Mövlana Heyrəti

Mövlana Heyrəti

Qoca Şərq bəşər tarixi boyunca heyrətlər saça-saça irəliləyib. Dünyanın ən böyük möcüzələri onun ünvanına yazılıb.

            Cəlaləddin Rumi həzrətləri Şərqin hər yönünə azman möcüzəsidir. Türk soyunun fikir tarixində, poetik mənəvi dəyərində heç kəs ilə boy ölçüsündə müqayisəyə gəlməyəcək abidə insandır !

            Molla Cami deyir ki, Mövlana peyğəmbər deyil, amma Kitabı vardır.

            Əlbəttə, böyük mütəfəkkir şair « Kitabı vardır» deyəndə «Qurani-Kərim» bənzərində səmavi bir kitabı nəzərdə tutur. O dövr üçün bu müqayisə çox cəsarətli bir dəyərləndirmədir! Nə onda, nə indi bu səmavi möcüzə kitabı ilə qiyas ediləcək bir şey, bir nəsnə xəyala gəlməz. Amma Molla Cami çox xatircəmliklə bu müqayisəyə girişir: Mövlananın «Məsnəvi»sini səmavi Kitab kimi  dəyərləndirir. Çünki Türk soyunun və ümumiyyətlə, Şərqin bu ölməz mənəvi abidəsi başdan-başa «Qurani-Kərim»in bənzərsiz və mükəmməl təfsirindən ibarətdir: qurana geniş kütləvilik gətirib, onun müddəalarını obrazlarla işləyib, bu səmavi kitaba, az qala səmavi də dəyər qazandırmağı bacarmışdır !..

            Mövlananın buyurduğu kimi: əsl həqiqətə vaqif olmaq istəyənlərə, ilahi sirlərdən baş tapmağa qeyrət göstərənlərə «Məsnəvi» mənəvi nur saçan bir yoldur, daha doğrusu, ulduzlarla donaltılmış kəhkəşan yoludur!  «Məsnəvi»dəki hekayələr gəlişigözəl hekayəçilik deyil.  Onlar ilahi həqiqətə körpü salmaq, pəncərə açmaq üçün səmavi yolların başlanğıcıdır! Sanki bir qab dolu samanı arayıb-axtarıb içindəki o gərəkli məna dənəsini tapıb üzə çıxarmaq! Qayə o dəndədir! Rəbbimizin əmr və yasaqları o dənlərlə dəyərləndirilib dərk edilir!..

            Mövlana həzrətləri soydaş və dindaşlarına hədsiz səmimiyyətlə deyir: «Haşa! Mənim anlatdıqlarım (sadə) bir hekayə deyildir. Təfəkkür eylə: bu mənim və sənin bugünkü halımızdır…»

            Mövlana həm də öz dövrünün gündəlik halını demirdi, maddəçilik girdabında başı bəlalar çəkmiş bizim çağdaş dünyanı və çağdaş insanları  bütünlüklə nəzərdə tuturdu. Əbəs deyil ki, bu gün okeanın o tayında və Avropada Mövlana  daha çox müasir səslənir, az qala bu türk ulusunun cahanşümul irsinin mükəmməl nəşrləri ilə ciddən yarışırlar.

            Bizi özündən yeddi yüz il sonra bizə və  dünyaya tanıdan o böyük qüdrətə min kərə əhsən !!!

***

                        Mövlana bir eşq və fikir ümmanıdır !         

            Dərinliyin, fırtınanın, fırtınadan xilas ola bilmənin övliyasıdır; doğruluğun, gözəlliyin tacidarıdır! Könüllərin, sevginin və sayğının sultanıdır Mövlana! Işığın, nurun qaynağıdır Mövlana!

            Xeyli vaxt bundan əvvəl Mövlana dərgahına – Konyaya bir türkşünas qadın alim gəlmişdi. O sehrli dərgahda, Mövlana  dəyərini dilə gətirərkən həyəcanlar içində sanki bütünlüklə qərb zehniyyətinin yerinə belə etirafda bulundu: «Biz avropalılar maddənin arxasınca getdik, siz şərqlilər mənanın. Maddə bizə ölüm, qırğın gətirdi; məna sizə iman! Möhkəm saxlayın o nur dolu mənanı! Bir gün biz avropalılar qapınıza məna dilənməyə gələndə, elə eləyin ki, əlinizdə – ovcunuzda bizə verməyə məna dəyəriniz qalmış olsun!..

