Zərərli Vərdişlərə Son
Bu gün siqaret, alkoqollu içkilər və bu kimi zərərli maddələr dünyada qlobal problemə çevrilmiş, hətta infeksion xəstəlik kimi geniş yayılmışdır. Ən acınacaqlısı isə odur ki, günün aktual məsələsi olan siqaret artıq qadınlar və uşaqlar tərəfindən də mənimsənəн pis vərdiş halına gəlmişdir. Bu zərərli vərdiş günü-gündən artaraq bütün cəmiyyəti öz təsirinə məruz qoymaqdadır. Gəlin görək siqaret və onun xammaddəsi olan tütünün insan orqanizmi üçün nə kimi zərərləri var.
Tütün (NİCOTİANA)- badımcan çiçəklilər fəsiləsindən birillik və çoxillik kol bitkisidir. İstiyə meyilli bu bitki və onun tərkibi bir çox maddələrdən ibarətdir: (toxumunda 30-35% yağ, yağında 10-12% karbohidratlar, 8-10% zülallar, 2-3% nikotin var) Onun yarpağından limon turşusu və nikotin sulfat alınır. Tütünün vətəni Cənubi Amerikadır. Tütün XV əsrin axırlarında Avropaya gətirilmiş və dekorativ bitki kimi becərilmişdir. 1716-cı ildə isə Ukranyada tütün plantasiyaları salınmışdır. Bu bitkinin Asiyada becərilməsi XVII-ci əsrin əvvəllərinə təsadüf edir. XVII və XVIII əsrlərdə Azərbaycana gətirilən tütün XIX əsrin 30-cu illərindən başlayaraq burada təsərrüfat sahələrindən birinə çevrilmişdir. Papirosun ilk yarandığı yer isə Rusiya olmuşdur.
Nikotin tütünün tərkibində olan ən zərərli maddədir. Təcrübə nəticəsində məlum olmuşdur ki, 5-6 damcı nikotinin itə vurulması onun ölümünə səbəb olur. Əgər bir qutu siqaretin tərkibində olan zərərli nikotin hər hansı bir insanın bədəninə birdəfəyə yeridilərsə o insan dərhal ölə bilər. Tütün yanarkən onun tüstüsündən bir çox zərərli maddələr ayrılır ki, bu da insan həyatı üçün çox təhlükəlidir.
Tərkibi bu qədər təhlükəli olan bir maddə insanın sağlamlığına nə kimi mənfi təsir edir? Bəs görəsən onun insan psixologiyasına və sosial həyat tərzinə də təsiri varmı?
İstər tütün, istər alkoqol olsun bütün bunlar bir sıra nəfəs yolları, ağciyər və s. xəstəliklər törətməklə yanaşı, insan psixologiyasına da çox mənfi təsir göstərir. Qəbul olunan bu maddə insan sağlamlığına çox ciddi təsir edir. Onun fəsadları əqli pozğunluqlara da yol açır. İlk olaraq qəbul edildikdən sonrakı təsiri yüngül və ya ağır zəhərlənmə hesab olunur. Qeyd etməliyik ki, siqaret çəkmək bəzən narkotik maddəni qəbul etmənin ilkin pilləsi olur. Bu zərərli vərdişə mübtəla olan insan çox asanlıqla narkotik maddələri də qəbul edir.
Unutmamaq lazımdır ki, insan vücudu Yaradanın ona bəxş etdiyi ən dəyərli nemətdir və hər bir kəs ona verilən bu əmanətin hesabını verəcəkdir. Peyğəmbər (s.ə.s) insan səhhətinin qorunması barədə belə buyurur: “İnsanların çoxunun dəyərləndirmədiyi iki nemət vardır ki, bunlardan biri bədənin sağlamlığı, digəri də boş vaxtdır.”
“Insan oğlu qiyamət günü dörd şeyin; ömrünün, elminin, sağlığının və malının hesabını vermədikcə Allahın hüzurundan ayrıla bilməz.” (Hədisi-şərif)
ŞƏRHLƏR