Beynəlxalq Simpoziumun Təəssüratları
Altın ne oluyor can ne oluyor
İnci mercan nedir;
Bir sevgiye harcanmadıktan,
Bir sevgiliye feda edilmedikten sonra...
M.C. Rumi
Cəlaləddin Rumunin 800 illik yubileyi ilə əlaqədar 2007-ci il Yunesko tərəfindən Ümumdünya Mövlana ili kimi elan edilmişdir.
Mövlana İslam Təsəvvüfü tarixinin ən görkəmli şəxsiyyətlərindən biridir. O, elmdə dərin biliklərə malik olması, məqsəd və fikirlərinin yüksəkliyi ilə fərqlənir. İslamı mahir bilən Mövlana mistik şair kimi məşhurdur. İran ədəbiyyatşünası professor Səid Nəfisinin qeyd etdiyi kimi “Mövlana Cəlaləddin üfüqünün genişliyi, düşüncələrinin ucalığı, ifadəsinin sadəlyi və insani keyfiyyətlərə sahib olması ilə dünyanın böyük dahiləri arasında yerini almışdır.”
Mövlananın şeirlərindəki əzəmətlilik, ucalıq, cəsarət və ahəngdarlığa digər mistik şairdə rast gəlmək mümkün deyil. Onun əsərləri Şərqdə və Qərbdə çox sayda insanın könlünü fəth etmişdir və yaşadığı dövrün tələblərinə uyğun olaraq fars dilində yazmasına baxmayaraq bu gün türk ədəbiyyatının şah əsərlərindən sayılmaqdadır. Onun İslam, hətta Xristian aləmində çox sayda sələfləri olmuşdur. Onun nəsihətləri bu gün də böyük məna kəsb edir.
Mövlananın 800 illik yubileyi ilə əlaqədar Konyada Səlcuq Universitetinin Fən-Ədəbiyyat fakültəsi və Mövlana Araşdırma və Tədqiqat Mərkəzi “Dil, Edebiyat ve Deyişbilim VII Uluslararası Sempoziumu” təşkil edirdilər. Simpoziumda Almaniya, Fransa, İtaliya, İran, İngiltərə, Azərbaycan və Türkiyənin müxtəlif bölgələrindən gəlmiş alim və tədqiqatçılar iştirak edirdi. Azərbaycanı 12 nəfərlik nümayəndə heyəti təmsil edirdi. Hər biri maraqlı çıxış və məruzələr hazırlamışdı.
Mövlananın 800 illik yubileyi ilə bağlı olaraq Konyada “Mövlana Cəlaləddin Rumi” kitabı 18 dilə tərcümə edilib çap olunmuşdur. Bu kitabın rus dilinə tərcüməsi Səadət Mürşüdova, azərbaycancaya uyğunlaşdırılması isə Telli Azundova tərəfindən həyata keçirilmişdir. Bu səbəbdən biz simpoziumda kitabın kiçik təqdimatını da təşkil etdik.
Orada olduğumuz müddətdə simpozium iştirakçıları bizi Səlcuq Universitetinin zəngin kitabxanası ilə tanış etdilər. Bununla bərabər təşkilatçılar tərəfindən dolğun və maraqlı proqram təşkil edilmişdi: tarixi yerlərin ziyarəti, tarixi abidələrlə tanışlıq, şəhərdə gəzinti.