            Özümüzü, mənəvi dəyərlərimizi görüb qiymətləndirməyimizə nə böyük çağırış! Qərbin alabəzək,  aldadıcı zahiri görünüşünə aldanış etmədən, öz varlığına dönüb, qiymətini bilməyə  necə böyük  xeyirxahlıqla yol göstərmək!..

            Kəsəsinə desək: alçalmağa və alçaltmağa üz tutmuş dünyanı Mövlana dəyərimizlə yenidən imana-dinə qaytarmaq mümkündür! Dünya görmək və duymaq istəsə!..

***

            Mövlanadan «Eşq nədir?» - deyə soruşmuşlar.

            Çox düşünmədən cavab vermişdir:

            « - Mən ol da , gör!»

            Möhtəşəm eşq peyğəmbərinin bu sual qədər çətin sualı, heç şübhəsiz, zamanlar boyunca səslənməmişdir! «Mən ol da, gör!» - hansı qoçaq, Mövlana olmağı bacarar ki, eşqin də nə olduğunu izah etsin?!

            Eldə deyildiyi kimi, bu nataraz suala Mövlanadan ötən zaman ərzində heç bir eşq və qələm əhli tutarlı cavab verməyi bacarmamışdır!  Bundan sonra da çətin ki, bacarsınlar!

            Məhəbbət aləmində Mövlana hansı mərtəbədəydi ki,  «Mən ol da, gör!» - deyə görünməmiş qürur və toxtaqlıq göstərir?!

            Bu sualın cavabını da Cəlaləddinin özündən eşidək:

            «Eşq «mən» deyil; «sən» dedirtdirir!»

            «Eşqi seç ki, özün də seçilmiş bir insan ola biləsən!»

            «Eşqi eşqdən başqa heç nə söndürə bilməz!»

            «Eşq Dinin ta özüdür !»

            «Eşq gəldi: damarımda, dərimdə qan kəsildi; məni məndən aldı, sevgiylə doldurdu !..»

            «Eşq ilə öl ki, diri qalasan!»

            «Leylanı sevən Məcnun bənzəməz mənə: Mən aşiqəm, a dostlar, Leylanı yaradana!!!»

            «Siz şəhvətin adını eşq qoymuşsunuz. Əgər öylə olsaydı, eşşək insanların şahı sayılardı…»

            «Bir sevginin qapısı Allahla açılar ! Allahı sevən, Allahın birliyinə inanan kimsə qulluğunu sevgi ilə göstərər.»

            Hələ bu harasıdır?! Mövlanaya görə: Allah gözəldir, o səbəbdən gözəlliyi və gözəli sevir . Bəbəklərimizdən bir dünya gözəlinə boylanan biz  deyilik, Tanrının özüdür. Bizə qalan ancaq hambalçılıqdır…

            Hər kim ki, eşq ilə yanıb tutuşmayıbsa, o, uçmayan qanadsız quş kimidir…

***

Eyni üsuldan yapışıb, Mövlana Həzrətlərindən soruşsaq ki, filan mənəvi dəyər nədir ? – Yenə «Mən ol da, gör!» - deyib onun özü ilə ölçülə biləcək dəyərlər qarşısında bizi lal buraxar…

            Belə deyək ki, Mövlanaya görə «İnsan nədir?»

            Bir sufi şair  və mütəfəkkir olaraq insan müəmması Mövlana Cəlaləddin Rumini hər şeydən artıq düşündürür.

                        «Kitablardan öncə insanları oxuyaq!» deyən şair bəşər oğlunu bir xəlifətullah kimi yüksək dəyərləndirir. Ulu səlcuqlu sultanlarını belə  yaradılmışı yaradandan ötrü sevməyə çağırır.

            «Aləmdən məqsəd insandır!» - deyir.

            «Insanın bir nəfəsi bir cana dəyər!

             Ondan qopan bir qıl bir mədənə dəyər»

            «Səndə bir heyvan, bir şeytan, bir də rəhman sifəti var… - Hansından sayılarsansa, məhşər günü ona qatılarsan…»

«Ey qardaşım! Sən fikirdən və düşüncədən ibarətsən. Sənin insanlığın bunlardan ibarətdir. Bundan geri qalan sümük və damardır ki, onlar heyvanlarda da var.»

