi çərçivəsində Osmanlı ordusunda vuruşaraq şəhid düşən 284 azərbaycanlının adı açıqlanıb. Bu istiqamətdə də araşdırmalarımız davam edir. Könüllü taburlar incələndikcə bu say daha da artacaq.
- Yəqin ki, sadəcə hərbi cəhətdən deyil, sivil mənada da müəyyən yardımlar olub.
- Əlbəttə. İstər Birinci Dünya Müharibəsi zamanı, istərsə də Milli Mücadilə dövründə Azərbaycandan Türkiyəyə müxtəlif yardımlar getmişdir. Bir hadisəni sizinlə paylaşım: Nəsib bəy Yusifbəylinin atası mülkədar idi, imkanları yaxşı idi, çoxlu torpaq sahələri var idi. Atasına məktub göndərir ki, bir qədər pul ayırıb qamış alsın, onun Gəncədəki bağ evinə çəpər eləsin. Atası ona cavab yazır ki, “ay oğul, o zaman Odessada oxuyurdun, mən sənə pul göndərirdim. Gəldin məhkəmədə işlədin, mən sənə pul göndərirdim. Zaqafqaziya hökumətinin maarif naziri işlədin, yenə aldığın məvacib sənə yetmədi, mən sənə pul göndərdim. İndi ki, bizim ölkənin baş vəkilisən, baş nazirisən, yəni ki, padşahımızsan. İndi də, bağının çəpərlənməsi üçün qamış almağa məndən pul istəyirsən?”. Təsəvvür edin ki, ölkənin baş naziri mülkədar atasından pul istəyir ki, bağını çəpərlətdirsin. Amma həmin Nəsib bəy atasına bu məktubu yazdığı gün Anadolu hərəkatına dəstək vermək üçün bir milyon frank pul yardım göndərmişdi. O insanlar şəxsi maraqlarına görə, şəxsi qazanclarından ötrü sərvət əldə etmək düşüncəsi ilə yaşamırdılar. Onlar yalnız milli maraqlar, ölkə maraqları, xalq-millət maraqları üçün yaşayırdılar. Daha böyük ideallarla yaşayırdılar. Öz şəxsi işinə atasından pul istəyir, amma Türkiyədə Milli Azadlıq Hərəkatına bir milyon milyon frank pul göndərirdilər. Məhzbu fakt bu gün Azərbaycan gəncini tərbiyələndirmək üçün bir nümunə deyilmi?
- Çanaqqala keçilsəydi nə olardı?
- Birinci dünya müharibəsinin məqsədləri və nəticələri haqqında bir çox ölkələrdə cildlərlə əsərlər yazılıb. Əvvəla onu qeyd edək ki, o dövrdə Rusiya böyük bir böhran içərisində idi. Çanaqqaladan sonra Osmanlı dövlətinin paytaxtı İstanbul işğal edilməli idi. Bununla da Qara Dənizdən Suriya, Fələstinə qədər, Qafqaz cəbhəsindən Ərəbistana qədər bütün cəbhənin taleyi Antanta üçün həll edilmiş olurdu. Çanaqqala aşılsaydı müharibə 1918-ci ilə qədər davam eləməzdi. Çanaqqala aşılsaydı, Rusiya imperiyasında inqilab baş verməzdi. Rusiya qalib olan Antantanın məğlub üzvü oldu. Azərbaycanın müstəqilliyini elan eləməsi də həmin inqilabın nəticəsi idi. Dolayısıyla Azərbaycanın öz müstəqilliyini elan eləməsində də Çanaqqalanın rolu olub.
- Son olaraq nə deyərdiniz?
- Çanaqqala bir qəhrəmanlıq dastanıdır. Mənəvi gücün maddəyə qalib gəldiyi yerdir.Türk əsgərinin nəyin bahasına olursa-olsun, öz şərəfini, ləyaqətini,əqidəsini qoruma gücündə olduğunu göstərən bir tablodur Çanaqqala zəfəri.
- Vasif müəllim, vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edirik.
ŞƏRHLƏR