Konya son dərəcə gözəl şəhərdir. XII-XVII əsrlərdə salınmış və məscidlərin, tarixi abidələrin çoxluğu ilə məşhurdur. Buna görə də açıq səma altında muzeyə bənzədilir. Bununla bərabər şəhərin arxitekturasını pozmayan müasir tikililər də vardır. Təkkə dağının ətəyindən Konya şəhərinə gözəl mənzərə açılır. Təşkilatçıların dəvət etdiyi “Səma Göstərisi”ndə isə iştirakçılar bir anlıq da olsa dərvişlərlə birlikdə onların sehrli aləminə qapıldılar. Ən unudulmaz anlardan biri də vaxtilə Səlcuq Sarayının Gül Bağçası olan Mövlana Muzeyinin ziyarəti idi. O, Mövlananın atasına Səlcuq sultanı Əlaəddin Keyqubad tərəfindən hədiyyə edilmişdir. 1273-cü ildə dünyasını dəyişən Mövlana burada dəfn edilmişdir. 1396-cı ildə Qübbeyi-Xadra (Yaşıl Gümbəz) adlı türbə inşa edilmişdir. Uzun müddət burada inşaat işləri aparılmış və 1926-cı ildə Muzey kompleksi kimi ziyarətçilərin istifadəsinə verilmişdir.
Muzeyə girişdə Quranın yüksəkdən oxunması üçün nəzərdə tutulan Tilavət otağı yerləşir. Növbəti otaqda Mövlana, atası, qohumları və dostları dəfn edilmişdir. Buradan dərvişlərin səma (Mövləvilikdə ayin; yerində fırlanaraq həyata keçirilir) etdiyi Səmaxanaya çıxış var. Orada Mövləvilərin və Mövlananın ən qədim əlyazma nüsxələri, o dövrün musiqi alətləri, qiymətli xalça, parçalar, geyim nümunələri, məişət əşyaları, xəttatlıq sənətindən nümunələr saxlanılır. Muzeyin məscid hissəsində qədim xalçalar, Qurani-Kərimin qiymətli əlyazmaları və başqa əsərlər nümayiş etdirilir. Kompleksin tərkibinə mətbəx, dərviş hücrələri, Şəbi-Ərus fəvvarəsi, şadırvan da daxildir. Komplek əzəməti ilə insanı heyrətə gətirir. Hər gün buranı dünyanın müxtəlif ölkələrindən, fərqli dinlərə mənsub yüzlərlə insan ziyarət edir. burada Mövlananın məşhur kəlamını xatırlamaq yerinə düşər:
Gəl, gəl, gəl
nə olursan ol yenə gəl!
İstər kafir, istər bütpərəst,
istər məcusi ol, gəl.
Bizim dərgahımız
Ümidsizlik dərgahı deyildir.
Yüz min kərə tövbəni pozmuş olsan da...
Yenə gəl!
Konyanın tarixi abidələrinin sırasına Şəms Təbrizi, Əlaəddin təpəsində yerləşən Əlaəddin məscidi, Səlcuqlar sarayının qalıqları, çay və meşələrlə əhatə olunmuş Məram bağları daxildir. Çox təəssüf ki, vaxtımızın məhdud olmasından bu abidələrlə yaxından tanış ola bilmədik.
Simpoziumun axırıncı günü iştirakçılar şəhərdən kənarda yerləşən və turizm mərkəzi sayılan Beyşehrə gəzintiyə dəvət edildilər. Beyşehrin mərkəzində yerləşən Əşrəfoğlu Məscidi Səlcuqlar dövrünə aiddir. Bu möhtəşəm tikili öz memarlıq xüsusiyyətləri ilə taxtadan və mozaikadan işlənmiş naxışlarla hər kəsi heyran edir.
Əflatun Çeşməsi – Müqəddəs Su məbədidir. Yerlə göyün əlaqəsini təcəssüm etdirən səcdəgahları simvollaşdırır. Maraqlıdır ki, kompleksin ziyarəti zamanı və demək olar ki, bütün Konyada neyin sədaları bizi müşayət edirdi.
Təşkil olunmuş simpozium bizə yeni maraqlı insanlar və türk abidələri ilə yaxından tanış olmağa imkan yaratdı. Şəhərdə bu qədər tarixi abidələrin yerləşməsi insanı daha dərin tədqiqat və araşdırmalara sövq edir.
AMEA M.Füzuli adına
Əlyazmalar İnstitutu
Türkdilli Əlyazmalar Şöbəsi
Mürşüdova Səadət
ŞƏRHLƏR