            Insan müəmmasını dərindən öyrəndiyindəndir ki, fikrini belə tamamlayır:

            «Insanın yarısı ayıbdandır, yarısı qeybdən!» Yəni insan Rəbbimiz tərəfindən ona verilmiş mənəvi dəyərin qədr-qiymətini bilməlidir! Mövlana çox üzüntüylə deyir: «Sən dünyaya sadəcə məzarlıqdakı qurdlara yem olacaq bədənini bəsləmək üçün gəlmədin. Bir gün də hikmət çayırında gəz-dolan ki, könlün sevinsin ! Sən dəyərinlə və düşüncənlə iki aləmə bədəlsən! Amma öz qiymətini, neyləyim ki, bilmirsən…»

            Mövlana insanların qovğasını çocuqların qovğasına bənzədir: hamısı da anlamsız və yersiz. Nə qədər yerində olaraq bu didişmələri amansızlıqla qamçılayır:

            «Heç bir mal Sizin deyil ki, nəyi bölüşə bilmirsiniz?!»

            «Heç bir can sizin deyil ki, nə deyə döyüşürsünüz?»

            Bir gün Mövlana qızı Məlikə  Xatunun öz cariyəsinə bozardığını görür. Dərhal qızına qarşı çıxır:

            - Cariyəni nə haqla incidirsən?! – deyir – o, xanım, sən isə cariyə olsaydın, onda neylərdin bəs?! İstərsənmi, bütün dünyada Allahdan başqa heç bir kimsənin kölə və cariyəsi yoxdur! – deyə fitva verim?! Əslində, kölə və cariyələrin hamısı bizim qardaş-bacılarımızdırlar!

            Mövlananın qızı xətasını anladı, əfv dilədi və cariyəsini azad etdi. Üst-başında pal-paltar nə vardısa, hamısını soyunub ona geyindirdi. Ömrü boyunca kölə və cariyələrə qarşı peyğəmbər buyruğuna uyğun nəzakət göstərdi.

            Mövlana insan oğluna onun mayası nöqteyi-nəzərdən dəyər verməyə çağırır: «İnsanın xəmiri torpaqdandır. Əgər insan torpaq kimi alçaqkönüllü olmasa, insan deyildir! Başqa sözlə, insan mayası olan torpaq kimi yaşıllığı ilə eybəcərlikləri, çirkinlikləri, örtməyi özünə qayə etməlidir!». « Yüksəlmək dilərdim, - deyir, onu alçaqkönüllükdə tapdım!..». «Məğrur olma; şükredici, alçaqkönüllü ol! Yəni şeytan kimi ancaq özünü görmə!»

            Mövlana Cəlaləddin Rumi Həzrətləri yüksək sufi görüşlərini, təkrarsız mübarək kəlamlarını qeyri-adi obrazlarla ifadə etdiyindəndir ki, Onun mənəvi təlimi bütün zamanlar üçün orijinallığını hifz edə bilmişdir.

            Mövlanadan sadə görünəcək bir fikir örnəyi:

            Bəllidir ki: sehr və falaçma kimi hallar dinimizcə haram sayılır. Bu yasaqdan Mövlana  Həzrətləri, görün, necə yararlanır: Şeir nədir? – sualına mütəfəkkir şairin cavabı: - «Şeir halal olan bir sehrdir!!!»

            Şeir boy göstərib dünyaya gələndən bəri  onun nə olub-nə olmadığı bir mübahisə mövzusu olaraq bu gün də dartışılır və təminedici bir nəticəyə doğru insan ağlı və zövqü məna atını mahmızlamaqda davam edir.

            Şeir, doğrudan da sehrdir. Əsl şairin şeiri yoxdan camal göstərdiyi üçün sehrdir!.. İlahi gerçəkliyin təntənəsinə can atdığı üçün sehrdir.

            Sözün özü sehrdir! O da ola bədii söz!

            Sözün müstəqim mənası haqqında Mövlananın örnək görüşləri:

            «Söz Aləmi yaxar, ölmüş tülküləri Aslana çevirər!.. Ey dil, sən həm ucsuz-bucaqsız bir xəzinəsən; həm şəfası olmayan bir xəstəliksən. Düşünmədən söyləyən – nişan olmadan atan ovçuya bənzər…»

            Mövlana deyir ki, söz əhlisənsə, Sözə sükut qapısından gir !

            Nə yazıq ki, bizim dövrümüzdə bu, çox çətindir.

            Söz qabıqdır, içindəki məna candır! Zəmanəmiz sözün içini amansızlıqla boşaltmaqla məşğuldur…

            Bu fikri dolayısı ilə aşkarlayacaq bir Mövlana kəlamı:

            «Kisə» ilə dağarcığın dəyər fərqi içindəki altınla ölçülür. Kisənin içində altın olmasa, dağarcıqdan nə fərqi?!»

            Mövlanadan daha bir heyrətli təşbeh: «Neçə insan gördük: üzərində əlbisə yox!.. Neçə əlbisə gördük: içində insan yox…»

            Mövlananın duyğusunca təşbehi bir az da dərinləşdirə bilərik: «Əgər insanlıq şəkildən ibarət olsaydı, Həzrət Peyğəmbər ilə Əbu Cəhlin arasında fərq qalmazdı…»

            Mövlana ürəklərin dərinliyinə işləyən buna bənzər mübarək sözləri varlığına mərtəbə eyləyib, onun üzərində dünyanın fövqünə yüksəlmiş bir dəyər abidəmizdir. Buradan dünyaya boylanmaq nə böyük bəxtəvərlikdir!

***

            Bir xatirəyə, bir mənəvi dəyərə söykənib yaşamaq insana yüngülqədəmlik gətirər, ömrü mənalandırar. Əgər bu istinadgaha bütünlüklə bir qövm, bir millət söykənə bilirsə, o qüdrətə də eşq olsun, o fəxarəti yaşayan və  yaşadan qövmə də!

            Mövlana boyda bir mənəvi  abidənin yetişməsində Azərbaycan türkünün ulularından olan Məhəmməd Şəms Təbrizinin əvəzsiz xidmətinə görə bizim əbədi fəxarətimiz olmalıdır! Belə bir dostluğun mislini nə qoca Şərq gördü, nə ümumiyyətlə bəşər!

            Kaş Şəms Təbrizinin zəhmətinin bəhrəsini Cəlaləddin Rumi qiymətləndirdiyinin  yüzdə biri qədər də biz anlayışlı olaydıq! Mövlana, işə baxın ki, abidə kitabı sayılan «Divani-Kəbir»i bütünlüklə Şəms Təbriziyə ithaf etmişdir. Qədirşünaslığın beləsini tarixin bir daha görmədiyini min dəfə təkrar etsək, yenə azdır!..

***

            Mövlana haqqında bu duyğulanmalırımın sonuna Onun əzəmətini gözlər qarşısında qabarıq sərgiləmək məqsədilə mütəfəkkir şairin poetik nəfəsindən əbədi parlaq qalacaq söz örnəkləri əlavə etmək könlümdən keçdi:

 

Eyibsiz dost gəzən dostsuz qalar.

*

Insan dilinin altında gizlidir.

*

Qəm nəşənin kölgəsidir!

*

Qarğalar oxumağa başlayınca, bülbüllər susar.

*

İnsan ədəbdən ibarətdir!

*

Mən həm görənəm, həm görməyən: yuxudakı göz kimi.

*

Həm hərəkətdəyəm, həm sükunətdə: üzəngidəki ayaq kimi.

*

Özünü kəşf etməyən heç nəyi kəşf edə bilməz

*

Üzün ifadəsi ürəklərin casusudur.

*

Insan kiçik bir dünyadır; Dünya böyük bir insandır !

*

Sual da bilikdən doğur, cavabı da.

*

Ört ki: sənin də ayıbını örtsünlər.

*

Insanın da qanadı var (qeyrəti varsa)

*

Köpəyin ağzı dəyməklə dəniz murdar olmaz.

*

Söz deyən sudur, dinləyən – un: elə qaydasında

su ver ki, un yoğrulsun !..

*

Öncə siçana bir çarə qıl, sonra buğdanı topla.

*

Ancaq fikirdir varlığın, Qalanı sümük və ətdir bir yığın…

*

Cahil adamın yanında kitab kimi səssiz ol!

*

Ölüm ruhun bir başqa aləmdə doğması hadisəsidir.

 *

Yaramaz kimsələrin öyülməsi ərşi titrədər.

*

Ölümümüzdən sonra məzarımızı yerdə arama:

Ariflərin könülləridir məzarımız bizim!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz